“Azercell” istifadə edilməyən nömrələrə borc yazır” - MÜSAHİBƏ


14:41     30 İyul 2015 image17453356_2f41a28b2cd1f745dc684584a1a4d676.jpg

“Azərbaycanda pişiyinə qızıl diş qoyanı aldadıblar, başqa bir metal qoyublar”.


Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Qeyri-hökumət təşkilatının rəhbəri vətəndaşların onlara ünvanladığı şikayətlərlə bağlı bir sıra məsələlərə aydınlıq gətirib.

- Qeyri-adi şikayətlərlə qarşılaşırsınızmı?

- Hərdən maraqlı şikayətlərlə də qarşılaşırıq. 40 yaşında bir kişi bizə müraciət edib Bakıdan 1000 manata it aldığı bildirdi. 3 ay saxlayandan sonra itin ayaqları əyilib. Məni aldadıblar. İti Moskvada əməliyyat etdirmək üçün 2000 manat lazımdır. Biz iti geri qaytarmaq üçün müraciət etsək də, şəxs bununla razılaşmadı və itin əməliyyat xərcinin ödənilməsini tələb etdi. Onlar isə əməliyyat xərcini ödəməkdən imtina etdilər. Proses bir qədər uzanandan sonra məlum oldu ki, evdə döşəmə parketdən olduğu üçün itin ayağı sürüşüb və yeriyə bilməyib. Vətəndaş buna görə evin döşəməsini dəyişməyə məcbur oldu. Daha sonra itin ayaqları düzəldi.

Başqa maraqli bir hadisə isə pişiklə bağlıdır. Vətəndaş pişiyinə qızıldan diş qoydurub. Lakin sonradan məlum olub ki, diş qızıl deyil, başqa bir metal olub. Bizə müraciət edəndən sonra pişiyin dişini dəyişdirtdirib bu dəfə həqiqi qızıl etdirdik.

“Salonda bahalı köynəyinə saç boyası düşən xanıma dəyən zərər 3 ilə ödəndi”

Bir xanım isə saçını rənglətdirərkən onun bahalı köynəyinə saç boyası düşmüşdü. 3 illik məhkəmə prosesindən sonra saç ustası xanıma dəymiş zərəri ödədi. Salonda başqa bir xanımın saçını yandırmışdılar. Onun da müalicə olunmasını təmin etdik. Bizə müraciət edənlər arasında hətta Konstitusiya məhkəməsinin hakimi, xarici ölkə səfirləri də olub. Məsələn, səfirin həyat yoldaşının dublyonkasını kimyəvi təmizləmə məntəqisində yararsız hala salmışdılar.

“Sığorta ödənişi vermirlər, az ödəniş edirlər və avtomobilə saxta ehtiyat hissəsi qoyurlar”

- Sığorta şirkətləri ilə bağlı şikayətlər varmı?

- Bəli, sığorta hadisələri ilə bağlı da, şikayətlər ünvanlanır. Vətəndaşlar əsasən avtomobil sığortasından narazıdırlar. Məsələn, bu yaxınlarda bir vətəndaş avtomobilin kefiyyətsiz təmir edildiyinə görə bizə müraciət etmişdi. Sığorta şirkətinin əməkdaşlıq etdiyi rəsmi servis avtomobili kefiyyətsiz rəngləyib. Bundan əlavə sığorta şirkətlərinin ödənişdən yayınması, az ödəniş etməsi, saxta ehtiyat hissəsi qoyması ilə bağlı şikayətlər də daxil olur. İlin əvvəlindən indiyə qədər 3 sığorta şikayəti daxil olub.

- Bölgələrdə hüquqları pozulan istehlakçılar müraciət edirlərmi?

- Asiya İnkişaf Bankı ilə “Azərsu” ASC kanalizasiya qurğularının dəyişdirlməsi ilə bağlı layihə həyata keçirmişdi. Bu zaman evlərə və hasarlara ziyan dəyməsi ilə əlaqədar Beyləqandan 8, Ağdaşdan 6 şikayət olmuşdu. Asiya İnkişaf Bankının rəhbərliyi ilə görüşdük. Daha sonra məsələ öz həllini tapdı. Bundan əlavə Şəmkirdən mobil telefon, Mingəçevirdən isə kreditlə alınan mebellə bağlı şikayət ünvanlanmışdı. Ümumilikdə regionlardan ünvanlanan şikayətlər çox azdır.

“Azərcell” istifadə edilməyən nömrələrə borc yazır”

- Mobil operatorlarla bağlı şikayətlər nədən ibarətdir?

- Mobil operatorlarla bağlı da şikayətlər olur. Məsələn, 2 nəfər “Azərcell”in pulsuz payladığı nömrələrdən şikayət etmişdi. Şirkətin nümayəndəsi aptekdə mobil nömrələri pulsuz paylamışdı. Bir müddət keçəndən sonra vətəndaşların istifadə etmədiyi işləməyən nömrələrə borc yazıldığı haqqında məlumat daxil olmuşdu. Sabirabad rayonundan Sənubər Həsənova 8228-ə sms göndərməklə 450 manat pul xərclədiyini bildirmişdi. Mobil operatora müraciət etdikdən sonra ona yalnız Bakıdan məişət malı alarkən cəmi 10 manat endirim edilib. Ümumiyyətlə, minlərlə insanı sms xəstəliyinə tutdurub pul qazanırlar.

“Ardıcıl şikayətlər kommunal xidmətlərlə bağlıdır”

- Vətəndaşlar əsasən nədən şikayətlənirlər?

- İstehlakçıların hüquqlarını qoruduğumuz üçün şikayətlər əsasən biznes qurumları ilə bağlı olur. Vətəndaş aldığı malın və istifadə etdiyi xidmətin keyfiyyətindən narazıdırsa, bizə müraciət edir. Bir il ərzində minə yaxın yazılı şikayət daxil olur. Ən çox şikayətlər mobil telefon və kompüterlərin standarta uyğun olmaması ilə əlaqədar ünvanlanır. İstehlakçının 14 gün ərzində tələbatını ödəməyən malı dəyişmək, uyğun mal olmadıqda isə qaytarmaq hüququ var. Amma bəzi qurumlar malları dəyişmir və geri götürmürlər. Ardıcıl şikayətlər əsasən kommunal xidmətlərlə bağlıdır. Çünki Azərbaycanda kommunal xidmət göstərən müəssisələr təbii inhisarçılardır. Onlar istehlakçıya öz şərtlərini diqtə edirlər. İşıq, su və qazla bağlı istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar şikayətlər olur. Ümumiyyətlə istehlakçıların hüquqlarının pozulması çeşidləri çoxdur.

- Belə olan halda üzrə hansı dövlət qurumlarına müraciət edirsiniz?

- Azad İstehlakçılar Birliyinə ünvanlanan şikayətlərin 80 %-i mediasiya, yəni danışıq yolu ilə istehlakçının xeyrinə həllini tapır. Şikayətlərin 15%-i həllini tapması üçün dövlət qurumlarına, yəni əsas partnyorumuz olan İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, əgər kassa çeki verilməyibsə Vergilər Nazirliyinə göndərilir. Dövlət qurumlarına ünvanlanan şikayətlərin 75%-i həlli tapır. Ümumi şikayətlərin 5 %-də isə istehlakçılar haqsız olur. Buna istehlakçı ekstimizmi deyirlər. Şikayətlərin həllini tapması üçün bəzi hallarda məhkəməyə də müraciət edirik. Məhkəmə iddialarında da 80% hallarda istehlakçı hüquqları qorunur.

- Vətəndaşların haqsız şikayətləri əsasən nə ilə bağlı olur?

- Məsələn vətəndaş Londanda brend mağazalar şəbəkəsindən hər hansı bir mal alıb. Bu mal yararsız çıxıb. İstehlakçı tələb edir ki, şəbəkənin buradakı mağazası yararsız məhsulu geri alsın. Sonra məlum olur ki, bu məhsul Dubaydan gətirilmədir. Və yaxud 14 gün müddəti bitməsə də, vətəndaş aldığı ayaqqabını geyinib sıradan çıxarıb və qaytarmaq istəyir. Ancaq bu mümkün deyil, çünki məhsul geri qaytarılan zaman əvvəlki keyfiyyətdə olmalıdır. Bəzən isə 1-2 ay istifadə edilən kompüter sıradan çıxır. İstehlakçı tələb edir ki, kompüteri qaytarın.

Açar sözlər:

Oxunub: 3376