Ombudsman Vladimir Şkolnikovu qəbul edib


15:59     13 Fevral 2017 ombud-bmt.jpg

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikovu qəbul etmişdir. Görüşdə Ali Komissarlığın Azərbaycan nümayəndəliyinin rəhbəri Kamran Bağırov da iştirak edib.

Bu haqda Femida.az-a Ombudsmanın mətbuat xidmətindən məlumat verilib. Belə ki, görüşdə məqsəd cari ildə Ombudsman təsisatı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasında prioritet əməkdaşlıq istiqamətlərinin müzakirəsi olub.

Ombudsman BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış mühüm qurumları, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarlığı, bu qurumun regional ofisi ilə də səmərəli əməkdaşlıq əlaqələrinin qarşılıqlı anlaşma şəraitində davam etdirildiyini bildirib.

E.Süleymanova BMT QAK-ın və UNİCEF-in ölkəmizdəki müvafiq nümayəndəliklərinin rəhbərləri ilə birgə Füzuli, Gəncə, Goranboy, Göygöl və Bakı ərazisində məcburi köçkün ailələri üçün salınmış yeni qəsəbələrdə inşa edilmiş orta məktəblərin şagird və müəllimləri üçün BMT-nin Uşaq Hüquqları Konvensiyası üzrə silsilə maarifləndirici təlimlərin keçirildiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, gələn il Azərbaycan BMT-nin Universal Dövri İcmal, BMT-nin İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxaq Pakt, Uşaq Hüquqları Konvensiyası və “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Konvensiya üzrə müvafiq saziş qurumlarına hesabatını təqdim edəcək. Müvəkkil bildirmişdir ki, Ombudsman təsisatı sözügedən komitələrə paralel hesabatları hazırlayaraq təqdim edəcək. Bu istiqamətdə regionlarda yerli QHT-ləri də cəlb etməklə geniş maarifləndirmə tədbirlərinin keçirilməsi məqsədəmüvafiq hesab edilib.
Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə proritetlərin artıq müəyyən edildiyi və onların icrası istiqamətində işlərin aparıldığı, həmçinin Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasının BMT-nin Baş Katibi, həmçinin bir sıra beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirildiyi və sözügedən Şuranın görüşlərində Ombudsman təsisatının da fəal iştirak etdiyi diqqətə çatdırılıb.
Digər mühüm istiqamət kimi, məhz, DİM üzrə geniş maarifləndirmə tədbirlərinin keçirilməsi qeyd edilmişdir. Bu istiqamətdə ilk addım olaraq QHT-lər ilə birgə tədbirin keçirilməsi üzrə razılıq əldə edilib.

Sonda əməkdaşlıq istiqamətləri üzrə Fəaliyyət planının hazırlanması razılaşdırılıb.
V.Şkolnikov səmimi qəbul və məlumat mübadiləsi üçün Müvəkkilə minnətdarlığını bildirmiş və qaldırılan problemlər üzrə əməkdaşlıqda, xüsusilə regionlarda birgə maarifləndirici tədbirlərin keçirilməsində maraqlı olduqlarını söyləyib.

Femida.az

Açar sözlər:

Oxunub: 869