Bakıda avtobus sürücüsü sərnişini ölümdən qurtardı - VİDEO


15:09     29 Mart 2017 bakubus-azvision_1490770416.jpg

“Bakubus”un sürücüsü səhhəti pisləşən sərnişinə yardım edib.


“BakuBus” MMC-dən Femida.az-a verilən məlumata görə, hadisə martın 26-sı saat 18:40 radələrində Azadlıq Prospekti - 28 may metrostansiyası istiqamətində 8 nömrəli marşrut xəttində hərəkət edən “BakuBus”a məxsus avtobusda baş verib.

“Hadisə ilə bağlı təqdim olunan videogörüntüdən də aydın olur ki, avtobus Neftçi İdman Sağlamlıq Mərkəzinə yaxınlaşarkən sərnişinlərdən birinin qəflətən səhhəti pisləşib və müvazinətini itirərək yerə yıxılır. Bu zaman sürücü avtobusu təhlükəsiz yerdə saxlayaraq halı pisləşmiş sərnişinə yardım edir. Sərnişinin huşunu itirdiyini görən sürücü onu avtobusun salonundan təhlükəsiz şəkildə kənara çıxarır və daha sonra avtobusda olan tibbi yardım vasitələrindən istifadə etməklə sərnişinə ilk tibbi yardımı göstər. Bundan sonra sürücü sərnişini əraziyə çağrılmış təcili tibbi yardım əməkdaşlarına təhvil verir.

Qurumdan bildirilib ki, hər bir avtobus sürücüsü zərurət yarandıqda sərnişinə yardım etməyi bacarmalıdır və bu hadisə zamanı da sürücü öz vəzifə borcunu layiqincə yerinə yetirib və insani davranış sərgiləyib.

"“BakuBus” sürücülərinin hər biri bu kimi hallarla bağlı təlimatlandırılıb və xususi kurslara cəlb edilib. Keçirilən kurslarda onlara nəzəri biliklərlə yanaşı, ilkin tibbi yardım qaydaları ilə bağlı praktiki məşgələlər də keçirilir. Bununla yanaşı, bütün avtobuslarımızda sürücü kabinəsində “Sürücünün yaddaş kitabçası” var. Həmin kitabçada ilkin tibbi yardımla bağlı ətraflı məlumatlar əks olunub. Eyni zamanda qəza, fövqəladə hal və ya bədbəxt hadisələr zamanı ilk olaraq, hansı qaydalara əməl etmək və baş verən hadisə zamanı zərərçəkənə ilkin tibbi yardımın göstərilməsi qaydaları izah olunub. “BakuBus” şirkəti olaraq, qarşımıza qoyduğumuz əsas hədəf hər zaman keyfiyyətli xidmətimizlə seçilməkdir. Biz çalışırıq ki, sürücülərimizin peşəkarlığını daim artıraq, onlara müsbət kefiyyətlər aşılayaq. Son zamanlarda baş vermiş bu kimi hadisələr zamanı sürücülərimizin peşəkarlığı və öz işlərinə məsuliyyətlə yanaşmaları görülən işlərin müsbət nəticəsi kimi qarşımıza çıxır".




Femida.az

Açar sözlər:

Oxunub: 1595