Həbs cəzasından yayınan “dəlilər” – ARAŞDIRMA


14:29     05 Avqust 2015 11847373_1185037141522444_337125297_o.jpg

“Həbsxanalardakı şərait dispanserlərdəkindən daha yaxşıdır”


Aktual hüquqi məsələlərdən biri də psixoloji problemləri olan şəxslərin məhkəmədə hansı yolla mühakimə edilməsidir. Bəzi hallarda məhkəmənin qərarı ilə ittiham olunan şəxslər cəzaçəkmə müəssisələrinə yox, ruhi əsəb xəstəlikləri dispanserlərinə göndərilir.

Bəs bu hal necə tənzimlənir? Ruhi problemləri olan şəxs hansı yolla mühakimə edilir və hansı halda cəzaçəkmə müəssisələrinə yox, ruhi əsəb dispanserlərinə göndərilirlər?

Femida.az bütün bu sualları cavablandırmaq üçün hüquqşünas Loğman Abdullayev ilə əlaqə saxladı. Loğman Abdullayevin sözlərinə görə, ruhi problemləri olan cinayət törətmiş şəxslər təyin olunmuş ekspertizanın ardından cinayət məsuliyyətindən azad olunur və müalicə olunmaq üçün müvafiq dispanserlərə göndərilir:

“Cinayət işi qaldırılan zaman şəxslər əvvəlcə şahid qismində, sonra şübhəli, daha sonra isə ittihamçı qismində təqsirli şəxs kimi müvafiq orqana çağırılır. Bundan sonra təqsirləndirilən şəxs üzərində 20-dən çox ekspertiza təyin edilir. Əvvəlcə məhkəmə psixiatrik ekspertizası təyin olunur. Yəni cinayət törətmiş şəxsin psixoloji durumu araşdırılır. Bu araşdırma həm cinayət törədilənədək, həm də cinayət törətdikdən sonrakı mərhələni əhatə edir. Bəzi hallarda insan cinayət törətdikdən sonra da həmin xəstəliyə yoluxa bilər. Təqsirləndirilən şəxs hər iki halda cinayət məsuliyyətindən azad olunur. Amma həmin şəxs ictimaiyyət üçün təhlükəli olduğu üçün məcburi surətdə müalicəyə qəbul edilir. Qanunda kimin cinayət məsuliyyətindən azad olunması qeyd olunur. Cinayət törədən zaman affek vəziyyətində olan və ya cinayət törətdikdən sonra psixologiyası pozulmuş şəxslər cinayət məsuliyyətindən azad olunurlar. Sübut olunsa ki, təqsirləndirilən şəxsin həqiqətən ruhi problemi var, o zaman həmin şəxs cinayət məsuliyyətindən azad olunur və müvafiq olaraq müalicə olunmaq üçün qapalı şəraitdə ruhi əsəb dispanserlərinə müalicəyə göndərilir. Ola bilər ki, həbs olunduqdan sonra şəxsdə ruhi-psixoloji problemlər yaransın. Bu halda da onlar müvafiq olaraq dispanserlərdə müalicəyə yerləşdirilirlər. Həmin şəxs sonradan həbsxanalara göndərilə bilməz.”

Bəs məhkəmənin həbs qərarından yayınmaq üçün qeyri-qanuni yolla sənədləşmə apararaq ruhi əsəb xəstələri dispanserlərinə göndərilmə halları ilə qarşılaşırıqmı?

Loğman Abdullayev:

“Əvvəllər belə hallarla qarşılaşa bilərdik. Əlbəttə ki, harada insan faktoru varsa, belə hallar qaçılmazdır. Təbii ki, cinayət törədən şəxs məsuliyyətdən yaxa qurtarmaq üçün bu yola əl atır. Əgər əvvəllər hər yüz təqsirləndirilən şəxsin biri, ikisi bu yola əl atardısa, bu indiki dövrdə mümkün deyil. Çünki həkim tibbi komissiyasının müvafiq şəxslə bağlı rəyi hərtərəfli analizlərdən keçirilməklə verilir”.

“Ruhi dispanserlərə getməkdənsə, cəzaçəkmə müəssisələrində həbs müddətini başa vurmaq daha məqsədəuyğundur” – deyən Loğman Abdulayev aşağıdakıları bildirdi:

“Bəziləri cinayət törətdikdən sonra ruhi xəstə olması barədə qeyri-qanuni yollarla sənəd hazırlayıb məhkəməyə təqdim edirlər. Lakin çoxları bu əməllərinə görə sonradan peşman olurlar. Sizi inandırım ki, həbsxanalardakı şərait dispanserlərdəkindən daha yaxşıdır. Hazırda dispanserlərdə zənciri xəstənin ayağına bağlayıb illərlə həmin vəziyyətdə saxlayırlar. Buna etiraz edildikdə isə iynə vurulur və günlərlə hərəkətsiz vəziyyətdə qalırsan. Mən gözümlə görmüşəm, iynə vurulduqdan sonra xəstə əlini ağzına 40 dəqiqəyə aparır. Cinayət məsuliyyətindən yayınmaq üçün qeyri-qanuni yollarla ruhi əsəb xəstəlikləri dispanserlərinə göndərilib ömürlük psixoloji zərbə almaqdansa, cəzaçəkmə müəssisələrində qanuni yolla cəza çəkmək daha məqsədəuyğundur.”

Femida.az məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə ruhi əsəb dispanserlərinə göndərilən şəxslərin statistikasını öyrənmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladı. Nazirlikdən sorğumuza cavab olaraq bildirdilər ki, həmin məlumatın ictimaiyyətə çatdırılması qadağandır.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1675