Həyatla ölüm arasında dayanan İlhamə Quliyeva


09:34     25 Fevral 2019 ilhame6.jpg

Mərhum sənətkar, xalq artisti İlhamə Quliyevanın ölümündən üç il ötdü. Femida.az dəyərli sənətkarımızın həyat və yaradıcılığı haqqında ilk dəfə eşidəcəyiniz məlumatları və fotoları oxuculara təqdim edir:


"Nə qədər gözəldir bizi bir anda,
Dalğadan-dalğaya atan nəğmələr..."


İlhamə xanımın özü kimi şən-şaqraq, yüksək əhval ruhiyyəli mahnıları, repertuarının əsasını təşkil edirdi. Halbuki eşq, məhəbbət yanğısına aid mahnıları da başqa müğənnidən dinləyə bilmirdik. Elə sevgidən tüğyan edən hisslərə də məhz onun səsi həyat verirdi. Nakam sevgi yaşamış biri kimi sızlaya-sızlaya oxuyurdu İlhamə xanım. Kim bilir, bəlkə doğurdan da nakam sevgisi var idi İlhamə xanımın, sirlərlə dolu ömründə bəlkə yarımçıq qalan, incik salan bir eşqi də var idi könlündə, və yaxud da bir gözləməsi bəlkə... Sağ olsaydı, bəlkə də niyə bu qədər göynəyə-göynəyə oxuyursuz sualına da, sevgidən, məhəbbətdən oxuyuram deyəcək, və böyük bir eşq yaşadığını ehyam edəcəkdi...



İlhamə Quliyeva 1943-cü ildə Lənkəranda dünyaya gəlib. Atası prokuror Məzahir Quliyev, anası isə görkəmli muğam ustadı Tükəzban İsmayılovanın ailəsində. Elə körpəlikdən könlü Azərbaycan musiqisinin ən gözəl nümunələri ilə dolub. 6 yaşına qədər atasının təyinatı ilə əlaqədar bir müddət Şəkidə yaşayıblar. Elə bu vaxtlarda atası ilə anasının yolları ayrılır. Tükəzban xanım ustad tarzən Həbib Bayramov ilə ailə həyatı qurur. Balaca İlhamə 1-ci sinifə Bakıda başlayır. Elə bu vaxtdan 7 illik fortepiano ifaçılığı təhsili də almağa başlayır.

Nəhayət orta məktəbi bitirir. Çox böyük istəklə o, öz peşəsini musiqi sahəsində qurmaq istəyir. Lakin Tükəzban xanımın və Həbib müəllimin qəti etirazları ilə qarşılaşır. Onlar musiqi sənətinin çətinliklərini diqqətə alaraq İlhamənin başqa sənətə yiyələnməyini istəyirlər. Beləliklə gənc İlhamə 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsinə daxil olur və orada təhsil almağa başlayır. Lakin ürəyi musiqi ilə çırpınan hər istedadlı insan kimi, gənc İlhamə də musiqidən uzaqlaşa bilmir.

1963-cü ildə ailələri ilə yaxın münasibətdə olan Zinyət Əlizadənin dəstəyi ilə universitetin "Sevinc" estrada ansamblında çıxışlar etməyə başlayır. Lakin ailəsindən xəbərsiz. 1964-cü ildə Moskvada ümumittifaq universitetlər arası gənc istedadlar müsabiqəsi keçirilir. Zinyət xanımın da xahişi ilə ailəsindən icazə alır və yollanır Moskvaya. Ailəsi onun festivala tamaşaçı kimi getdiyi zənn edirdi. Orada Rauf Hacıyevdən Azərbaycanım, Tofiq Quliyevdən İlk görüş mahnılarını ifa edir və yarışmanın qalibi olur. Dərhal Bakıya qayıdır və Tofiq Əhmədovun rəhbəri olduğu Azərbaycan Dövlət Televiziya və radio verilişləri şirkətinin estrada orkestrinə solist dəvət olunur. Bu orkestrin müşayiəti ilə estradanın müxtəlif janrlarında, slow rock, jazz, r&b, soul, blues kimi janrlarda bəstələnmiş mahnılar ifa edir...

"Mən səni araram"

1972-ci ildə Moskvada Sütunlu sarayda Azərbaycan bəstəkarlarının gecəsi keçirilirdi. İlhamə xanım da orda çıxış edir. Konsertdən sonra Fikrət Əmirov onunla görüşür və ona deyir ki, mən sənə yaxşı mahnılar yazacam. Və onların işbirliyi başlayır. Mən səni araram, Göygöl, Gülür ellər, Gülərəm gülsən, Toy mahnısı, De görüm neyləmişəm kimi gözəl əsərlər İlhamə xanımın ifasında Azərbaycan musiqi tarixinə əbədi yazılır. Bu mahnıların hər birini həm xalq çalğı alətlərinin, həm də estrada orkestrinin müşayiəti ilə ifa edib. Hər birinin də özünəməxsus, rəngarəng çalarları var. 1970-ci illərin sonlarında İlhamə xanım Gülarə Əliyevanın rəhbəri olduğu "Dan ulduzu" instrumental ansamblının müşayiəti ilə bir çox görkəmli Azərbaycan bəstəkarlarının mahnılarını ifa edib. Bu illərdən etibarən İlhamə xanım xarici ölkələrə qastrollara gedir və Azərbaycan musiqisinin incəliklərini dünya səhnələrində məharətlə təbliğ edir...



1970-ci illərin sonlarında İlhamə xanımın ifaları vallara yazılır və o gözəl mahnılar indiyə qədər qalmaqdadır. 1980-ci illərdə İlhamə xanımın repertuarı daha çox xalq üslubuna daha yaxın olur, elə bu illərdə də Əhməd Bakıxanov adına xalq çalğı alətlərinin müşayiəti ilə xeyli gözəl nəğmələr ifa edir.

"Ürəyimi sənə açsam,
Dərdlərimi sənə danışsam,
Neylərsən mən görən,
Neylərsən..."




1994-cü ildə Həbib Bayramov dünyasını dəyişdikdən sonra Tükəzban xanımın qəlbi susur, artıq oxumaq arzusu qəlbində tüğyan etmir. Bu susqunluq İlhamə xanıma da təsir edir o da bir müddət öz dünyasına çəkilir. Günlərin bir günü bəstəkar Faiq Sücəddinov İlhamə xanıma zəng edir: İlhamə, səninçün yeni mahnılar yazmışam. İlhamə xanım isə oxumaq arzusunda olmadığını deyir. Faiq Sücəddinov “Neylərsən” mahnısını pianoda çalır İlhamə xanım da telefondan eşidir. Bu nəğmə onun duyğularını yenidən canlandırır. Və bu bir silsilə əsərlər Azərbaycan musiqisində inqilab olur. “Neylərsən”, “Yalan”, “Yaşaya bilmirəm sənsiz”, “Kaman ayrılıq nəğməsi çalır”, “Sənsiz neylərəm”, “Bilsən necə darıxmışam”...

"Oxuyan Ürəkdir"

Artıq Azərbaycan estradasında bu üslub öz yerini tutmağa başlayır. 2000-ci illərdə oxuduğu Novruz Aslan bəstələri Yaşın nə fərqi var ki, Unuda bilməzsən, və ömrünün sonlarına qədər bir çox sevgi mahnıları ilə Azərbaycan səhnəsinin ən gözəl sənətkarından biri kimi əbədi tarixdə özünə yer tutdu. Çünki o mahnı oxuyarkən bütün ürəyini dindirirdi. Ona görə də hər zaman deyərdi. "Oxuyan ürəkdir" İlhamə xanımın yaradıcılığında filmoqrafiyanın da öz yeri var. 1973-cü ildə Mahnı qanadlarında, 1974-cü ildə Payız Melodiyaları film-konsert, və 2005-ci ildə "Adam ol" musiqili komediya filminə çəkilir.



"Sən nə biləsən mənim nə çəkdiyimi..."

İlhamə xanım ömrünü dolu-dolu yaşadı. Yəqin ki, ömrü boyunca sevib-sevilən bu sirli qadının da ürəyində nisgil var idi. Bu səbəbdən İlhamə xanım həddindən artıq həssas idi. O, kiçik xəyanəti də qəbul edə bilmirdi. Onun bu zəif nöqtəsini hiss edən bəzi pis niyyətli insanlar onu hər cürə hövsələdən çıxarmağa can atırdılar və bunu bacarırdılar. Çox heyiflər olsun ki, İlhamə xanım bu kəslərə çox fikir verdi, hər biri ilə mübarizə aparmağa çalışdı. Bu qədər əsəb də onun sonunu gətirdi. Ötən ilin 25 fevral günü səhər saatlarında çox incitdiyi qəlbi əbədi susdu.




Onun ölüm xəbərini eşidəndə inana bilmədik bəlkə də inanmaq istəmədik. Amma bu acı gerçək idi. Bizim İlhamə Quliyeva köçdü, son mənzilinə. Həyat eşqi ilə dolu, yaşamaq və yaratmaq arzusu tükənməyən, yorulmayan, hər zaman baxımlı, gümrah, ən azı tamaşaçılar qarşısında yüksək əhval-ruhiyyədə görünən bu sənətkar, Allahın yaratdığı hər bəndə kimi ölümü düşünürdü, amma nikbinliklə. Bundan sonra hələ 40 il yaşayacağını deyirdi və buna inanırdı, elə bizi də inandırırdı. Əslində o, şou-biznesdən nə qədər narazı olsa da, özünü bu aləmdən kənarda təsəvvür eləmirdi. Heç kəs üçün sirr deyil ki, sənət aləmində baş verən qalmaqalların çoxunda məhz İlhamə xanımın adı hallanırdı. Və görünür son dönəmdə baş verənlər hər zaman polad kimi möhkəm görünən, heç kəsin qabağından qaçmayan sənətkarı için-için yeyirdi. Çünki hər insanın bir zəif yeri var. Bunu nə qədər məharətlə gizlətməyə çalıssa belə. Sonunda o incələn yer qopdu.



Kim bilir, hədsiz iddialı, hökmlü, sınmaz, əyilməz, şou-biznesdə çoxlarının çəkindiyi və qəzəbinə tuş gəlməkdən ehtiyyat etdiyi İlhamə Quliyeva bəlkə heç göründüyü qədər də güclü deyildi. Bəlkə də çoxlarını qıcıqlandıran bu hegemonluğu onunçün sadəcə bir sipər idi. Özünü qorumaq, sənət aləmində liderliyini əldən verməmək üçün bir sipər. Bəlkə də medianın diqqətindən heç vaxt kənarda qalmayan, haqqında sanki hər şeyi bildiyimiz bu xanımı düşündüyümüz qədər dərindən tanıya bilmədik. Görmək istədiyimiz kimi gördük, anlamaq istədiyimiz kimi anladıq.



Heç nəyi vecinə almayan, dünyadan kam almağı bacaran, yaşlandığını dilinə gətirməyən, cavanlıq eşqi ilə alışıb yanan bir qadın. Elə siz istəyən kimi bütün titullarınızı sayıram, İLHAMƏ xanım! Azərbaycan və Dağıstanın Xalq Artisti, "Şərəf"və "Şöhrət" ordenli, səhnəmizin primadonnası, Türk dünyasının sənət kraliçası, dünya sülh səfiri…

İlhamə Quliyeva getdi. Daha onu heç kim və heç nə narahat etməyəcək. İndi İlhamə xanım başqa bir dünyaya məxsusdu. Əbədiyyətə köçənin ardınca isə ya yaxşı danışırlar ya da susurlar. Allah rəhmət eləsin. Yaddaşlarda qalacaq xatirələriniz, sevilən nəğmələrinizin ömrü kimi sonsuz olacaq. Ruhun şad olsun Primadonna...



Qeyd: Fotolar müəllifə məxsusdur.

Ülvi Rzazadə

Femida.az

Açar sözlər:

Oxunub: 19689


Oxşar xəbərlər