Bölgələrdə gec ailə qurmağa meyl artır


17:51     06 Avqust 2015 evlilik5.jpg

Vüqar Bayramov: «Uşaqların gec doğulması nəsillərin yaşlaşmasına gətirib çıxarıb»

Toya hazırlaşanlar artıq nikah üçün tələb olunan tibbi arayışı «ASAN xidmət» mərkəzindən əldə edə bilərlər. Femida.az xəbər verir ki, nikaha daxil olmaq istəyən vətəndaşlar tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı pilot layihə çərçivəsində 5 saylı Bakı «ASAN xidmət» mərkəzində fəaliyyət göstərən Respublika Diaqnostika Mərkəzindən əldə edə bilərlər. Arayışın əldə edilməsi üçün zəruri olan sənədlərə nikaha daxil olmaq istəyən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər və nikahın qeydə alınması üçün doldurulmuş ərizə-anketin surəti daxildir. Vətəndaşların tibbi müayinədən keçdiklərini təsdiq edən arayış 5 iş günü müddətində verilir və bunun üçün dövlət rusumu ödənilmir. Qeyd edək ki, yalnız «ASAN xidmət» mərkəzləri daxilində nikaha daxil olmaq istəyən şəxslər bu xidmətdən yararlana biləcəklər.


Mütəxəssislər və ekspertlər haqqında bəhs edilən yeni xidmət növünün evlənmək istəyən cütlüklər üçün vaxt itkisinin qarşısının alınması baxımından faydalı olacağını bildirsələr də, bu məsələnin demoqrafik problemlərin həllinə köməklik göstərəcəyini düşünmürlər. Onların fikrincə, demoqrafik problemlərin kökündə dayanan əsas səbəblərdən biri də gec ailə qurmaqla əlaqədardır. Gec evlilik isə bir sıra porblemlərdən qaynaqlanır.

İqtisadçı-ekspert Vüqar Bayramov son illərdə Azərbaycanda gec evliliyə maraq göstərənlərin, yaxud gec ailə qurmaq məcburiyyətində qalan insanların sayı çoxaldığını bildirir. Onun dediyinə görə, gec ailə qurma təkcə demoqrafik problemlərin həllini çətinləşdirmir, eyni zamanda ölkə iqtisadiyyatına da ciddi mənfi təsirlər göstərir:

«Apardığımız araşdırmalara görə, Azərbaycanda ilbəil təbii artım olsa da, müəyyən müddətdən sonra işçi qüvvəsinə olan tələbatın ödənilməsində müəyyən problemlər ortaya çıxır. Yəni ənənəvi sektorlar yaradıldıqca, yeni iş yerləri açıldıqca əmək qüvvəsi çatışmazlığı yaranır. Bu da gec ailə qurma ilə daha çox əlaqəlidir. Çünki uşaqlar gec dünyaya gəldiyi üçün işçi qüvvəsinin böyük qismini yaşlı nəsil təşkil edir. Bu problem həm də nəsillərin yaşlaşmasına gətirib çıxarır. Əgər ailələrin gec qurulmasının qarşısının alınması istiqamətində dövlət səviyyəsində tədbirlər həyata keçirilməzsə, o zaman gələcəkdə həm fəaliyyətdə olan, həm də yeni açılacaq iş yerlərinin gənclərə həvalə edilməsində çox ciddi çətinliklər özünü büruzə verəcək. Başqa sözlə, gənclərin sayının azlığı, yaşlı nəslin nümayəndələrinin çoxluğu məcburi bir vəziyyət yaradacaq ki, işçi qüvvəsinə olan tələbatın müəyyən qismi xarici ölkələrin əməkdaşları, miqrantlar və sair şəxslər tərəfindən ödənilsin. Üstəlik, ailələrin gec qurulması Azərbaycanda məşğulluğun inkişaf etdirilməsini müəyyən dərəcədə əngəlləməklə, ailələrin büdcələrinə və ölkə iqtisadiyyatına da ciddi mənfi təsirini göstərəcək. Çünki tez ailə quran gənclər ailələrinin büdcələrini formalaşdırırlar, israfçılığa yol vermirlər, maliyyə vəsaitlərinə qənaət edirlər və sair. Amma gec ailə quranlar israfçılığa daha çox yol verirlər. Üstəlik, normal yaşda ailə quran gənclər gec evlənənlərə nisbətən daha çox məhsuldar və məsuliyyətli olurlar. Bu kimi amillər də təbii ki ictimaiyyətə, cəmiyyətə, eləcə də ölkə iqtisadiyyatına təsirsiz ötüşmür».

Vüqar Bayramov təəssüflə bildirir ki, Azərbaycanda karyera qurmaq baxımından gec evlənməyə və gec uşaq sahibi olmağa meyl göstərən kişilər və qadınlar da var. Onun dediynə görə, apardıqları araşdırmalar və monitorinqlər zamanı onlar sözügedən acınacaqlı vəziyyətlə bağlı neqativ və xoşagəlməz halları da aşkara çıxarıblar:

«Karyera qurmaq baxımından gec ailə qurmaq istəyənlərin sayının çoxluğu onunla əlaqədardır ki, onlar ailə həyatının onların işlərinə və karyeralarına mənfi təsir göstərə biləcəyini düşünürlər. Bundan başqa, Azərbaycanda gec uşaq dünyaya gətirmək ölkəmizdəki qadınlar arasında ənənəvi şəkildə yayılıb. Hətta bəzi qadınlar 50 yaşdan sonra uşaq dünyaya gətirirlər. Qadınların müəyyən qismi düşünür ki, erkən uşaq dünyaya gətirmək, onlara müəyyən enerji və vaxt sərf etmək bu xanımların ömürlərinin bir hissəsini puça verməkdən və vaxt itirməkdən başqa bir şey deyil. Bəziləri isə gəlirlərin azlığını əsas gətirərək gec uşaq sahibi olurlar. Bunun üçün əhalinin gəlirlilik və yaşayış səviyyəsinin yüksəldilməsi də mütləq vacibdir. Təəssüflər olsun ki, karyera baxımından gec ailə qurmaq və gec uşaq sahibi olmaq istəyənlərin sayında kəskin artım var və gələcəkdə bu say artımı daha çox ola bilər. Bütün bunlar da dediyim kimi məşğulluq siyasətinin dolğun yerinə yetirilməsində, ölkənin əmək qüvvəsinə olan tələbatının ödənilməsində və sair məsələlərdə mənfi tendensiyaların yaranmasına birbaşa və birmənalı olaraq təsirini göstərəcək».

Açar sözlər:

Oxunub: 2617