Qarabağ problemi ilə bağlı beynəlxalq ictimaiyyətə səsləndilər


18:12     25 Aprel 2015 umu44.jpg

BAMF sədri BMT tribunasından Qarabağ problemi ilə bağlı
beynəlxalq ictimaiyyətə səsləndi


Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının Dövlət İdarəçiliyi Komitəsinin Ekspertlərinin 14-cü sessiyasında iştirak etmək üçün ABŞ Nyu-York şəhərində səfərdədir. 20-24 aprel tarixləri ərzində BMT-nin Nyu-York Şəhərindəki baş qərargahında baş tutan sessiya çərçivəsində BAMF sədri Umud Mirzəyev , BAMF-ın Nyu York təmsilçisi Serqey Matsko və Ümid Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrayıl İsgəndərov bir sıra rəsmilərlə görüşlər keçiriblər.

İlk görüş Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəliyində olub. BMT-dəki daimi nümayəndəyimiz Yaşar Əliyev Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin rolunu yüksək qiymətləndirərək xüsusilə BMT-də birgə fəaliyyətin zəruriliyindən söz açıb. Bu tipli yüksək səviyyəli tədbirlərə qatılmağın əhəmiyyəti haqqında danışılan görüşdə gələcək əməkdaşlığın imkanları da müzakirə olunub .

Bununla yanaşı Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri BMT-nin Demokratiya Fondunda , o cümlədən nüfuzlu Kolumbiya Universitetində BMT-nin vacib agentlikləri olan BMT-nin Uşaq Fondu (UNICEF) , BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı (UNHCR) və Avropa İttifaqının təmsilçilərinin də qatıldığı Ukraynadakı humanitar böhranla bağlı dinləmələrə də qatılıblar.

Daha bir görüş isə BMT-nin İqtisadi və Sosial Şurasının QHT bölməsinin rəhbəri Alberto Padova ilə baş tutub. BMT-nin İqtisadi və Sosial Şurasının QHT bölməsinin ən yüksək statuslu üzvü olan BAMF-ın ən yüksək statuslu üzvlərin birgə şəbəkəsinin yaradılması ilə bağlı təklifi müsbət qiymətləndirən cənab Padova bu sahədə istənilən dəstəyi göstərməyə hazır olduğunu bildirib. BMT-nin İqtisadi və Sosial Şurasının QHT bölməsinin ən yüksək statuslu üzvlərinin Bakı və ya Nyu Yorkda toplantısının baş tutması isə bütün üzvlərə ciddi faydalar gətirə bilər , şuranın gələcək layihələrinin inkişafı üçün perspektiv imkanlar aça bilər. Sonda cənab Padovaya BAMF-ın Tərtər Peşə Təlim Mərkəzində təlim keçən minadan zərərçəkən qadınlar tərəfindən toxunmuş nəfis xalça hədiyyə olunub.
Aprelin 23-ü isə BAMF sədri əsas müzakirə mövzusu ““Davamlı inkişaf məqsədlərinə nail olmaq üçün hökumətin etibarını qazanmaq, bunun üçün nə etməli ? ” olan sessiyaya qatıldı . Bu tədbirə BMT-yə üzv olan 193 ölkədən ekspertlər, vətəndaş cəmiyyəti nümayəndələri və rəsmilər iştirak edir . Xatırladaq ki, bu il BMT üçün xüsusi bir ildir. Çünki Minilliyin İnkişaf Məqsədləri artıq başa çatır və 2015-ci ildən sonrakı Dayanıqlı İnkişaf Məqsədləri müəyyənləşdirilir. Dayanıqlı İnkişaf Məqsədlərinə növbəti 15 il ərzində nail olunması hədəf kimi götürülür.

Məhz bu mövzuya uyğun sessiyada çıxış edən BAMF sədri Umud Mirzəyev Azərbaycanın Minilliyin İnkişaf Məqsədləri çərçivəsində 15 il ərzində qazanmış olduğu uğurları xüsusi ilə vurğulayıb. Bunlar sırasında elektron hökümətin qurulması istiqamətində görülmüş olan işlər, ASAN xidmətin işə düşməsi və digər uğurlardır . Cənab Mirzəyev qeyd edib ki, dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı hökumətin artıq zəruri işlərə başlayıb. Belə ki , hökumət dayanıqlı inkişaf məqsədlərinin bir çox aspektlərini əks etdirən və ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlayıb və bu konsepsiyanın dövlət proqramları vasitəsi ilə hədəf ilinə qədər həyata keçirilməsi nəzərdə tutulur.
Daha sonra cənab Mirzəyev bildirib ki, rəhbərlik etdiyi BAMF, vətəndaş cəmiyyəti təşkilatı olaraq artıq bir neçə ildir ki, 2015-ci ildən sonrakı dayanıqlı inkişaf məqsədləri istiqamətində həyata keçirilən fəaliyyət proqramları üzrə dövlət və icma əsaslı qurumların etibarlı tərəfdaşıdır. Son illər BAMF–ın müharibədən zərərçəkmiş regionlarda ortaya qoyduğu vətəndaş cəmiyyəti-mikromaliyyə və peşə təhsili birgə modeli sosial-iqtisadi korporativ proqramların hədəfə doğru inkişafı üçün uğurlu tendensiya olmuşdur.

Bununla yanaşı dünya ictimaiyyətinin xüsusilə münaqişə bölgələrindəki vəziyyətə həssas yanaşması və dayanıqlı inkişaf üçün bütün regionlarda sülhün və barışığın təbliğ olunmasının vacibliyi də BAMF sədrinin çıxışında xüsusi vurğulanıb .
“ Bu gün dünyamız konfliktlər məngənəsində yaşayır. Davam etməkdə olan və dondurulmuş münaqişələrin alovlanması davamlı inkişaf üçün başlıca təhdidlərdəndir. Qlobal kataklizmlərin geniş dağıdıcı təsiri nəinki davamlı inkişaf eləcə də bəşəri sülhün qorunması üçün ciddi təhlükəyə çevrilmişdir. Belə bir həssas məqamda, dövlətlər arası etimadın formalaşdırılması və gücləndirilməsi üçün beynəlxalq hüququn prinsiplərinə, sülhün bərqərar olması üçün qəbul edilmiş BMT qətnamələrinə ciddi hörmət edilməli, qərarların icra mexanizmlərinin tapılması istiqamətində qəti addımlar atılmalıdır. Artıq uzun illərdir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri ilə, ərazilərinin işğalı, bir milyondan çox məcburi köçkün faktoru ilə üz-üzədir. Konfliktin nizamlanması üçün hələ 90-cı illərin əvvəllərində qəbul edilmiş 4 BMT qətnaməsinin prinsiplərinə riayət olunmaması, regionda sülhün qorunması, davamlı stabil dayanıqlı inkişafın təmin edilməsinə ciddi təhlükə yaratmaqdadır. “ – deyə BAMF sədri sessiya iştirakçılarına müraciət edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1006