Afaq Bəşirqızını söyənlərə CAVAB


19:21     28 Fevral 2017 afaq21.jpg

Dünən Sumqayıt hadisələrinin canlı şahidi olan Azərbaycanın xalq artisti Afaq Bəşirqızı ilə “Ermənilər güllələnməyimi istəyirdi” başlıqlı müsahibəmizi bir çox saytlar “Evimdə 14 erməni gizlətmişdim” başlığı ilə yayınlamışdı. Xəbər sosial şəbəkələrdə paylaşıldıqdan sonra Afaq Bəşirqızının ünvanına xoşa gəlməyən və təhqir dolu ifadələr işlədilib.

Görünür ki, Sumqayıt hadisələri ilə bağlı insanların çoxu məlumatsızdır ki, müsahibəni açıb oxumadan dəyərli sənətkarımıza qarşı bu cür çirkin mövqe sərgiləyiblər.

Halbuki Sumqayıtdakı iğtişaşlar barədə bilgiyə sahib olan insanlar anlayır ki, Ermənistan yalan məlumatlar yaymaqla bu hadisələri ermənilərin kütləvi şəkildə qırılması kimi qələmə verirlər. Azərbaycanlılar haqqında “vəhşi” obrazı yaratmaq üçün bu olayları istifadə etməyə çalışırlar. Ermənilər faktları təhrif edərək, iğtişaşlarda həlak olmuş ermənilərin azərbaycanlılar tərəfindən öldürüldüyünü bildirirlər.

Müsahibədə də xalq artisti Afaq Bəşirqızı sübut etməyə çalıb ki, digər azərbaycanlılar kimi, o da günahsız 14 erməni qonşularının həyatını xilas edib. Çünki Sumqayıt şəhərində erməni separatçıların yaratdıqları “Krunk” təşkilatına pul köçürməyən ermənilər öldürülürdü. Əgər Afaq Bəşirqızı kimi insanlar erməniləri ölümdən qurtarmasaydı, əminəm ki, bu gün ikinci bir uydurma soyqırım ifadəsi Azərbaycan türklərinin adına çıxılacaqdı.

Bu səbəbdəndir ki, Sumqayıt hadisələri ilə bağlı həqiqətin dünyaya tanıdılması üçün xalq artisti ilə etdiyimiz müsahibəmizin bir sayt olaraq müxtəlif dillərə tərcümə olunub yayılmasına çalışdıq. Məsələ ilə Afaq Bəşirqızı ilə əlaqə də saxladıq. O bildirdi ki, yazılan əks fikirləri oxumayıb, oxumaq da istəmir. Əgər belə bir hadisə yaşansa, yenə Azərbaycandakı günahsız erməniləri xilas edərdi. Afaq xanım bildirdi ki, evində erməni döyüşçüləri gizlətməyib. Onun evində saxladığı körpə, ahıl yaşda olan ermənilər olub.

Oxuculardan bir daha xahişimiz odur ki, xəbər başlıqlarını oxuyub şərh yazmasınlar. Belə başlıqlarda əsas məqsəd təbii ki, oxunma faizini yüksəltmək və diqqət cəlb etməkdən ibarətdir. Ona görə də sosial şəbəkə istifadəçiləri paylaşılan xəbərlərə daxil olub xəbəri oxuduqdan sonra rəy bildirmələri yaxşı olar.

Qeyd edək ki, 1988-ci ilin fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində erməni separatçıların yaratdıqları “Krunk” təşkilatına pul köçürməyən ermənilər qətlə yetirilib. İğtişaşa “Paşa” ləqəbli Qriqoryan Eduard Robertoviç adlı erməni başçılıq edib. Qriqoryana Sumqayıtda yaşayan və təşkilata kömək etməyən ermənilərin dəqiq siyahısı və ev ünvanları verilib.

Erməni təxribatı nəticəsində baş verən hadisələrdə meydanlara toplaşan insanları sakitləşdirməyə çalışan xalq artisti Afaq Bəşirqızı iğtişaşların səbəbkarı olaraq istintaqa cəlb olunub və güllələnmək təhlükəsi ilə üzləşib.


Qeyd: Müsahibəyə BURADAN daxil olub baxa bilərsiniz

Oğuz Altay


Femida.az

Açar sözlər:

Oxunub: 6906


Oxşar xəbərlər