Ermənistan müharibəni seçdi: Eşşəklə Təlxək hakimiyyəti ələ aldılar

15:41     03 Aprel 2017 Capture57.JPG

Ermənistanın Mərkəzi Seçki Komissiyası ölkədəki seçki məntəqələrinin tam əksəriyyətindəki məlumatları artıq təhlil edib.


Bülletenlərin sayına və sonuclara görə, ölkədə iqtidarda olan Ermənistan Respublika Partiyası səslərin 49,2 faizini toplayıb. "Eşşək Qaqo" ləqəbli oliqarx Qagik Sarukyanın rəhbəri olduğu "Çiçəklənən Ermənistan" Partiyasının yaratdığı "Sarukyan" bloku 27,39 faizini, "Yelk" bloku - 7,71 faizini, Erməni İnqilabi Federasiyası-Daşnaksutyun - 6,6 faizini, Ermənistan İntibah Partiyası - 3, 72 faizini, "Ohanyan-Raffi-Oskanyan" (ORO) bloku - 2,08 faizini, Azad Demokratlar Partiyası - 0,93 faizini, Ermənistan Milli Konqresi - Ermənistan Xalq Partiyası - 1,62 faizini, Ermənistan Kommunist Partiyası isə 0,74 faizini toplayıb.



Yəni Ermənistan parlamentinin yeni heyətini Ermənistan Respublika və "Çiçəklənən Ermənistan" partiyaları müəyyənləşdirəcəklər.

Ermənilərin "Dodi Qaqo", yəni "Eşşək Qaqo" adlandırdıqları Qagik Sarukyan ölkənin ən varlı oliqarxlarından biri olmaqla yanaşı, sabiq prezident Robert Köçəryanın biznes tərəfdaşı idi. Fəqət, o, ötən ilin sonlarında Köçəryandan aralandı, münasibətləri kəsdi, "böyük siyasəti tərk etdiyi"ni dedi və guya partiya sədrliyindən istefa verdi.

Beləcə, Serj Sarkisyanın ölkənin idarəetmə rıçaqlarını itirməməsi üçün hazırladığı ssenarinin oyunçularından birinə çevrildi.

"Təlxək" ayaması ilə tanınan Serj Sarkisyan isə toxtaya bilər. Seçkilərin tam qalibi, hətta triumfatoru məhz odur.

Prezidentlik səlahiyyətləri başa çatandan sonra da hakimiyyəti tərk etməmək üçün S.Sarkisyan ötən ilin əvvəllərində Ermənistanın "yarıprezident-yarıparlament" üsul-idarəli ölkəyə çevrilməsi üçün hazırladığı kombinasiyanı işə saldı.

Əvvəlcə Robert Köçəryan zəiflədildi, onun partiyasına ağır zərbələr vuruldu. Daha sonra Qagik Sarukyana ciddi xəbərdarlıqlar edildi, "Çiçəklənən Ermənistan"ın ideoloqu və ən populyar funksioneri, sabiq XİN başçısı Vardan Oskanyan repressiyalara məruz qaldı, faktiki olaraq susduruldu.

Daha sonra S.Sarkisyan daşnakları "ram etdi", onları yeni "hakimiyyət koalisiyası"na daxil olmağa razılaşdırdı.

Bir qədər də keçdi və kombinasiyanın əsas mərhələsi başlandı: Ermənistan Konstitusiyasına əlavələr və dəyişikliklərlə bağlı referendum keçirildi.

S.Sarkisyan rejimi referendumda "gərəkli nəticə"ni təmin etdi, bunun üçün bütün inzibati resursları işə saldı və hər səsvermədə olduğu kimi, total saxtakarlıqlardan yararlandı.



Beləcə, postsovet məkanında ilk dəfə olaraq hakimiyyətin ən primitiv və idiotik şəkildə qəsb olunması mexanizmi işə salındı. S.Sarkisyan ikinci prezidentlik səlahiyyətləri müddəti başa çatandan sonra vəzifəsini tərk edəcək. Amma o, hakimiyyətdə qalacaq, çünki parlamentdə ən böyük fraksiyalar yaradacaq Ermənistan Respublika Partiyası, "Çiçəklənən Ermənistan" və Daşnaksutyun S.Sarkisyanı baş nazir seçəcəklər.

Ermənistan Konstitusiyasına edilmiş əlavələr və dəyişikliklərdən sonra baş nazir faktiki olaraq dövlət başçısı səlahiyyətlərinə malikdir. Prezident isə adi fiquranta çevriləcək.

Primitiv qisas

Ermənistanın sabiq xarici işlər naziri, İrs Partiyasının sədri Raffi Hovvanisyan 2013-cü ildə keçirilmiş prezident seçkilərində səslərin 36,75 faizini toplamışdı.

Təbii, real göstərici daha çox idi və bu rəqəmlər Ermənistan Mərkəzi Seçki Komissiyasının zorla etiraf etdiyi statistikadır. R.Hovvanisyan həmin seçkilərin sonuclarını tanımadı, özünü qalib elan etdi.

İrs Partiyası bu seçkilərdə minimum 40 deputat mandatı almaq niyyətində idi.

Dağlıq Qarabağdakı terrorçu rejimin sabiq "müdafiə naziri" Samvel Babayan da parlamentdə təmsil olunmaq istəyirdi. Əslində, ORO alyansının yaradıcısı və təşkilatçısı idi.

S.Babayan prezident S.Sarkisyanın helikopterini vurmaq üçün Gürcüstandan "İqla" zenit-raket kompleksini keçirməkdə suçlandı və həbs olundu.

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan postundan kənarlaşdırılandan sonra S.Sarkisyandan işlə bağlı bir neçə təklif alsa da, onların heç biri qəbul etmədi və hakimiyyətə alternativ düşərgəyə, müxalifətə keçdi.



Sadalanan şəxslərin hamısı parlament seçkilərində nisbətən məqbul nəticələrə ümid edirdilər. Lakin onların heç biri parlamentə buraxılmadı.

S.Babayanı həbs etməklə ORO blokunu zəiflədən S.Sarkisyan, eyni zamanda, R.Hovvanisyanla S.Ohanyanı da ali qanunverici orqandan kənarlaşdırdı.

Səbəb? Ermənistanın Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi açıqlamalara görə, onların alyansları və partiyaları 5 faizilik barajı aşmaq üçün yetərincə səs yığa bilməyblər.

Bu iddianın absurdluğunu sübut etməyə ehtiyac yoxdur. Sadəcə, onu yazaq ki, 2013-cü ildə elə həmin MSK-nın bəyanatına görə, R.Hovvanisyan prezident seçkilərində 36,75 faiz səs yığmışdı. Ötən 4 il ərzində Ermənistanın durumunun daha da ağırlaşdığını, iqtisadi, demoqrafik, siyasi vəziyyətin az qala fəlakət həddinə çatdığını, üstəlik ötən ilin aprelin əvvəlində Ermənistan qoşunlarının "dördgünlük müharibə"də məğlubiyyətə uğrayaraq hücum cəhdindən sonra geri qaçdığını da nəzərə alsaq, Serj Sarkisyan hakimiyyətinin əleyhdarlarının, İrəvandakı iqtidardan narazıların sayı daha da artıb. Müxalifət mənsublarına verilən səslərin sayının rəsmi statistikadan dəfələrlə artıq olduğu faktdır.

Amma statistikaya görə, böhranlar, fəlakət və məğlubiyyətlər, sən demə, S.Sarkisyanın tərəfdarlarının sayını daha da "artırıb".

Qalib Rusiyadır

Ermənistanda başa çatmış parlament seçkilərindən sonra ölkəni kütləvi etiraz aksiyaları gözləyir. Çünki sabiq prezidentlər Levon Ter-Petrosyan və Robert Köçəryan, habelə sabiq XİN başçıları Raffi Hovvanisyan, Vardan Oskanyan ilə keçmiş müdafiə naziri Seyran Ohanyanın parlamentə düşmək üçün zəruri 5 faizlik barajdan saxtakarlıq yolu ilə kənarda saxlanmaları asan "udulası həb" deyil.



İndiyədək ətalətdə, faktiki letargiya yuxusunda olan erməni müxalifəti ayılacaq və S.Sarkisyan hakimiyyəti illərində bəlkə də ən güclü müxalif müqaviməti ilə qarşılaşacaq.

Fəqət, seçkilərin digər, daha doğrusu əsas sonucu başqadır: bu saxtakar və yalan seçimlərin əsas qalibi Rusiyadır.

Bu günədək Ermənistanı hakimiyyətdəki marionetka Serj Sarkisyan və onun Rusiyanın göstərişi ilə təyin etdiyi baş naziri Karen Karapetyanın vasitəsilə idarə edən Moskva indi müxalifəti də ələ alacaq.

5 partiya və 4 siyasi blokun parlament mandatları uğrunda mübarizəı apardığı son seçkilərdə baş nazir Karen Karapetyan faktiki olaraq Sarkisyan hakimiyyətinin "sima"sına çevrildi. O, sabiq baş nazir Ovik Abramyanı da qabaqladı.

S.Sarkisyanın sədr olduğu Ermənistan Respublika Partiyası inzibati resurslar və əsasən dövlət büdcəsinin vəsaiti hesabına "qələbə"ni təmin etdi.

Seyran Ohanyan, Vardan Oskanyan və Raffi Hovvanisyanın fevralın 13-də yaratdıqları ORO bloku da maraqlı alyans ola bilərdi. Olmadı, çünki 2016-cı ilin oktyabrında müdafiə naziri postundan kənarlaşdırılmış S.Ohanyan bütün cəhdlərinə rəğmən, "müxalif siyasətçi" təsiri bağışlaya bilmədi.

Və budur - Moskvanın kreaturaları olan K.Karapetyan və Q.Sarukyan sonuclardan razı qala bilər. Doğrudur, Vardan Oskanyan uduzdu, amma ssenaridə ona məhz "məğlub" rol ayrılmışdı. Moskva seçkilərdə məğlub olmuş V.Oskanyanın vasitəsilə erməni müxalifətinin ən radikal, kütlə arasında populyar qisminə nəzarət etmək, idarəetmə rıçaqlarına yiyələnmək niyyətindədir.

Adlarını çəkdiyimiz insanların hamısı Rusiyanın fiqurlarıdır.

Məsələn, Ermənistanın baş naziri Karen Karapetyan "Qazprom"un idarə etdiyi şəxsdir və biznes aktivləri də Rusiyadadır.



Ermənistanda aşkar anti-Rusiya mövqeli siyasətçilərlə təşkilatların güclənməsinə imkan verməmək üçün Moskva prezident Serj Sarkisyana alternativ siyasətçilərə də stavka etməyə başlayıb. Məqsəd zərurət yaranacağı təqdirdə Ermənistanda "sivil" hakimiyyət çevrilişi edərək Rusiyanın idarə etdiyi adamları iqtidara gətirməkdir.

Bununla yanaşı, Moskva S.Sarkisyanın dəstəsini parçalamağa və zəiflətməyə, bununla da daimi nəzarətdə saxlamağa çalışır.

Rusiya Ermənistanın xarici və daxili siyasətinə təzyiq strategiyasını davam etdirir, anlayır ki, ermənilərin siyasi landşaftında bütün tərəflər arasında ram olunmuş fiqurlara malik olmaqla ehtiyacın yarandığı təqdirdə rəsmi İrəvanı tam kontrolda saxlamaq mümkündür.

Ermənistan savaşı seçdi

Parlament seçkilərinin digər nəticəsi isə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlar prosesində Ermənistanın mövqelərini daha da sərtləşdirməsi, aqressivləşdirməsi olacaq.

Ermənistandakı bütün seçkilərdə olduğu kimi, son səsvermədə də total saxtakarlıqlar, yalan, fırıldaqlar və s.-dən istifadə olundu. Çünki belə ölkələrdə seçicilərin necə səs verməsi yox, o səslərin kim tərəfindən və necə sayılması önəmlidir.

Seçkilər günündə müxtəlif məntəqələrdə 153 qanun pozuntusunun qeydə alınması barədə rəsmi açıqlama da tragikomediyadır.

Ermənistan Polisi və Mərkəzi Seçki Komissiyası, əslində, belə açıqlama verməyə də bilərdi. S.Sarkisyan rejimi istisnasız olaraq bütün seçki məntəqələrində genişmiqyaslı saxtakarlıqların reallaşdırıldığı bu "seçki"lərdə, ümumiyyətlə, qanun pozuntularının qeydə alınmadığını da deyə bilərdilər.

Amma, görünür, seçkilərə demokratik proses görüntüsü vermək üçün "xırda-xuruş pozuntular"la bağlı rəsmi bəyanatlar səsləndirilib.

Bu seçkilərdə cəmi bir ölü oldu ki, o da seçki məntəqəsində yaşlı erməni qadının cəsədinin aşkarlanması oldu.

2008-ci ildəki prezident seçkilərində, Serj Sarkisyanın hakimiyyət Olimpinə yolunun önəmli addımının atıldığı vaxtda 10 nəfərin İrəvanda güllələndiyini, kütləvi etiraz aksiyalarının qan içində boğulduğunu nəzərə alsaq, ermənilərdə "seçki demokratiyasının inkişafı"ndan danışmaq olar.



Ölü sayına görə...

Reallıq isə tam fərqlidir. Belə ki, Ermənistandakı seçkilərdə müşahidəçilər 1865 qanun pozuntusunu qeydə alıblar. Təbii ki, bu pozuntuların istisnasız olaraq hamısını Sarkisyan iqtidarı təkzib edəcək, "olmayıb, baş verməyib, yalandır" deyəcək və artıq deyir də.

Rəsmi İrəvan guya bu seçkilərdə innovasiyaları tətbiq etdi, seçiciləri barmaq izləri ilə, biometrik olaraq müəyyənləşdirən qurğulardan istifadə etdi.

Səsvermənin sonuclarının da məhz bu qurğulara əsasən hesablandığı və bu minvalla "bir seçici-bir səs" prinsipinə guya riayət olunduğu deyilir. Lakin taleyin ironiyasına bax ki, Ermənistan prezident Serj Sarkisyan seçki məntəqəsinə yollanıb səs vermək istəyəndə bu qurğuda nasazlıq yarandı. Sarkisyan bir yox, üç barmağını növbə ilə qurğuya yaxınlaşdırdı ki, bu "innovativ sistem" çalışsın.

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanla da bağlı eyni situasiya idi. O, Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə həllini təklif etmişdi, indi də bu mövqeyində qalır.

Lakin S.Sarkisyana adekvat insanlar gərək deyil.

Ona "Eşşək Qaqo" ləqəbli Qagik Sarukyan, fəaliyyəti terror və zooloji şovinizm üzərində köklənmiş Daşnaksutyun kimi "koalisiya müttəfiq"ləri gərəkdir.

Dağlıq Qarabağ məsələsi S.Sarkisyanın siyasi fəaliyyəti ilə yanaşı, fiziki mövcudluğunu müəyyənləşdirən məqam olduğundan seçkilər ərəfəsində səslənən militarist ritorikanın, "Azərbaycan ərazisində 12 hədəfi müəyyənləşdirmişik, hər an vura bilərik" tipli sərsəmləmələrin rəsmi İrəvanın düşüncə və anlam tərzini göstərdiyi nüanslar olduğunu da deyə bilərik.

Ermənistan rəhbərliyi müharibəni seçdiyini vurğulayır. Fəqət, reallıq odur ki, hürən it dişləməz - İrəvan da xarici siyasətində asılı olduğundan, onun bundan sonrakı qərarlarının və davranışının hansı istiqamət alacağını görəcəyik.

Yetər ki, bu itin sahibi əmr versin...(Milli.az)

Femida.az

Açar sözlər:

Oxunub: 2972