Ermənistan dövlət kimi yox ola bilər!


17:42     01 Avqust 2015 photo_37537.jpg


İyirminci əsrdə baş vermiş dünya müharibələri bir çox imperiyaların dağılmasına səbəb oldu və bu imperiyaların yeni bir qüvvə olaraq özlərini toparlamaması üçün onların ətrafında düşmən ölkələr formalaşdırıldı. Məsələn, İkinci dünya savaşından sonra ərəb ölkələrini əlində saxlaya bilməyən qərb ölkələri, daha doğrusu, İngiltərə faşist həbs düşərgələrindəki yəhudiləri Kipr adasında xüsusi hərbi düşərgəyə köçürərək onlara təlim keçdi və sonradan indiki İsrailin qurulması prosesində onlardan yararlandı.

Bu ssenariyə uyğun olaraq Rusiya da neft yataqları, geosiyasi mövqeyi ilə zəngin olan Cənubi Qafqazı əlində saxlamaq üçün Ermənistanı qurdu. Unutmaq lazım deyil ki, 20-ci əsrin əvvəllərində müstəqillik qazanmış Cənubi Qafqaz xalqları Rusiya işğalına məhz Ermənistanın yardımıyla məruz qaldılar. Gənc Azərbaycan və Gürcüstan dövlətinin yenicə qurulmuş orduları o zamankı Ermənistanın torpaq iddiaları ilə üz-üzə qalmışdı. Mütəxəssislərin fikrincə, 20-ci əsrin əvvəllərində Gürcüstan və Azərbaycan Ermənistanla savaş nəticəsində zəifləməsəydi, bəlkə də Rusiya bu ərazilərdə öz imperiyasını yenidən qura bilməzdi.


Sirr deyil ki, Ermənistan umumilikdə Türkiyəni digər türk xalqlarından ayırmaq üçün yaradılan bir ölkədir. Həmişə “minifaşizm” sindromu yaşayan Ermənistanın milli kimliyi türk düşmənçiliyi üzərində qurulub. Sözün düzü, onlar bir xalq olaraq bunun üçün mövcuddur. Erməni layihəsinin yaradıcısı Rusiya indiyə kimi Ermənistana hərbi, iqtisadi, siyasi yardım edərək bu ölkənin birtəhər ayaqda qalmasına nail olur. Ancaq ermənilərin də iddiaları heç zaman tükənməyəcək və onların Qafqaza səpdikləri nifaq toxumu region ölkələrinin dirçəlməsi və inkişafına əngəl olacaq.

Bunu çox gözəl bilən Rusiya Ermənistandan istifadə edərək regionda möhkəmlənmək istəyir. Digər tərəfdən, unutmaq lazım deyil ki, vaxtaşırı yeni qüvvələr meydana çıxır, döyüş, təsir mexanizmləri dəyişir. İndiki dönəmdə daha çox siyasi manevrlər, iqtisadi güc və texnologiya, güclü ordu dövlətlərin qüdrətini müəyyənləşdirir.

Qərb öz maraqları üçün demək olar ki, genişmiqyaslı savaşa başlayıb və Rusiyanı ağır sanksiyalarla üz-üzə qoyub, Ukraynanın şərqində savaşan separatçılara hərbi, qida, humanitar yardım etdiyi iddia edilən Rusiya, əgər həqiqətən belədirsə, o zaman ikinci Əfqanıstan bataqlığına girir. Rusiyanı daha da yormaq üçün qərb yeni bir münaqişə ocağı açmağı düşünür. Bura əlbəttə, strateji baxımdan önəmli region olan Cənubi Qafqazdır. Qərbin Gürcüstanla işi yoxdur, Azərbaycanın da zəngin resursları, güclü dövlətçilik ənənəsi, dini və milli kimliyi, nəhayət, yürütdüyü müstəqil siyasəti var. Deməli, hədəf Ermənistandır!

Ermənistanda yalnız ermənilərin yaşadığı hamıya məlumdur. Kənardan ermənilərin guya bir yumruq kimi birləşməsi düşüncəsi isə puç əfsanədən savayı bir şey deyil. Ermənistanın daxilində njde və daşnak düşüncəsi zahirən biri-birinə nə qədər bənzəsə də, bir njdeçiyə daşnak demək təhqirə bərabər söz kimi qəbul edilir. Digər tərəfdən, erməni kilsəsinin ikiyə - “erməni qriqorian” və “erməni apostol” kilsələrinə bölünməsi də ciddi ayrıntılara səbəb olur. Bu kilsələri birləşdirən məkan Eçimiyədzin olsa da, tarixən bu kilsələrin birinin mərkəzi Suriya, digərinin mərkəzi isə Macarıstan kilsələri sayılır. Ermənistanın daxilində olan regionçuluq düşüncəsinə gəldikdəsə, bu sahədə vəziyyət daha kəskindir. Qarabağ ermənilərinin xasiyyət baxımından daha kəskin olması, ləhcə baxımından Ermənistan ermənilərindən ciddi şəkildə fərqlənməsi onlarda biri-birini bəyənməmək kompleksi yaradıb. Məsələn, Qarabağ erməniləri Ermənistan ermənlilərinə “gəlmə” deyir və digər millətlərin qarışığından ibarət hibrid kimi qəbul edir. İrəvan erməniləri isə Qarabağ ermənilərini dağ adamı kimi baxırlar. Siyası baxımdan regionlar üzrə klanlaşma vəziyyətin nə dərəcədə kəskin olduğunu ortaya qoyur: hakimiyyətdə olan Qarabağ erməniləri və müxalifətdə olan Ermənistan ermənilərinin elitası.

Regionda gedən proseslərə bu iki klanın baxışı da fərqlidir. Məsələn, Levon Ter-Petrosyanın prezidentliyi dönəmində Ermənistanda “Daşnaksutyun” partiyası qadağan edilmişdi. Hakimiyyətə gələn Qarabağ ermənilərinin nümayəndəsi Robert Köçəryanın hakimiyyəti dönəmində isə njdeçilik az qala dövlət ideologiyası kimi qəbul edildi, “Daşnaksutyun” partiyası da qadağadan çıxarıldı. İqtisadi baxımdan ağır vəziyyətdə yaşayan ermənilər Ermənstanın Rusiyanın forpostu kimi hərəkət etməsi ilə barışmır və bütün problemlərin kökünü Qarabağ ermənilərində görür, onları ölkəni Rusiyanın əlaltısına çevirməkdə günahlandırır. Qərb Ermənistanın daxilində bütün bu narazılıqları çox gözəl bilərək narazı kütləni aktivləşdirir və Rusiyanın regionda əlaltısını sıradan çıxarmaq istəyir. Çünki Rusiya üçün Cənubi Qafqaz Şərqi Avropa qədər çox önəmli regiondur. Bu regionda çaxnaşma baş verərsə, Rusiya həm Ukraynada, həm Yaxın Şərqdə zəifləyəcək, öz qüvvələrini yeni bir cəbhədə mübarizəyə yönəldəcək. ATV.az-a açıqlama verən ekspert Əli Hacızadə araşdırdığımız mövzu ilə bağlı bunları bildirdi: “Ermənistanda olan gərginlik bir tərəfdən kəskin iqtisadi böhrandan, digər tərəfdən isə yerli klanların hakimiyyət uğrunda mübarizəsindən qaynaqlanır. Dünya iqtisadiyyatında baş verən geriləmə, Rusiyadan erməni miqrantlarından gələn maliyyə vəsaitinin kəskin azalması onsuz da pis vəziyyətdə olan Ermənistan iqtisadiyyatını kliniki ölüm halına salıb. Ermənistan milli valyutası sürətlə dəyərini itirir, ölkədə əhalinin sayı rəsmən 3 milyon göstərilsə də, reallıqda burada yaşayanların sayı 2 milyon da deyil. Bütün bunların fonunda, ölkədə baş verən istənilən qiymət artımı əhali tərəfindən kəskin etirazla qarşılanır. Təbii ki, bu etirazı öz siyasi və iqtisadi maraqları üçün istifadə edən dairələr də mövcuddur. Digər tərəfdən, Qərb təşkilatları son 20 ildə Ermənistanda bir sıra QHT-lər vasitəsi ilə qərbyönümlü elektorat təşkilatlandırıb və son hadisələrdə də bu elektoratdan aktiv istifadə edir. Amma aktiv istifadə heç də hər zaman arzuolunan nəticəni vermir. Qərblə, ilk növbədə ABŞ ilə Rusiya arasında gedən qlobal qarşıdurmanın bir cəbhəsi də, sözsüz ki, Ermənistandır. Amma Ermənistan ABŞ üçün məsələn, Ukrayna kimi əhəmiyyətli deyil. Vaşinqtonun gündəliyini təşkil edən məsələlər arasında, əsas yerləri, Yaxın Şərq (İranın nüvə proqramı, İŞİD, İsrail və Səudiyyə Ərəbistanı ilə bağlı problemlər) Cənub Şərqi Asiyadakı proseslər (Çinin ekspansiyası, Yaponiya və Çin arasında soyuq müharibə) və Şərqi Avropa (Ukrayna) tutur. Bundan əlavə, ABŞ-da prezident seçkiləri yaxınlaşır və namizədlər arasında seçki kampaniyasına hazırlıq artıq başlayıb. Bütün bunları nəzərə alaraq Ermənistanın ABŞ üçün bir nömrəli prioritetlərdən olmasını demək olmaz. Avropa Birliyinə baxsaq, onları da məşğul edən əsas məsələlərin sırasında (Yunanıstanın avro zonasından çıxma riski və Ukrayna böhranı) da Ermənistanı görə bilmərik. Amma Qərb Ermənistanda artıq mövcud olan infrastrukturundan istifadə edərək, Moskvaya əlavə baş ağrısı yarada bilər və deyərdim ki, bunu edir. Rusiyanın rəsmi KİV-lərinin, habelə Kremlə yaxın və ya dolayı yolla hakimiyyətə məxsus olan KİV-lərin, həmçinin rusiyalı ekspertlərin reaksiyasına nəzər salsaq, görərik ki, onlar ya çaşqınlıq içindədir, ya da nələrin baş verdiyinin fərqinə vara bilmirlər”.

Ekspertimizin dediyi kimi Ermənistanda sürən ağır durum və Rusiya-ABŞ qarşıdurması bu ölkəyə ürəkaçan heç nə vəd etmir. Öz işğalçılıq siyasəti nəticəsində blokada şəraitində yaşayan Ermənistan heç bir resursa malik deyil. Digər tərəfdən Azərbaycanın qüdrətli ordusu ilə addımlaşmaq istəyi ölkə büdcəsinin 40 faizini hərbi xərclərə yönləndirməyə məcbur edir, ancaq bu addımlar da Ermənistanı düşdüyü durumdan heç də qurtarmır.

Azərbaycanın elə yalnız hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsindən artıq olması, Rusiya, İsrail, Türkiyə, Belarus, CAR, ABŞ, Pakistan kimi dövlətlərlə hərbi əlaqələri ölkəmizin hərbi qüdrətini dəfələrlə artırır. Ermənistan haqqında isə bunların heç birini demək olmur... Bütün bunlar hayların iflasıdır!

Açar sözlər:

Oxunub: 1841