Jurnalistlə idmançının məhkəməsi sona çatdı - Üzr istənilməlidir


16:21     17 Mart 2017 612925.jpg

İdmançı Kamil Zeynallı ilə jurnalist Əfruzə Ağayevanın məhkəmə çəkişməsi başa çatıb.


Xətai rayon məhkəməsində hakim Namidar Misirzadənin sədrliyi ilə baş tutan prosesdə qərar qəbul olunub.

Femida.az -a bu barədə Kamil Zeynallının vəkili Asif Abdullayev məlumat verib.

Vəkilin sözlərinə görə məhkəmə onların xeyrinə qərar çıxarıb:

“Bildiyiniz kimi iddianı qarşı tərəf qaldırmışdı. Biz də həmçinin jurnalist Əfruzə Ağayevaya qarşı qarşılıqlı iddia qaldırmışdıq.Məhkəmənin qərarı ilə Kamil Zeynallı yazdıqlarına görə təkzib verməli, Əfruzə Ağayeva isə üzr istəməlidir.”

Vəkil həmçinin qeyd edib ki, hər iki tərəfin təzminatla bağlı qaldırdığı iddialar təmin edilməyib.

Jurnalist Əfruzə Ağayevanın nümayəndəsi hüquqşünas Vüqar Səfərli də açıqlama verib:

"Bu gün Bakı şəhəri Xətai rayon mehkəməsində hakim Namidar Misirzadənin sədrliyi ilə məhkəmə prosesi baş tutdu. Məhkəmədə Əfruzə Ağayevanın Kamil Zeynallıya qarşı "Şərəf və ləyaqəti, isgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi" iddiasına baxıldı. Məhkəmə Əfruzə xanımın iddia tələbini qismən təmin etdi. Kamil Zeynallı jurnalistdən dediyi söyüşlərə görə üzr istəyəcək. Əfruzə Ağayevanın iddia tələbinin qalan hissəsində, yəni 50.000 manat dəymiş mənəvi zərərin ödənilməsi prosesi rədd edilib. Eyni zamanda Kamil Zeynallının tələb etdiyi Əfruzə Ağayevanın aparıcı Şəbnəm Hüseynovanın “Kamilin mənə söydüyü söyüşlər onun nəslindəki xanımlara getsin” başlıqlı xəbərini təkzib olunması iddiası təmin edilib. Kamil Zeynallının jurnalistdən 100 min manat tələb etməsi iddiası da rədd edilib".

K.Zeynallı məsələ ilə bağlı sosial şəbəkədə fikirlərini yazıb:

”Bu gün mənə qarşı açılan məhkəmə yekunlaşdı, qərar verildi: Kamil Zeynallı heç bir təzminat ödəməyəck. Qarşı tərəf Kamil Zeynallıdan üzr istəyəcək, Kamildə qarşı tərəfdən... Hara kimi lazımdırsa, gedəcəm... 50 min, yox bir 50 qəpik”.


Qeyd edək ki, jurnalist Əfruzə Ağayeva onu instaqramda təhqir edən Kamili məhkəməyə vermiş, 50 min manat təzminat tələb etmişdi.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 11760