Ölən əsgərin dəfn xərclərini kim ödəməlidir? - Rəsmi açıqlama


15:55     21 Fevral 2017 16899974_1116563708471274_751157590_n.jpg

Femida.az- a 2017-ci ilin yanvarın 14-də N saylı hərbi hissədə ürək tutmasından dünyasını dəyişən əsgərin yaxınları tərəfindən müraciət daxil olub. Vəfat edən əsgər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsindən xidmətə çağırılmış Məmmədov Famil Şamil oğludur.


Vəfat edən əsgərin atası Məmmədov Şamil Kamil oğlu iddia edir ki, oğlu vəfat etdikdən sonra SHXÇDX-nın Balakən rayon şöbəsi əsgərin dəfni üçün nəzərdə tutulan 3000 (üç min) manat məbləğində maliyyə yardımı verməkdən imtina edir. Vəfat edən əsgərin yaxınları ailə vəziyyətlərinin acınacaqlı durumda olduğunu və yas mərasimi üçün xərclərin ödənilməsi üçün imkanlarının olmadığını deyirlər.

Əsgər vəfat etdikdən sonra xidmət keçdiyi hərbi hissənin rəhbərliyi, icra hakimiyyəti nümayəndələri tərəfindən müəyyən yardım olunsa da, bu ümumi xərcləri ödəməyə tam kifayət etməyib.


Femida.az iddialarla bağlı SHXÇDX-nın Balakən rayon şöbəsi ilə əlaqə saxlayıb. Şöbənin rəisi Fuad Cəniyev Femida.az-a açıqlamasında həlak olan əsgərin ailəsinə pulun onlar tərəfindən ödənilməyəcəyi cavabını verdi:

“ Həmin əsgərin ailəsinə müxtəlif köməklər olub. Amma qeyd etdiyiniz 3000 manat pulu biz yox, Müdafiə Nazirliyi ödəməlidir.”

Şöbə rəisinin sonrakı cavablarını etik normaları nəzərə alaraq təqdim etmirik.

Femida.az məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mətbuat Xidmətinə verdiyi sorğuya cavab olaraq bildirilib ki, 3000 manat məbləğində maliyyə yardımı ailəyə ödəniləcək.

“Sizin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytına ünvanladığınız müraciətə baxılmışdır.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2016-cı il tarixli 374 nömrəli qərarına əsasən Silahlı Qüvvələrin Qarnizon və qarovul xidmətləri Nizamnaməsinin 16 saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq, dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasiminin təşkili üçün 3000 (üç min) manat məbləğində maliyyə yardımının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilməsi barədə qərar qəbul edilmişdir.


Əlavə olaraq nəzərinizə çatdırırıq ki, maliyyə yardımının qeyd olunan kateqoriyalardan olan şəxslərə ödənilməsi məqsədi ilə Maliyyə Nazirliyi tərəfindən vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Maliyyə vəsaiti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hesabına köçürüldükdən sonra maliyyə yardımının ödənilməsi tərəfimizdən təmin olunacaqdır.”

Mövcud qanunlar haqqında məlumatları olmayan aidiyyatı qurumlara xatırlatma.

Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə 29.09.2016 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin № 374 qərarında qeyd olunan məsələlərdən bəhs olunur.

1. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi"nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün 3000 (üç min) manat məbləğində maliyyə yardımı müəyyən edilsin.
4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri maliyyə yardımının verilməsi barədə müraciəti dərhal qəbul edib, 3 (üç) iş günü müddətində müvafiq vəsaitin nağdsız hesablaşma yolu ödənilməsini təmin edir.

Həmin Nizamnamənin 350-ci maddəsinin ikinci cümləsində, Nizamnamənin 16 saylı əlavəsinin 1.6-cı, 1.7-ci (ikinci halda), 3.1-ci, 3.2-ci (hər iki halda), 4.3-cü, 6.1-ci və 6.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirir.



Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 39525