Hamilə arvadı boşamaq olarmı?


16:27     25 Yanvar 2017 2018/05/oguz-altay1_1526398333.jpg


Bu dəfə araşdırdığımız mövzu hamilə qadınların boşaması prosesi ilə bağlıdır.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.

Yəni ər nigahın pozulmasını arzulayırsa, arvadın razılığını almalıdır. Arvad isə həmin müddət ərzində ərinin razılığını almadan nigahın pozulmasını tələb edə bilər.

Bu qayda uşağın ölü doğulduğu və ya bir yaşına çatanadək öldüyü hallara da şamil olunur. Qanunun tələbinə görə arvadın razılığı olmadan onun hamiləliyi dövründə ər nikaha xitam verilməsi barədə iddia qaldırdığı halda onun ərizəsi məhkəmə tərəfindən qəbul edilməməli, hamiləlik iddia ərizəsinin icraata qəbul edilməsindən sonra müəyyən edildiyi halda isə işin icraatına xitam verilməlidir.

Qeyd edək ki, qanunun bu məhdudlaşdırıcı göstərişi ayrı-seçkilik deyil. Bu ana və uşağın hüquqlarının qorunmasına xidmət edir və eyni zamanda analığa verilən yüksək insani dəyərdir.




Oğuz Altay
Femida.az

Açar sözlər:

Oxunub: 5069