Erkən nikahlardan doğulan uşaqların sayı açıqlandı


18:49     26 Yanvar 2017 usaq2.jpg

“Hər il Azərbaycanda qeydə alınan erkən nikahlardan 2000-dən çox uşaq doğulur”.


Femida.az xəbər veri ki, bunu APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, digər ölkələrdə olduğu kimi Azərbaycanda da erkən nikahlarla bağlı problemlər var: “Bu sahədə aparılan işlər erkən nikahların sayının qat-qat azalmasına səbəb olub. Məsələn, illər öncə təxminən hər il ölkəmizdə 2500-2800 erkən nikah qeydə alınırdısa, bu gün bu rəqəmlər 400-500 civarındadır. Erkən nikahlardan doğulan uşaqların sayı isə 3200-3500-dən 2000-ə düşüb”.

E. Səfərov bildirib ki, Dövlət Komitəsində reabilitasiya proqramlarının aparılması ilə bağlı mütəmadi işlər görülür: “Dövlət komitəsi və digər dövlət qurumları tərəfindən, xüsusilə də yerli icra hakimiyyətləri tərəfindən preventiv tədbirlər çərçivəsində psixoloji yardımlar, hüquqi yardımlar keçirilir. Eyni zamanda, yerli icra hakimiyyəti orqanlarının məişət zorakılığı ilə əlaqəli monitorinq komissiyaları tərəfindən erkən nikahların qeydiyyatı aparılır və mütəmadi olaraq nəzarətdə saxlanılır, erkən nikahın qeydə alındığı ailələrə daha çox xüsusi şərtlər daxilində dəstək göstərilir. Qız əgər özü razılaşıb birgəyaşayışa daxil olubsa, onun təhsilinin davam etdirilməsi və digər sahələrdə təminatın yaradılması ilə bağlı işlər görülür. Erkən nikaha məcbur etmə faktı birbaşa cinayət məsuliyyəti yaradır. Əgər 16-17 yaşında qız erkən nikaha məcbur edilirsə, o artıq qurban hesab olunur. Qanunvericiliyə görə nikah yaşı 18-dir. Nikah yaşının 1 yaş azaldılması yalnız yerli icra hakimiyyətlərinin arayışı və xüsusi hallarda olur. Bu da uşağın dünyaya gəlməsi gözlənilərkən və s. səbəblərə görə baş verir. Hazırda Dövlət Komitəsi tərəfindən uşaq məlumat bankı və məişət zorakılığının qarşısının alınması ilə bağlı məlumat bankı yaradılıb. Elektron məlumat bankının yaradılması istiqamətində isə işlər davam etdirilir”.

Şöbə müdiri qeyd edib ki, erkən nikahlara qarşı maarifləndirmə tədbirləri bundan sonra da davam etdiriləcək: “Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyada mütəmadi olaraq erkən nikahlarla bağlı problemlər qaldırılır və problemlər öz həllini tapır”.

Femida.az

Açar sözlər:

Oxunub: 804