Sələmçilərin nəzərinə: Faiz tələb etmək cinayətdir


15:11     03 Fevral 2017 1478841002_rusvet_01149.jpg

“Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən vətəndaşın sələmə pul vermək hüququ yoxdur. Sələm dedikdə, gəlir əldə etmək məqsədi ilə pulun birbaşa faizə verilməsi başa düşülür. Bu da ancaq bank olmayan kredit təşkilatları, banklar, və lombardlar tərəfindən müqavilə əsasında həyata keçirilir. Vətəndaşların isə faizə pul verib, müqavilə bağlamaq səlahiyyətləri yoxdur”.

Bunu Femida.az-a açıqlamasında hüquqşünas Məhərrəməli Həmidov deyib.

Hüquqşünas bildirdi ki, verilən sələmə görə faiz tələb etmək cinayət məsuliyyətinə səbəb ola bilər:

“Verilən sələmə görə isə sələm alandan nəinki faiz tələb etmək, əksinə, dövlət qeydiyyatına alınmadan və ya xüsusi razılıq tələb olunduğu halda belə razılıq almadan bu cür qanunsuz fəaliyyət göstərdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati və cinayət məsuliyyətə cəlb oluna bilərlər”.

Məhərrəməli Həmidovun dediyinə əsasən, vətəndaş verdiyi pula görə o halda faiz tələb edə bilər ki, pul müəyyən müddətə faizsiz verilmiş olsun:

“Məsələn, tərəflər borc müqaviləsi bağlayırlar ki, borc alan şəxs müqavilədə göstərilmiş müddətdə aldığı pulu sahibinə qaytarsın. Əks təqdirdə, borcun üzərinə hər gecikdirilmiş bir gününə görə əlavə faiz hesablanacaq. Lakin, borc alan aldığı pulu verilən müddətə qaytarmır və nəticədə borc verənə ziyan dəyir. Belə olan halda pulu verən şəxs, pulu alandan faiz tələb edə bilər və bu faiz sələm kimi deyil, dəymiş ziyan kimi başa düşülür. Çünki, borc verən öz şəxsi pulunu müqavilədə göstərilən müddətə qədər borc vermişdir”.



Hüquqşünas onu da vurğuladı ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 11684


Oxşar xəbərlər