Biz görən korlarıq!


21:22     05 Avqust 2015 4000.jpg

Hətta bir çox hallarda nankoruq... Təəssüf ki, insan sahib olduğu dəyərlərin qiymətini vaxtında verə bilmir. Xislətimizdə var: ancaq kimisə, nəyisə itirdikdən sonra onun dəyərini anlayırıq. Məsələn, bu gün əhval-ruhiyyəmiz yaxşıdırsa, o zaman ətrafdakı hər şey gözümüzə yaxşı görünür, sanki, çəhrayı eynək taxırıq.

Eynək gözümüzdən çıxarılanda isə dərhal dünənə nakorluq edib həyatdan bezdiyimizi deyirik. Sahib olduğumuz dəyərləri görmək üçün Tanrının bəxş etdiyi gözlərimizə də nankoruq.

Universitetdə təhsil aldığım illərdə Faiq adlı gözdən əlil müəllimimiz var idi. Qarabağ döyüşlərində itirmişdi gözlərini. Çox savadlı, həddən artıq istedadlı, yardımsevər və yüksək dünyagörüşlü insan idi.
Bəli, görmürdü amma “görməyi” bacarırdı.

Biz - görən insanlar isə tam olaraq görməyi bacarmırıq. Ya da görməməyi seçirik və ya buna məcbur edilirik. Məsələn, qışın soyuğunda küçədə dilənən kimsəsiz uşaqları görəndə, axşamlar qatarda gözlərində bir yığın dərd və sıxıntı olan insan selini görəndə, və yaxud səkinin qırağında ayağını maşın əzən pişik balası görəndə, ya da ki Xocalı faciəsi ilə bağlı kadrları görəndə görməməyi seçirik. Bəlkə də bunları görməkdən çox, göstərilməyindən bezmişik?

Hər işlənməyən şey pas tutduğu kimi, gözlər də görmədikcə görməyi unudur, yalnızca göstəriləni görür. Yaxşını da, pisi də görməyi bacarmaq lazımdır. Onsuz da pisi axtaran pis, yaxşını axtaran yaxşı görəcək. Xoşbəxtlik, gözəllik, azadlıq və s nəsnələr nisbi olduğu kimi görmək də nisbi olub artıq. Görüb-görməməyə özümüz qərar veririk. Bəlkə də beləcə avropasayağı demokratik baxmağı öyrənirik?

Mən də GÖRMƏK istəyirəm: Azərbaycanın birləşdiyi günü görmək istəyirəm, Cənublu qardaş-bacılarımızla qucaqlaşıb həsrətə son verəcəyimiz günü görmək istəyirəm, Dilqəmlə Şahbazın sağ-salamat Vətənə qayıtdığı günü görmək istəyirəm, Ağdamı görmək istəyirəm, o günlərdə axan sevinc göz yaşlarını görmək istəyirəm. Gözlərimə nankorluq etməmək üçün. Axı göz haqqı deyilən bir şey var.

Qarabağı görmək istəyirəm! Ən azı Faiq müəllimin gözlərinə xəyanət etməmək üçün...

Görəsən, çox acgözlük etmədim ki?...


Türkan Məmmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1843