Qəddafili günlər
23:07 06 Avqust 2015
Bir türk tələbəm var idi. Dərslərin birində azərbaycanlılar haqqında belə bir misal çəkdi : “Hocam, hər kəs gedir Mardinə, siz azərilər gedirsiniz tərsinə”
Bu hadisə mənə çox pis təsir etdi. Lakin mənə pis təsir edən qızın bizə təhqiramiz şəkildə “zad xod” gedirsiniz deməsi deyildi. Onun sözündə həqiqət olduğunu bildiyim üçün ona cavab verə bilməməyim idi.
Həqiqətən də, keçən əsrin əvvəlində Azərbaycan və azərbaycanlılar çox güclü sıçrayış edərək Şərq ölkələri ilə arasındakı olan məsafəni xeyli böyütdülər. Mədəniyyət, incəsənət, təhsil, sosyal və hətta deyərdim ki, iqtisadiyyat sayəsində də Şərq ölkələrinin əldə edə bilmədiklərinə sahib olduq. Ancaq nəyə görədir, bilmirəm əsrin sonlarına yaxın azərbaycanlıların dünya baxışlarında cırlaşma prosesi başladı.
Bu yaxınlarda yutubda BBC-nin Şimali Korea haqqında hazıladığı bir videoyaya baxırdım. Deməli, BBC Şimali Koreyanın paytaxt şəhərində universitetlərin birində tələbələrlə görüş keçirmişdi. Tələbələr xarici dilləri oxuyur və çox gözəl ingilis dilində danışırlar. Hətta, onların belə səlis ingiliscə danışmaqları BBC jurnalistlərini təəccübləndirir. Onlar çox iddialı tərzdə demokratiyadan dəm vurur, kapitalizmi pisləyir, ABŞ-ın və Qərbin necə anti-humanist olduqlarını jurnalistin sifətinə hayqırırdılar. İnsanda çox savadlı olduqları təssüratını yaradırdılar. Sonra BBC juranlisti tələbələrdən “hansı liderleri tanıdıqlarını” soruşdu. Tələbələr Kim İl-Sunq (Koreanın qurucusu), İosif Stalin və Mao Tsedundan başqa lider adlarını çəkə bilmədilər. Sonra jurnalist Qandi və Nelson Mandellanı soruşur. Heç biri bu insanları tanımadı. Daha sonra məlum oldu ki, sən demə, bu bədbəxtlər dünyada gedən proseslərdən xəbərsizdirlər. Əminəm ki, nə bu proqramı hazırlayan BBC əməkdaşı, nə də bu proqrama baxan insanlar həmin tələbələri qınamır. Çünki, hər kəs bilir ki, onlar izolyasiya olunmuş bir dövlətdə yaşayırlar və dövlət onlara sadəcə bu üç lider haqqında məlumat verir.
Həmin tələbələrdən fərqli olaraq biz izolyasiya edilmiş dövlətlərdə yaşamırıq. İstənilən informasiyanı əldə edə bilirik ancaq nəyə görəsə siravi azərbaycan vətəndaşının beyni də elə Şimali Koreadakı həmin tələbələrin beyni kimi işləyir. Mən çoxlu insanlarla demokratiya haqqında mübahisələr etmişəm. İnsanlar demokratiyadan ağız dolusu danışırlar.
Demokratiyanın nə qədər yaxşı şey olduğunu dəm vururlar amma görürsən ki, həmin şəxslərin tanıdıqları, sevdikləri liderlər Səddam Hüseyn, Qəddafi və ya ən yaxşı halda İmam Xomneyidir. Onlarla söhbət edərkən öz-özümə belə bir sual verirəm: “görəsən bu insanlar öz danışdıqlarına özləri inanırmı?” Danışdığın zaman görürsən ki, biz azərbaycanlıların da Şimali Koreayalı tələbələr kimi dünyada gedən proseslərdən xəbərsizik. Lakin onlardan fərqli olaraq bizdə günahkar dövlət deyil, dünya görüşümüzün cılız olmasıdır.
Bir dəfə iş yoldaşlarım İran və Qərb demokratiyasından danışırdıq. Sonda iş yoldaşlarım belə qərara gəldi ki, “İran Qərbdən daha demokratik dövlətdir, çünki benzin ucuzdur və neftdən gələn puldan hər ay vətəndaşlarına 50 dollar verir”*.
Həqiqətən qulaqlarıma inanmadım. Bir dövlət təsəvvür edin ki, orada vicdan azadlığı yoxdur. Az yaşlı uşağın gözü qarşısında atası asılır, və uşağı pis olmasın deyə adam dar ağacının altı gülümsəyərək, uşağına əl edir. Ölkə erkən feodalizm zamanı qəbul edilmiş qanunlarla idarə edilir. Hətta dövlət insanların geyiminə də qarışır və s. Lakin bizim siravi azərbaycanlı üçün bunlar əsas deyil. Əsas odur ki, İranda benzin ucuzdur və insanlar ayda 50 dollar alırlar*.
Əminəm ki, sizlər sosyal şəbəkələrdə paylaşılan Liviyanın “firavan” Qəddafili günlərindən bəhs edən statusları görmüsünüz. Bu statusların altına yazılan şərhləri oxuyanda mən öz millətimi anlaya bilmirəm. Adamlar Qəddafini bir tərifləyirlər bir tərifləyirlər, deyərsən ki, tərif etdikləri şəxs Qəddafi deyil, atalarıdı. Həmin statusda isə Qəddafinin vaxtında benzinin və bəzi ərzaq mallarının ucuz olmasından bəhs edilir. Ancaq Qəddafinin xarici banklardan gizlədilən pulları, özünə seks köləsi etdiyi livyalı gənc qızları, vicdan azadlığının olmaması, ölkənin 1400 il əvvəl verilən qanunlarla idarə edilməsi, pedofiliya, qadın sünnəti və s. kimi faktlar yenə də azərbaycanlıların vecinə deyil. Hətta bəzi şəxslər belə statusların altına pafoslu cümlələr yazaraq livyalıların nə qədər nankor olduqlarını və belə “yaxşı” insanın qədrini bilmədiklərini yazması insanda sadəcə təəssüf hissi oyadır. Nəyə görəsə biz azərbaycanlılar unuduruq ki, Liviyanın bugün düşdüyü bu vəziyyətə görə ən böyük günahkar elə yenə də Qəddafinin özüdür, Qərb və Massonlar deyil. Eyni sözü biz Suriya üçün də deyə bilərik. Axı, əgər xalq səni istəmirsə sənin üçün ən yaxşı şey hakimiyyətdən getməyindi daha xalqın üzərinə silahlı ordu, tanklar göndərmək deyil. Bunu ən yaxşı biz azərbaycanlılar bilməliyik. Çünki keçən əsrin 90-cı illərində az qala Azərbaycan da həmin aqibəti yaşayacaqdı. Ancaq Qəddafi və Əsəddən fərqli olaraq Azərbaycanın o vaxtki prezidentləri Mutəllibov və Elçi bəy sadəcə çıxıb getdilər, əhalinin üzərinə tank göndərmədilər. Ancaq Qəddafi və Əsəd bunu etmədi. Çünki onlar üçün hakimiyyət öldürülən vətəndaşlarından daha önəmlidir. Təssüf ki, bizim insanlarmız bunu görmür. Bizim insanlarımız bir dövlətin inkişafını həmin dövlətdəki benzin qiyməti ilə təyin edir. Əgər hər hansı dövlətdə benzin və maşın ucuzdursa deməli həmin dövlətdə demokratiya var. Sanki, azərbaycanlılar üçün benzinin qiyməti demokratiya əyyarıdı.
* P.S. Bir insan kimi İranın hər vətəndaşlarına ayda 50 dollar verməsinə inanmıram. Çünki birinci dövlət o qədər pulu əhaliyə versə sağ qalacağına inanmıram, ikinci belə olsa onda gərək İranda heç kim işləməsin. Ancaq mən eşitdiyimə görə İranda heç də hamı xan kimi yaşamır. Əl qərəz, bu məlumatın nə qədər düzgün olduğunu öyrənmək üçün internetdə axtarış verdim qarşıma “50 dollars” yerinə “50 lashes in İran” (İranda 50 şallaq) çıxdı.
Oxunub: 2241