Xaricilər Bakıda ev alır? - ARAŞDIRMA


17:39     05 Avqust 2015 022933-531d92b6-14e6-11e5-8cab-50fca574effe.jpg

Son vaxtlar yerli əhalinin xarici ölkələrdə daşınmaz əmlak almağa marağı artıb. Daha çox Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya kimi ölkələrə meyl olunur.


Bəs görəsən əcnəbi vətəndaşların əmlak əldə etmək hüquqları varmı? Ümumiyyətlə, bu proses qanunvericiliklə necə tənzimlənir?

Femida.az əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmlak əldə etmək hüquqlarıilə bağlı araşdırma aparıb.

Hüquqşünas Habil İsgəndərovun sözlərinə görə, Azərbaycan qanunvericiliyində əcnəbilərin ölkədə mənzil almasına dair heç bir problem yaranmasa da, torpaq alışına məhdudiyyət var.

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5-ci maddəsinin 2-ci bəndində göstərilir ki, torpaq üzərində mülkiyyət hüququnun subyektləri: dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Sözügedən Məcəllənin 3-cü maddəsinin 3-cü bəndinə əsasən isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilərlər. Torpaq Məcəlləsinin 48-ci maddəsinin 3-cü bəndinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər”.

Bu, o deməkdir ki, xarici ölkənin vətəndaşları respublikamızın ərazisində xüsusi mülkiyyət hüququ əldə edə bilməz. Eyni zamanda, Azərbaycan Respublikasının ərazisində torpaq sahəsi istisna olmaqla, digər daşınmaz əmlakları (manzil, fərdi ev və s.) ala bilərlər.

Məsələyə aydınlıq gətirmək üçün Dövlət Əmlak Komitəsindən də münasibət öyrəndik. Komitədən bildirdilər ki, qanunvericiliyə görə, xarici vətəndaşlar yalnız bizim ölkədə qazandığı kapitalla torpaq ala bilərlər. Xarici kapitalla torpaq almaqsa qanunla qadağandır.

Azərbaycandan fərqli olaraq qonşu Gürcüstanda əcnəbi vətəndaşların müəyyən edilmiş şərtlərlə torpaq almasına qadağa qoyulmayıb. Belə ki, Gürcüstan parlamentində qanuna dəyişiklik edildikdən sonra əcnəbi vətəndaş 5 hektardan 20 hektaradək torpaq ala bilər.
Türkiyədə isə 2012-ci ildə əcnəbilərin torpaq ala bilmələrinə imkan verən qanun layihəsi qəbul olundu. Qanuna görə Türkiyənin hər bir vilayətində hər alıcıya 30 hektar deyil, ümumi torpaq sahəsinin azı 10 faizinin əcnəbilərə satıla biləcəyini nəzərdə tutur.

Bəs görəsən, Azərbaycan vətəndaşları kimi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə əmlak almağa marağı varmı?

İqtisadçı-ekspert Vəfadar Axundov əcnəbi vətəndaşların ölkədə daşınmaz əmlak almağa meyl etmədiyini deyir. O, buna səbəb kimi viza məsələsini göstərir.

Qeyd edək ki, 2013-cü ildə xarici ölkə vətəndaşları Azərbayanda 1854 əmlak alıblar. Bu 2012-ci ilə nisbətən 353 vahid və ya 23,5% çoxdur. Belə ki,2012-ci ildə əcnəbilər 1501 əmlaka sahib olublar.Alınan əmlakların 75-80 %-ni mənzillər təşkil edib. 2011-ci ilin statistikasına görə əcnəbilər 1265 əmlaka sahib olub.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 12669