Xalq artistləri nə qədər pul alır? AÇIQLANDI


22:01     05 Avqust 2015 Pul-manat-dfollar_3.jpg

Azərbaycanda müxtəlif sahələrdə tətbiq olunan «xalq» və «əməkdar» adları üçün əlavə ödənilən məbləğlər 60 manat və 100 manat təşkil edir.


Femida.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, prezidentin 4 iyul 2005-ci il sərəncamı ilə fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 100 manatdır.

Əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 60 manat təqaüd müəyyən edilib.

Rəsmi açıqlamaya əsasən, dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarda çalışan fəxri adlara layiq görülmüş şəxslərə təqaüd həmin idarə və təşkilatların vəsaiti hesabına verilir. Digər şəxslərə isə təqaüdü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödəyir.

Maliyyə Nazirliyi əlavə edir ki, fəxri adlara görə təqaüdlərin ödənişi üçün dövlət büdcəsinin illik xərcləri 1,7 milyon manatdır.

Nazirlikdə olan son rəsmi rəqəmlərə görə, 2015-ci il aprel ayının 1-dək Azərbaycan Respublikasının “Xalq” fəxri adını alanların sayı 219, “Əməkdar” fəxri adına layiq görülmüş şəxslərin sayı isə 2013 nəfər olub.

Açar sözlər:

Oxunub: 17901