Unudulmuş soyqırımlar silsiləsindən... - Quqarkdakı erməni dəhşətləri


18:26     01 May 2017 ermmmm.png

Femida.az Erməni Cinayətləri bölməsindən növbəti yazını oxuculara təqdim edir.


Tarixdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş bir çox cinayətlər kimi Quqark rayonunun Vartanlı kəndində törədilmiş soyqırım aktı da əfsuslar olsun ki, hafizələrdən silinməkdədir. Bu araşdırma yazımızın məqsədi də Vartanlıda törədilmiş həmin soyqırımı aktını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və hadisəyə ədalətli hüquqi qiymətin verilməsinə nail olmaqdır.

Əvvəllər sırf azərbaycanlıların yaşadığı bu kənd Böyük Qarakilsə (sonralar Kirovakan, hazırda Vanadzor) şəhərinin inzibati-ərazisinə daxil olub. 1955-ci ildə kəndin adını dəyişdirərək Şaumyan qoyublar. 1964-cü ildə Quqark rayonu yaradılarkən Vartanlı kəndi həmin rayonun inzibati-ərazi bölgüsünə daxil edilir. Kirovakan şəhərinə bitişik, Kirovakan-Dilican magistral yolunun üzərində yerləşən bu kəndin yaxınlığında meşənin içərisində məktəblilər üçün istirahət düşərgələri salınmışdı.

Həmin dövrün canlı şahidlərinin sözlərinə görə, yerli azərbaycanlılar və ermənilər bir qayda olaraq bu kəndin adını “Vartana” deyə çağırırdılar. Lakin rəsmi sənədlərdə kəndin adı “Vartanlı” kimi qeyd edilir.

Tarixçi-alim Nazim Mustafanı da həmin kəndlə bağlayan müxtəlif məqamlar var. Belə ki, Nazim Mustafanın ulu babası Kərbalayi Mustafanın məzarı həmin kənddədir.

“Mən hələ uşaq olarkən evimizdə tez-tez Vartanlı kəndinin adı çəkilərdi. Böyüyəndə öyrəndim ki, hazırda soyadını daşıdığım Kərbəlayi Mustafa babamın qəbiri həmin Vartanlı kəndində yerləşir. Kənddə beynəlmiləl məktəb var idi. Qırğınlar ərəfəsində məktəbin direktoru azərbaycanlı, kənd sovetinin sədri isə erməni idi”, - deyə həmsöhbətimiz Nazim Mustafa qeyd edib.


Vartanlı kəndi

“Ananın gözü qarşısında övladını diri diri yandırdılar”

Nazim Mustafa söhbət zamanı Vartanlıdakı erməni dəhşətlərini bu cür nəql edir:

“XX əsrin əvvəllərində tamamilə azərbaycanlılar yaşayan Vartanlı kəndində 1988-ci ilin sonunda ermənilər çoxluq təşkil edirdilər. Kirovakan erməniləri Edik Martirosyanın başçılığı altında noyabrın 26-dan 27-nə keçən gecə kəndə silahlı hücum edirlər. Həmin gün güclü qar yağır, boran əsirmiş. Azərbaycanlıların əksəriyyəti erməni silahlılarından ibarət maşın karvanının kəndə daxil olduğunu görüb, evlərini tərk edib, ətrafdakı meşələrə tərəf çəkilməyə məcbur olmuşdular. Erməni quldurları əvvəlcə kənddə rastlarına çıxan Mehralı İsgəndərovu ağaca bağlayır, onun gözləri qarşısında arvadı Xanım İsgəndərovanın boynuna kəndir keçirib hər cür təhqir edərək, kəndin içində gəzdirdilər. Onların 9-cu sinifdə oxuyan oğlu Alim hadisədən xəbər tutaraq ata-anasını xilas etmək üçün ov tüfəngini götürüb dağdan ermənilərə atəş açmağa məcbur olur. Ermənilər güllələri dolu kimi Alimin üzərinə yağdırır. Yaralı Alimi ata-anasının gözləri qarşısında yanan tonqalın içinə atırlar. Bu dəhşətli mənzərəni görməmək üçün anası Xanım özünü Pəmbək çayına atır ki, boğulsun. Ermənilər onu çaydan çıxarıb işgəncə ilə öldürürlər. Vəhşicəsinə döyülüb hər cür təhqirlərə məruz qalan Mehralı İsgəndərov oradaca gözlərini əbədi yumur”.


“Yerli ermənilər azğınlaşmış dəstəyə yaxından kömək göstərirdilər”

Nazim Mustafa onu da vurğuladı ki, Vartanlıda azğınlaşmış kütləyə kənd sovetinin sədri J.Arakelyan rəhbərklik edirmiş:

“Sumqayıt faciəsi zamanı yüzlərlə azərbaycanlı ailəsinin öz həyatlarını təhlükə qarşısında qoyaraq, erməni qonşularını qəzəblənmiş kütlənin təhlükəsindən xilas etmələri haqqında mətbuatda çox yazılıb. Lakin Vartanlı erməniləri bu cür insani hisslərdən uzaq idilər. Onlar azğınlaşmış dəstənin önündə gedir, azərbaycanlıların sığındığı evləri nişan verirmişlər. Azğınlaşmış dəstəyə isə Vartanlı kənd sovetinin sədri J.Arakelyan bələdçilik etmişdi”.

“Dəhşətli cinayət aktı rəhbərlik tərəfindən ört-basdır edildi”

Nazim Mustafa Vartanlı qırğınının əsas təşkilatçı və icraçılarının cinayət məsuliyyətindən kənarda qaldıqlarını bildirdi:

“Ümumiyyətlə, təkcə noyabrın 26-27-də Vartanlı kəndində 14 nəfər azərbaycanlı vəhşicəsinə öldürülmüş və yandırılmışdır. Kəndin sağ qalan əhalisi qarlı-çovğunlu günlərdə dağlarla, meşələrlə gündüzlər gizlənib yalnız gecələr yol gedərək 13-14 gün ərzində Azərbaycana çatmışdılar. Onlarla vartanlılar dağlarda itkin düşdülər. Toqquşma zamanı aldıqları bədən xəsarətindən, yollarda tutulduqları xəstəlikdən sonra Azərbaycana gələn onlarla vartanlılı vəfat etmiş, bir çoxları ömürlük şikəst olmuşdular. Bütövlükdə, həmin dövrdə Quqark rayonunda ermənilərin törətdiyi qırğınlar nəticəsində 30-dan artıq azərbaycanlı qətlə yetirilib. Quqark faciəsi Ermənistan rəhbərliyi tərəfindən ört-basdır edildi. Sonralar, yəni 1989-cu ildə Ermənistan KP MK bürosu Quqark rayon partiya komitəsinin birinci katibi Lavrenti Bağdasaryanı və RİK-nin sədri Samvel Kazaryanı vəzifələrindən azad etməklə kifayətləndi. Lakin Vartanlı qırğınlarının əsas təşkilatçıları və icraçıları cinayət məsuliyyətindən kənarda qaldılar”.

Alim İsgəndərov



Prokurorluq susdu...

Ermənistan Prokurorluğunun bu cinayət işi ilə bağlı SSRİ Prokurorluğuna göndərdiyi cavabda deyilir:
“İsgəndərov Mehralı Həsən oğlu, 1938-ci ildə anadan olmuş, Vartanlı kənd sakinidir. 1988-ci ildə millətlərarası toqquşma nəticəsində öldürülmüş, Vartanlı kənd qəbiristanlığında basdırılıb. Onun meyiti 1989-cu ilin sonunda qohumları tərəfindən çıxarılaraq Azərbaycanda yenidən dəfn edilib”

SSRİ Prokurrorluğunda cinayət işi qaldırılsa da, cinayətkarlar tapılımır.

Sual yaranır: Bütöv kənd camaatının gözü qarşısında baş verən qırğınların icraçılarını doğurdanmı SSRİ Prokurorluğunun işçiləri də araşdırıb aşkara çıxara bilməmişdilər?

Digər bir cinayət faktına baxaq. 1941-1945-ci illər müharibəsində bir qolunu itirmiş 69 yaşlı Qərib Bayramovun evi kəndin ucqar hissəsində olduğundan, İsgəndərovların faciəsindən gec xəbər tutur. Çayın kənarına enib, İsgəndərovların meyitlərini gördükdən sonra evə qayıdıb onların üstlərini örtmək üçün odeyal gətirmək istəyir. Bu zaman ermənilər onu balta ilə kürəyindən vurub yanan tonqalın içinə atırlar.

Ermənistan Prokurorluğunun Qərib Bayramovun qətli ilə bağlı verdiyi istintaq məlumatında deyilir:

“Bayramov Qərib İsmayıl oğlu, 1919-cu ildə anadan olmuş, Şaumyan kəndinin keçmiş sakini, 1988-ci ildə Şaumyan kəndinin erməni əhalisi tərəfindən öldürülüb və meyit yandırılıb”.

Daha bir üstü ört-basdır edilmiş cinayət: Kəndin ağbirçəyi Leyli Hüseynovanı öz qonşusu arxadan başına endirdiyi zərbə ilə qətlə yetirdi. Həmin qətl hadisəsi ilə bağlı Ermənistan Prokurorluğundan göndərilən cavabda deyilir:

“Hüseynova Leyli Həsən qızı, 1925-ci ildə anadan olmuş, Vartanlı kəndinin sakini, 1988-ci ilin noyabrında millətlərarası toqquşma nəticəsində öldürülmüş və Vartanlı kənd qəbiristanlığında basdırılıb. 1989-cu ilin axırlarında onun meyiti qohumları tərəfindən Azərbaycana aparılıb yenidən dəfn edilib”.

SSRİ Prokurorluğunda cinayət işi qaldırılır, lakin cinayətkarlar tapılmadı.

Siyahını daha da uzada bilərik. Süleyman Məmmədov adlı Quqark sakini qonşusu Mexaqın evində gizlənibmiş. Mexaq isə onu quldurlara təhvil vermiş, onlar isə maşın təkərlərini yandırıb S.Məmmədovu diri-diri odun içinə atır. Namərd qonşu isə tutduğu işdən həzz ala-ala, tükürpədici səhnəyə tamaşa edib. Cinayətkarlar yenə də “tapılmadı”. Ermənistan Prokurorluğunun bu olaya cavabı cavabı:

”Məmmədov Süleyman Qənbər oğlu, 1938-ci ildə anadan olmuş, Vartanlı kəndi sakini, 1988-ci ilin noyabrında millətlərarası toqquşma nəticəsində öldürülüb və Vartanlı kənd qəbiristanlığında basdırılıb. 1989-cu ilin axırında qohumları tərəfindən Azərbaycanda yenidən dəfn edilib. SSRİ Prokurorluğu cinayət işi qaldırıb, cinayətkar tapılmayıb”.


Vartanlıda yandırılmış qəbir


Stepan Ayvazyan: “Meyitləri yandırdılar ki, onları tanıyan olmasın...”

Qriqori Şahverdyan


Hazırda Vanadzor şəhərində yaşayan jurnalist Mane Papyanın 29 aprel 2015-ci il tarixində www.epress.am saytında “События в Гугарке. Как громили азербайджанцев в Армении” başlıqlı yazısı yerləşdirilib. Mane Papyan faciəli hadisələrin baş verdiyi Vartanlı kəndinə gedərək hadisənin canlı şahidləri ilə söhbət edib. Həmin məqalədə Vartanlı qırğınlarının baş verdiyi zaman Kirovakan şəhər prokuroru olmuş Qriqori Şahverdyanın jurnalistə verdiyi məlumatlardan aydın olur ki, Sumqayıt hadisələri ərəfəsində Ermənistanda milli münasibətlər gərginliyinin pik həddinə çatıbmış.

Şahverdyanın dediyinə görə, 1988-ci ilin mart-noyabr aylarında Quqark rayonunda 634 azərbaycanlının işdən qovulmaları barəsində onun əlində rəsmi sənəd vardır. Qriqori Şahverdiyanın sözlərinə görə, həmin günlərdə Kirovakan şəhərində 7 azərbaycanlının qətlə ytirilməsi faktı istintaq materiallarında öz əksini tapıb.

“Qarabağ” komitəsinin keçmiş üzvü Artur Sakuns da etiraf edib ki, gecə vaxtı Quqark rayonunun Arçut kəndindən azərbaycanlıları aparan avtobuslara ermənilər yolda hücum etmişdilər.

Mane Papyan yazır: “Rəsmi məlumata əsaən o zaman Vartanlı kəndində 11 azərbaycanlı öldürülüb. Bu hadisə təkcə Ermənistanda deyil, onun hüdudlarında kənarda da böyük əks-səda döğurdu. Təqsirkarları aşkar etmək üçün Moskvadan 100 nəfərdən artıq istintaq qrupu gəlir. Quqark rayon Partiya Komitəsinin bürosu birinci katib Lavrenti Bağdasaryanı, İcraiyyə Komitəsinin sədri Samvel Qazaryanı və Şaumyan milisinin bütün əmədaşlarını işdən azad edildi.

Şaumyan kəndində həmin günlərdə məktəb direktorunun müavini işləmiş Rima Sarqsyan 9 sinifdə oxuyan bir azərbaycanlı şagirdin ermənilər tərəfindən qayadan atılaraq öldürüldüyünü müxbirə söyləyir.

Samvel


Vartanlı kəndinin sakini olan Samvel adında bir qatil kəndi tərk edərək dağlara çəkilən azərbaycanlıları neçə güllələdiyini, onları sıldırımlı qyalardan necə tulladığını müxbirə fəxrlə danışıb. Moskvadan gəlmiş istintaq qrupu Samveli həbs etsə də, sonradan azad edibmiş. Mane Papyana verdiyi müsahibəsi zamanı Samvel vaxtilə azərbaycanlıları qətlə yetirdiyi silahların fonunda şəkil çəkdirib.

Şaumyan sakini Stepan Ayvazyan isə kənddə qalmış azərbaycanlıların Kirovakandan gəlmiş ermənilər tərəfindən öldürüldüklərini və sonra isə yandırıldıqlarını etitaf edib:

“Vanadzordan gələn qruplar Edik Martirosyanın rəhbərliyi altına Şaumyana gəldilər. Meyitləri yandırırdılar ki, onları tanıyan olmasın”.

Direktor müavini Rima Sarqsyan xatırlayır ki, azərbaycanlılardan biri qaçıb məktəbə giribmiş, ermənilər onu tutaraq yandırırlar. Rima Sarqsyan azərbaycanlının yandırıldığı yeri müxbirə göstərir.

Azərbaycanlılara qarşı Vartanlıda soyqırım törədilməsindən dərhal sonra ermənilər onların evlərini zəbt etmiş, daha sonra isə kəndin qəbiristanlığını vandalcasına dağıdırlar.

Vartanlı qırğınlarının ssenarisini ermənilər 1990-1992-ci ildə daha geniş miqyasa Bağanis-Ayrımda, Kərkicahanda, Qaradağlıda, İmarət Qərvənddə, Ağdabanda, Xocalıda və onlarla digər yaşayış məntəqələrində törədirlər.

Təəssüf ki, 1988-ci ilin noyabrında Vartanlı kəndində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın icraçıları indiyədək cəzasız qalıb və bu vaxtadək həmin cinayətlərin miqyası da olduğu kimi dünya ictimaiyyətinə çatdırılmayıb.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 10069