`Ermənilər təkcə Şuşamızı yox, uşaqlığımızı da əlimizdən aldı` - Hollandiyada yaşayan şuşalı ilə müsahibə


17:28     01 Fevral 2017 xatire%20x%20esas.jpg

Femida.az -ın müsahibi əslən Şuşadan olan, hazırda Hollandiyada yaşayan həmyerlimiz, diaspor fəalı, jurnalist Xatirə Abdullazadədir.


Müsahiblə qısa tanışlıq.

- Abdullazadə Xatirə Sərdar qızı 1980-ci ildə Azərbaycan Respublikasının Şuşa şəhərində anadan olub. Atası ixtisasca mühəndis, anası müəllimə olan Xatirə Abdullazadə evin tək övladıdır. Ailəlidir. Yeddi yaşlı Sara qızı, doqquz yaşında Tommy adlı oğlu var. Hazırda Hollandiyada yaşayır.


- Xatirə xanım, Şuşada keçən uşaqlığınızdan danışaq.

- Uşaqlıq illərim deyəndə Şuşa , Şuşa deyəndə uşaqlıq illərim yadıma düşür. Mən və mənim kimi bir çox həmyaşıdlarım uşaqlığımızı da Şuşada qoyub gəldik. Cıdır düzü, məktəbimiz hamısı əlimizdən alındı. Ermənilər bizdən təkcə Şuşamızı yox, həm də uşaqlığımızı aldılar. 12 yaşıma qədər Şuşada böyümüşəm, orada birinci sinifə getmişəm, ilk dostlarım Şuşada olub. Şuşada nənəm, babam vardı. Bir uşaq üçün lazım olan hər şey Şuşada idi. Bir sözlə Şuşa mənim üçün çox özəl bir yer idi.





( Şuşada - Cıdır düzündə çəkilən foto)



- Şuşada erməni qonşularınız var idi? Münasibətləriniz necə idi?

- Yox, mənim yadıma gəlmir erməni qonşularımız. Ermənilər əvvəllər anamgilin qonşuları olub və onlarla da çox normal münasibətdə yaşayıb hamı. 1988-ci ildə Ermənistanda yaşayan azərbaycanlıları ermənilər zorla evlərindən, yurd-yuvalarından qovduqdan sonra Şuşada yaşayan ermənilər çıxıb getdilər. O vaxtları çox yaxşı xatırlamıram. Mənim xatırladığım daha çox azərbaycanlılarla ailə həyatı qurmuş ermənilər idi. Onlarla da heç vaxt problemimiz olmamışdı.


- Şuşa ilə necə vidalaşdınız? Necə xatırlayırsınız həmin günü ?

- Şuşa ilə 12 yaşımda vidalaşdım. O vaxt yəni 1992-ci ilin fevralında babam rəhmətə getmişdi. Həmin ilin fevralın 26- da ermənilər tərəfindən Xocalı Soyqırımı törədildi. Həmin vaxt biz Şuşada idik. O dəhşətli gecəni səhəri gün eşitdik. Dedilər ki, Xocalıda insanları qırıblar. Əslində Şuşada son illər hər gecə eyni idi. Gecələri ermənilər Topxana meşəsindən Şuşanı atəşə tuturdular. Biz də hər gecəni zirzəmidə keçiridik. Xocalı Soyqırımı olan gecə isə fərqli oldu. Şuşaya o gece bir güllə belə atılmadı və biz aylardan sonra ilk dəfə gecəni evlərimizdə keçirdik. Aylar sonra o gecə üşümədən yatdım. Çünki Şuşaya atılan o topun, alazanın və qrad raketinin səsini eşidən kimi qorxudan üşüyürdüm. O qorxu və o qorxarkən üşümə hissi mənə o illərdən miras qaldı. O vaxtlar informasiya blokadası var idi. Dəqiq nə baş verdiyini bilmək üçün bəzən bir həftə vaxt lazım olurdu. Hər ağızdan bir söz eşidirdik. Bildiyimiz tək şey Xocalının yerlə yeksan edildiyi xəbəri idi. Qızların, qadınların və uşaqların əsir götürüldüyünü deyirdilər. Atam bizə yeni, anama , mənə və xalama “ artıq burada qala bilməzsiniz,” dedi. Çünki Xocalı Soyqırımının törədilməsi ermənilərin niyyətindən xəbər verirdi. Babamın 40-nın çıxmasını gözləmədən belə atam bizi Bakıya gətirdi. Çünki o vaxt ölümdən də dəhşətli əsir düşmək qorxusu idi. O gediş əslində Şuşadan son gedişim oldu. Nənəm Xavər xanım və atam mayın 8 -dən 9 -a keçən gecə Şuşadan çıxdılar. Onlardan Şuşa alınandan 1 hətə sonra xəbər ala bildik. Onlar əvvəl piyada Laçına sonra isə Ağdama günlər sonra gəlib çıxa bilmişdilər.


Geri dönəcəyimizə inansaq da, 25 ildir, hələ o gün gəlməyib. Amma o günün yaxında olduğunu hiss edirəm.





(Şuşada 4 nömrəli orta məktəbdə çəkilən foto)



- Erməni işğalı nəticəsində doğma yurdunuzdan ayrı düşdükdən sonrakı həyatınızdan danışaq.


- O vaxt atam bizi Bakıya gətirdi. Xalam univetsitetdə oxuduğu üçün onun 7-ci mikrorayonda yaşadığı evdə qaldıq. Bir anda bütün həyatım dəyişmişdi. Nə gedə biləcəyim bir məktəbim, nə sinif yoldaşlarım, nə də dostlarım var idi. Şuşada yaşadığım o qorxulu günlərin acısını hələ hiss eləyirdim və özümə gəlməyim zaman aldı. Bir müddət evdən çölə çıxmadım. Sonra yavaş-yavaş həyətə düşürdüm. Bir gün həyətdə oynayanda uşaqların dərsdən evə gəldiyini gördüm və məhəlləmizdə yaşayan qonşumuz Laləyə məktəbə getmək istədiyimi dedim. O da “gəl, səhər bir yerdə gedək”, dedi.

Səhəri gün evdəkilərə demədən Lalə ilə 126 nömrəli məktəbə getdik. Direktorun otağına gedib, “mən Şuşadan gəlmişəm və oxumaq istəyirəm”, dedim. O da mənim əlimdən tutub, 6 –cı sinfə apardı. O gündən həyatım yavaş-yavaş yoluna düşməyə başladı. İki il həmin məktəbdə oxudum. Sora anamın işlədiyi 244 nömrəli məktəbə keçdim. Məktəbi bitirdikdən sonra Mədəniyyət və İncəsənət Universitetinin Dram rejissorluğu fakültəsinə daxil oldum.

- Televiziyaya necə gəldiniz?


- Universitetdə təhsil aldığım dövrdə 1999-cu ildə ABA TV- də işləməyə başladım. İlk 3 ay sınaq müddəti keçdim və Vüqar Vəliyevin asistenti oldum. Sonra “Online” verlişinin rejissoru oldum. Bununla da TV-də fəaliyyətim başladı. Daha sonra Lider Tv-də ədəbi-dram redaksiyasında rejissor kimi işlədim. 2004-cü ildən etibarən ANS-ə rejissor kimi keçdim. Elə həmin ildən “İç xəbər” verilişində repartyor və aparıcı kimi işimi davam etdirdim.

2006 –cı ildə İstanbula getdim. Əvvəl “Mir yapım” da rejissor, sonra “1001 gecə” serialında rejissor asistenti işlədim. Daha sonra Bakıya qayıtdım. Bir müddət Space kanalında Xəbərlər departamentində baş rejissor işlədim.



- Bildiyimə görə indi Hollandiyada yaşayırsınız. Necə oldu ki, oraya köçdünüz?


- Bəli, indi Hollandiyada yaşayıram. 2007-ci ildə ailə həyatı qurduqdan sonra gəldim.

- Hollandiyada hansı işlə məşğulsunuz?

- Amsterdamda “Open Studio” DA REJI-CAMERA- MONTAGE- də oxudum. Bir müddət bizim yaşadığımız şəhərin TV- də “Deventer TV” də könüllü işlədim. Bu gün hələ ki, öz sahəmdə yox, mətbəədə işləyirəm. Bundan əlavə diaspor fəalıyam.







- Həyat yoldaşınız kimdir?

- Həyat yoldaşım da şuşalıdır. Elə qonşu olmuşuq. Evlərimiz Şuşada eyni binada yerləşirdi. Həm də yoldaşımın atası atamın yaxın dostu idi.

- Sirr deyilsə, nə işlə məşğuldur yoldaşınız?

- Həyat yoldaşım iş adamıdır. Hollandiyada tibbi avadanlıqlar hazırlayan şirkəti var. İki övladımız var. Tommy və Sara.

- Niyə övladınızın adını Tommy qoydunuz?

- Bunun belə özəl səbəbi yoxdur. Əslində oğlumun tam adı Tomangelodur. Tom mənim, Angelo isə həyat yoldaşımın sevdiyi addır. Ona görə də birləşdirib belə qoyduq. Qızımın adı isə Sara Francescadır. Burada da belədir. Sara mənim sevdiyim ad, Francesca isə Emilin. Övladlarımızın adını belə seçməyimizdə məqsəd onların cəmiyyətə inteqrasiya prosesini asanlaşdırmaqdır. Düşünürəm ki, məqsədimizə çatmışıq. Onlar xaricdə böyüsələr də, milli dəyərlərə bağlı uşaqlardır.





(Övladları Tommy və Sara)



- Hollandiya vətəndaşısınız?

- Bəli, artıq bir ildir. Burada Dövlət imtahanı verdikdən sonra vətəndaşlıq almışam.


- Xatirə xanım, Hollandiyadan Bakıya baxanda hansı fərqləri görürsünüz?

- Buradan Vətənə baxanda çox şey fərqli görünür. Necə ki, oradan bura baxanda fərqli şeylər görə bilir insan. Bizim mentalitet, həyat tərzi, insanlar tamamilə fərqlidir.


- Orada ermənilərlə aranızda mübahisələr olubmu?

- Burda ermənilərlə birbaşa kontaktda heç olmamışam. Dil öyrənmək üçün oxuduğum kollecdə ermənilər vardı. Amma onlarla heç vaxt ünsiyyətdə olmurdum. Bilirsiz, biz müharibəni canlı yaşamış insanlar üçün ermənini görmək belə bəs edir ki, o ağrılı illəri xatırlayaq. Fərqi yoxdur o erməni kimdir, nə işlə məşğuldur... Mənim üçün erməni uşaqlığımı və Şuşamı əlimdən alandır...


Ermənilər də həmin sözləri lentə alıb və məhkəməyə müraciət ediblər...


- Dediniz diaspor fəalısınız. Ümumiyyətlə diasporamızın fəaliyyəti nə yerdədir?

- Bizim bir diaspor olaraq ermənilərlə başımız dərtdədir. Çünki burada fəaliyyət göstərən Hollandiya Azərbaycan Türk Mədəniyyət dərnəyinin rəhbəri İlhan Aşqini ermənilər məhkəməyə verib. Səbəbsə İlhan Aşqinin 2014-cü ildə Hollandiyanın Almelo şəhərində erməni işğalına qarşı keçirilən bir etiraz aksiyasında “Qarabağ erməniyə məzar olacaq” şüarı səsləndirməsidir. Ermənilər də həmin sözləri lentə alıb və məhkəməyə müraciət ediblər. Guya ki, onlar burada azerbaycanlıların əlindən qorxudan yaşaya bilmirlər. Bir -iki nəfər də yalançı şahid tutublar ki, guya o gündən qorxudan depresiyaya düşüblər və evlərində sakit yaşaya bilmirlər. Əslində o iddianı qaldıran ermənilərin çoxu heç Qarabağın üzünü görməyib, Suriyadan qaçan ermənilərdir. Bu dava əslində bütün azərbaycanlıların davasıdır. Əgər bu məhkəməni İlhan bəy uduzsa, ermənilərin burada ayağı yer alacaq və bir neçə il əvvəl burdakı II palataya verdikləri təklif qanunda yer ala biler. Ermənilər bir neçə ay əvvəl II palataya təklif vermişdilər ki, əgər hər hansı bir azərbaycanlı onları burada sözlə belə təhqir edərsə, o zaman Hollandiya qanunvericiliyi ilə onlar cəzalandırılsınlar. Bunun üçün də hər kəs güclərini birləşdirməlidir.

- Deyirlər, qürbətdə olarkən Vətəni daha çox sevirlər...

- Bu, doğrudan da beledir. Bunu yalnız qürbətdə yaşayanlar anlar. Burada bəzən insanın burnunun ucu göynəyir vətən üçün sözün əsl mənasında. Çexovun 3 bacı əsərində belə bir epizod var: “İndi bir stəkan çaya həyatımın yarısını verərəm”. Mən də bəzən Bakının küçələrində yarım saat gəzməyə ömrümün bir neçə ilini verə biləcək durumda oluram.

- Bir azərbaycanlı jurnalist kimi xarici ölkədə hansı işləri görmüsünüz?

- Mən burda “Benelux Azərbaycanlıları Konqresi” ilə əməkdaşlıq edirəm. Ermənilərin yuxarıda dediyim II palataya verdikləri o təklifindən sonra biz də burada bir neçə diaspora təşkilatı ilə birlikdə - “Benelux Azərbaycanlıları Konqresi” (BAK), “Ana Vətən Niderland Azerbaycanlı Qadınlar” birliyi və “Hollandiya Azərbaycan Türk Kültür” dərnəyi ilə II palataya bir neçə dəfə təklif vermişik. Mən də Qarabağın başına gətirilən müsibətlərin canlı şahidi olaraq ordakı parlamentarilərə Şuşada yaşadıqlarımı çatdırmışam.

Bundan başqa “BAK” olaraq bu yaxınlarda Azərbaycan Luxemburg dostluq qrupunun Lüksenburq parlamentində görüşünü təşkil etdik. Azərbaycandan gələn heyəti ilə 3 günlük səfər çərçivəsində bir çox məsələlərlə yanaşı, Qarabağ problemi də müzakirə olundu.





(Ailəsi ilə)


- Hollandlar Azərbaycan haqqında nə dərəcədə məlumata malikdirlər?

- Mən bunu həmişə demişəm və bir çox hallarda qınaq obyektinə də çevrilmişəm. Dövlət səviyyəsində təbii ki, Azərbaycanı tanıyırlar. Azərbaycanla ticari və iqtisadi əməkdaşlıq edən böyük şirkətlər var. Əgər söhbət sıravi hollanddan gedirsə, onların arasında Azərbaycanın xəritədə harada yerləşdiyindən belə xəbərsiz olanları var. Bunun üçün hələ yetərincə işlər görülməyib. Bu mənim subyektiv fikirimdir.

- 25 ildən sonra Şuşaya qayıtsanız evinizi tapa bilərsiniz?

- Nəinki evimizi... Şuşanın hər daşı yaddaşımda qalıb. Şəhərə aid hər şeyi xatırlayıram. Cıdır düzü indiyə kimi gözümün qarşısındadır. Orada şəklim də var. İnsanları bir qədər unutmuşam.

- Bəs, ermənilərlə yanaşı Şuşada yaşayardınız?

- Məncə, yox. Çünki mən müharibəni canlı görmüşəm. Uşaqlığımı alan, məni Şuşasız qoyan eyni millətlə necə yaşaya bilərəm? Bunu bacarmaram. Bəlkə də, bizdən sonraki nəsillərdə bu alınar.



- Sonuncu dəfə Bakıda nə vaxt olmusunuz?

- 2007-ci ildən Hollandiyada yaşayıram. Əvvəllər 3 aydan bir, Bakıya gedirdim. Bir müddət 2009-cu ildə Xəzər TV-də “Sağlıqla” verilişini aparırdım. Sonuncu dəfə işlə bağlı 2011-ci ildə Bakıda olmuşam. Həmin vaxt “Muradına çatan Günəş” serialının tizer çəkilişlərində Asif Abramovla çalışdım. Bakıya sonuncu səfərim 2016-cı ilin iyununda Dünya Azərbaycanlılarının IV qurultayı zamanı olub. Amma hər zaman ürəyimiz Vətənlə döyünür.











Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 68203