Videogorüntüləriniz yayıla bilər, ehtiyatlı olun!! - ARAŞDIRMA


19:40     06 Avqust 2015 11013263_1079667548729453_6305354491181802280_n.jpg

Hüquq müdaafiəçisi: “Şortiklə görüntülənməsini istəməyən şəxs evdən çıxmasın”


Son dövrlər müşahidə olunan bəzi hadisələr cəmiyyətdə böyük narahatlıq yaradıb. Belə ki, şəxslərin gündəlik fəaliyyətinin bəzi hissələrinin lentə alındığı təhlükəsizlik kameralarındakı kadrların müxtəlif yollarla ictimaiyyətə ötürülməsi faktları ilə qarşılaşırıq. Bununla bağlı kifayət qədər nümunə göstərə bilərik. Xəzər universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsi faktının lentə alınıb tez bir zamanda internet portallarında yerləşdirilməsi buna real nümunədir. Məhkəmənin müvafiq hadisə ilə bağlı qanuni qüvvəyə minmiş hökmü olmadan həmin kadrlar cəmiyyətdə tez bir zamanda yayıldı. Təbii ki, vətəndaşların şəxsi həyatı ilə bağlı kadrların yayılması onların haqlı narazılığına səbəb olur.

Ümumilikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və hüquq-mühafizə orqanlarının razılığı olmadan təhlükəsizlik məqsədi ilə şəxsin lentə alınmış görüntüləri cəmiyyətə təqdim oluna bilərmi?

Femida.az bu sualları cavablandırmaq üçün hüquqşünas Anar Qasımlı ilə əlaqə saxlayıb. Anar Qasımlının sözlərinə görə, vətəndaşlara əvvəlcədən xəbərdarlıq edilibsə, lentə alınan kadrlar cəmiyyətdə yayıla bilər və bu heç bir məsuliyyətə səbəb olmur:

“İnsanların şəxsi həyatına müdaxilə təşkil etdiyinə görə təhlükəsizlik kameralarında qeydə alınan kadrların yayılması qanunla qadağandır. Amma xəbərdarlıq varsa, bu ərazidə çəkiliş gedir, o zaman həmin kadrlar ictimaiyyətə çatdırıla bilər. Bu, artıq qanun pozuntusu sayılmır. Çünki, çəkilişin olması ilə bağlı əvvəlcədən xəbərdarlıq edilib və buna görə də həmin kadrlar cəmiyyətdə yayıla bilər”



Avropa Oyunlarının başlanması ərəfəsində Avstriya idmançılarını aparan avtobusun qəzaya uğramasını əks etdirən videogörüntünü internet portallarında yayan polis əməkdaşı işdən uzaqlaşdırılmışdı. Amma bəzi hallarda avtoqəzaların yayılması görüntüləri ilə də qarşılaşırıq.

Bəs bu hal qanunla necə tənzimlənir və həmin kadrları yayanlar məsuliyyətə cəlb olunurmu?

"Müvafiq qurumların xəbəri olmadan həmin kadrların internet portallarında yerləşdirilməsi ciddi inzibati xətadır" deyə hüquqşünas Loğman Abdullayev münasibət bildirdi:

“Şəhərdə 2 növ kamera var. Biri Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə məxsusdur. Digəri isə, təhlükəsizliyi təmin etmək üçün quraşdırılmış şəhər kameralarıdır. Bu kameraları heç bir halda “gizli” adlandırmaq olmaz. Birinci halda nəqliyyatın intellektual idarəetməsi təmin edilir, ikinci halda isə sırf təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə qurulub. Qəza olduğu təqdirdə baş vermiş qəzanın təfərrüatlarını öyrənmək üçün müstəntiqin, prokurorun sorğusu əsasında həmin kadrlara müraciət olunur. Avropa Oyunları ərəfəsində atletlər şəhərciyində bir avtobus ciddi qəza törətmişdi. Həmin qəzanı lentə alan kameralar Dövlət Yol Polisi İdarəsinə məxsus deyildi və atletlər şəhərciyində əcnəbilərin rahat hərəkətini təmin etmək üçün quraşdırılmışdı. Əgər polis işçisi həmin kadrları əldə edibsə, mütləq yuxarı dairələri xəbərdar etməlidir. Cinayət işi açılmalıdır. Bütün bunlardan sonra ictimaiyyətə məlumat verilə bilər. Lakin həmin polis işçisi aidiyyatı orqanları xəbərdar etmədən videogörüntünü internet portallarına yerləşdirdi. Buna görə də haqlı olaraq o, Daxili İşlər Orqanlarından kənarlaşdırıldı. Prokurorluğun, Daxili İşlər Nazirliyinin xəbəri olmadan həmin kadrların internetdə portallarında yayımlanması ciddi inzibati xətadır".



“Videogörüntülər heç bir halda müəssisə, şirkət, mağaza rəhbərliyi tərəfindən cəmiyyətə təqdim oluna bilməz” deyən Loğman Abdullayev aşağıdakı fikirləri vurğuladı:

“Hər hansı müəssisəyə, idarəyə, marketə daxil olduqda mütləq içəridə kameraların quraşdırıldığı barədə lövhə olmalıdır. Yəni şəxslər içəridə çəkiliş getməsi ilə bağlı xəbərdar edilməlidir. Əgər, hansısa müəssisədə cinayət törədilib və bu cinayəin görüntüləri təhlükəsizlik kameralarında lentə alınıbsa, bu halda müəssisə rəhbərliyi tərəfindən həmin kadrlar müvafiq təhqiqat orqanlarına, prokurorluğa təqdim olunur. Heç bir halda lentə alınan kadrlar müəssisə, şirkət, mağaza rəhbərliyi tərəfindən yayıla bilməz”



Hansı halda lentə alınmış kadrlar ictimaiyyətə təqdim edilə bilər?

Loğman Abdullaev:

“İstənilən bir cinayət anını əks etdirən kadrın ictimaiyyətə təqdim edilməsi Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun, o cümlədən Milli Təhlükəsizlik Nazirliyinin birgə razılığı əsasında baş tuta bilər. Başqa halda hər hansı lentə alınmış cinayət görüntülərinin internet portallarında yayılması, ictimaiyyətə təqdim olunması qanunla qadağandır. Belə halla qarşılaşdıqda isə səhlənkarlıq və vəzifə saxtakarlığı adı ilə inzibati qaydada cəza müəyyən oluna və videogörüntünü yayan şəxslər işdən azad edilə bilər”

Lentə alınmış görüntülərin cəmiyyətdə yayılması insan hüquqlarının pozulması faktına nümunə ola bilərmi?

Femida.az sualı cavablandırmaq üçün hüquq müdafiəçisi Çingiz Qənizadənin fikirlərini öyrəndi.

“Şortiklə görüntülənməsini istəməyən şəxs evdən çıxmasın” deyən Çingiz Qənizadə mövzu ilə bağlı mövqeyini bu cür paylaşdı:

“Təhlükəsizlik kameraları bütün dünyada mövcuddur. Bununla bağlı insan hüquqlarının pozulması faktından söhbət gedə bilməz. Söhbət təhlükəsizlikdən gedir. Hamıya məlumdur ki, məhz bu təhlükəsizlik kameralarının olmasının sayəsində cinayətlərin üstü isti izlərlə açılıb. Xatırlayırsızsa, Rafiq Tağının ölümü ilə bağlı məhz həmin ərazidə təhlükəsizlik kameralarının olmaması səbəbindən cinayətin üstü hələ də açılmayıb. Bu gün ölkədə “Təhlükəsiz şəhər” layihəsi adı altında Daxili İşlər Nazirliyi xətti ilə quraşdırılmış kameralar sırf pozulan hüquqların bərpa olunması uğrunda yaradılıb. İnsanın adi halda görüntüsünün internet portallarında göstərilməsi hallarını heç də insan hüquqlarının pozuntusu faktı ilə eyniləşdirə bilmərik. Əgər, şəxsin şərəf və ləyaqətinə, onun imicinə zərər vuran görüntülər paylaşılırsa, buna görə cinayət məcəlləsinin 147, 148-ci maddələrinə əsasən məsuliyyətə səbəb olur. Yəni hüququnun pozulduğunu düşünən şəxs məhkəmə qaydasında bu problem həll edə bilər. Şortiklə yayımlanmasını istəməyən şəxs niyə şortiklə cəmiyyət içərisinə çıxır? “Şortik məsələsi” Hafiz Hacıyev vasitəsilə tənzimləndi. Hafiz Hacıyevin özünün də şortiklə görüntüləri yayıldı. Şortiklə görüntüsünün yayılmasını istəməyən şəxs evdən çıxmamalıdır”.



Əslində, şəhərin müxtəlif küçə və prospektlərində, müəssisə, idarə, şirkət və mağazalarında təhlükəsizlik kameralarının quraşdırılması çox mütərəqqi bir addımdır və düşünürəm ki, baş verən cinayət aktlarının sayının azalmasına böyük təsir göstərəcək. Lakin sistem tətbiq olunarkən insanların hüquqlarının pozulmaması, onların şərəf və ləyaqətinin qorunması kimi amillərə xüsusi diqqət yetirilməlidir. Yəni kameraların quraşdırılması müvafiq ərazidə təhlükəsizliyin təmin olunması məqsədi daşımalıdır. Buna əsasən də mağazaya daxil olan şəxsə mütləq içəridə çəkilişin edilməsi ilə bağlı xəbərdarlıq edilməlidir.

Femida.az

Açar sözlər:

Oxunub: 3534


Oxşar xəbərlər