“Ərdoğan və Putinin arasını vurmağa çalışırlar”


18:03     07 Avqust 2015 1429754753_large_83cb1044eb.jpg

“Kimlərsə müxtəlif saytlar vasitəsilə Putinlə Ərdoğanın arasına girməyə, münasibətləri gərginləşdirməyə çalışırlar”.


Bunu Femida.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

“Necə gündür saytlar belə bir xəbər yayırlar ki, guya Rusiya prezidenti Vladimir Putin Türkiyənin Rusiyadakı səfirini yanına çağıraraq Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanı hədələyib, hətta Ankaranı müharibə ilə qorxudub.Bəzi saytlar mənim də xəbərə münasibətimi öyrənmək istəyirlər. Bu xəbərin doğruluğu məndə bəri başdan böyük şübhə doğururdu. Ancaq hər ehtimala qarşı Türkiyənin Rusiyadakı səfiri Ümid Yardımla əlaqə saxladım. Ümit bəylə Bakıda çalışdığı illərdən dostuq və əlaqəni itirməməyə çalışırıq. Ümit bəy xəbərin tamamən yalan olduğunu, Putinlə nə görüşdüyünü, nə də olmayan görüşdə Putinin Ərdoğanı hədələdiyini dedi. Təəssüf ki, hazırda gerçəyi olmayan xəbər əsasında şərhlər yazılır. Görünür, kimlərsə müxtəlif saytlar vasitəsilə Putinlə Ərdoğanın arasına girməyə, münasibətləri gərginləşdirməyə çalışırlar”.

Politoloq Ərdoğanla Putinin münasibətlərinin korlanmasında erməni lobbisinin maraqlı olduğunu deyib:

“Məsələ burasındadır ki, Ərdoğan yaxın müddətdə Putinlə görüşməli, ikitərəfli əlaqələri müzakirə etməlidir. Hadisələrin bu istiqamətdəki inkişafı isə erməni lobbisinin maraqlarına cavab vermir. Mən özüm də Putinin xarici siyasətini tənqid edənlərdənəm. Ancaq Putin oturduğu yerdə Türkiyə ilə münasibətləri niyə korlasın ki? Əksinə, Qərbin sanksiyaları ilə boğuşan və təklənən Putinə bu gün Türkiyə ilə strateji tərəfdaşlıq hava-su kimi lazımdır”, - deyə E. Şahinoğlu qeyd edib.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 1879