Aprel döyüşləri fərarilərin sayını azaltdı - ARAŞDIRMA


17:05     04 Aprel 2017 672489_4789460.jpg

Hər il Azərbaycan ordusundakı fərarilik hallarının sayı ilə bağlı statistik məlumatlar açıqlanır. Sevindirici məqam ondan ibarətdir ki, ötən illərlə müqayisədə ordudan fərari olan hərbi qulluqçuların sayı ciddi dərəcədə aşağı düşüb. Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev ötən ay keçirdiyi geniş kollegiya iclasında vurğuladı ki, 2015-ci ilə nisbətən 2016-cı ildə Silahlı Qüvvələrdə qeydə alınmış fərarilik halları 69,2 faiz azalıb.


Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, fərarilik hərbi qulluqçunun xidmətdən üç aydan artıq müddətə hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi), yaxud müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni və ya xidmət yerini özbaşına buraxıb getməsi və ya xidmət yerinə qayıtmamasıdır.

Fərarilik edən hərbi qulluqçu üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Hərbi ekspertlər də fərarilik hallarının ciddi şəkildə azaldığını vurğuladılar.

Ekspert Üzeyir Cəfərov hesab edir ki, əsgər hərtərəfli diqqət və qayğı ilə əhatə olunsa, ümumiyyətlə fərarilik halları ilə rastlaşmarıq. Onun fikrincə, fərariliyi yaradan səbəblər müxtəlif ola bilər:

“Doğrudur, faiz dərəcəsi ilə baxdıqda Azərbaycanda fərarilik halları ilə bağlı ciddi azalma müşahidə olunmaqdadır. Lakin hər halda fərariliyin kökü 100 faiz kəsilməyib. Baxsaq, görərik ki, fərariliyin çox dərin kökləri var. Bunu yaradan səbəblər həm əsgəri xidmətlə, həm hərbi hissədə mövcud olan ümumi ab-hava ilə bağlı ola bilər. Əsgərin gündəlik yaşam şəraitindən tutmuş, onun xidməti vəzifələrinin icrasına qədər olan məsələlərdə fərarilik halları özünü göstərə bilər. Əgər əsgərə hərtərəfli diqqət və qayğı varsa, “dedovşina” adlandırdığımız bəla tərbiyəsizlik yoxdursa və nizamnamənin tələbləri birmənalı olaraq yerinə yetirilirsə, ümumiyyətlə fərarilik halları ilə qarşılaşmarıq. Əsgərin yatması, durması, istirahəti, gigiyenası yerindədirsə, o heç vaxt fərarilik etməz. Əsgər də canlı bir varlıqdır və elə hallar olur ki, hər şeyi qaçıb canını qurtarmaqda görür. Əvvəlki illərdə əsgərlərimizin ərzaq təchizatı ilə bağlı müəyyən problemlər var idi. Belə ki, evdə komfort şəraitdə yaşayan və ləziz milli xörəklər yeyən şəxs hərbi xidmətə yollandıqdan sonra qidaya uyğunlaşma problemi yaşayırdı. Nəticədə ya ordudan qaçırdı, ya da çox çətinliklə adaptasiya olurdu. Lakin çox sevindiricidir ki, bü gün hərbi hissələrdə əsgərlərin qida şəraiti də xeyli dərəcədə yaxşılaşdırılıb”.



Ekspert onu da vurğuladı ki, aprel döyüşləri fərarilik hallarının azalmasına zəmin yaratdı:

“Aprel döyüşlərində sıravi əsgərlərlə yanaşı, yüksək rütbəli zabitlərimiz, gizirlərimiz şəhid oldu. Bu döyüşlərin gənclərimiz üzərində çox böyük mənəvi və tərbiyəvi rolu oldu. Deyərdim, aprel döyüşlərindən sonra fərarilik hallarının sayında da xeyli azalma müşühidə olunmaqdadır”.

Üzeyir Cəfərov indiki şəraiti sovet hakimiyyəti illərində olan vəziyyətlə müqayisə etdi:

“Bu gün dəyərlər liberallaşdırılıb. Əvvəllər fəralik edən şəxslərə daha sərt cəzalar verilirdi. Sovet hakimiyyəti illərində maariflənmə işi fərqli qaydalarla aparılırdı. Kommunist partiyasının konkret siyasi xətti var idi və ordu da bu xəttə uyğun idarə olunurdu. İndi isə ordu siyasətdən kənardır”.

Üzeyir Cəfərov bildirdi ki, fərariliyin aradan qaldırılması üçün kompleks tədbirlər görülməli və hər bir əsgərlə fərdi qaydada münasibət qurulmalıdır:

“Mən iki böyük hərbi hissənin şəxsi heyət üzrə komandir müavini olmuşam. 10 minlərlə şəxsi heyətlə bilavasitə təmasda olmuşam. Mən hər bir əsgərə fərdi yanaşmağın tərəfdarı olmuşam. Bir əsgər pisdir deyə, bütün bölməni incitmək olmaz. Fərarilik edən əsgərin məhkəməsini digər əsgərlərin gözü qarşısında keçirmək lazımdır ki, bir də heç bir əsgər bu yola əl atmasın. Hər şeydən əvvəl komandirlər hər bir əsgərə öz doğma övladı kimi yanaşmalıdır. Maarifləndirmə işi mükəmməl aparılmalıdır. Valideynlər övladlarını ev uşağı kimi böyütməməlidir. Övladlar hərtərəfli maarifləndirilməlidir ki, onlar bu günün məktəblisi, sabahın tələbisi, birisigün isə Azərbaycanın genefondudur. Həmçinin övladlarımıza ayrı-ayrı şəxslərdən, qəhrəmanlarımızdan nümunələr gətirmək lazımdır. Ziya Bünyadov, Həzi Aslanov kimi qəhrəmanlarımız hələ də yaddaşlardadır. Onlar nümunə kimi göstərilməlidir. Orduya yaxşı tərbiyə almış gənclər gəlsə, onlar xidmət müddətlərində həmişə müsbət mənada fərqlənəcəklər. Bəzən çox önəmli məqamları diqqətdən qaçırırıq. Nəzərə almaq lazımdır ki, hər şey bağçadan və məktəbdən başlayır. İndiki şəraitlə 10 il bundan əvvəlki vəziyyət tamamilə fərqlidir. Hər kəsin əlində müxtəlif kanallara çıxışı olan ağıllı telefonlar var. Yəni hansısa müsbət bir fikri aşılamaq çox çətinləşib. Amma bütün bunlara rəğmən maarifləndirmə işləri gecə-gündüz aparılmalıdır. Nəzərə almaq lazımdır ki, cəmiyyətdə olan eybəcərlik bəzən orduya da sirayət edir. Bu gün mülki şəxs olan sabah hərbi qulluqçu ola bilər. Fərarilik narkomaniya kimi bir bəladır. Bəzi valideynlər övladlarını komfort şəraitə uyğunlaşdırırlar. Siqaret çəkən, gecə həyatı sürən gənclər hərbi xidmətə yollandıqda mülki həyatda olan vərdişlərindən əl çəkə bilmir. Əxlaqsızlığa meyilli olan uşaq ordu sıralarında da davranışlarını davam etdirir və nəticə heç də yaxşı olmur. Hərbi xidmət hər dəqiqəsi yazılmış xüsusi bir rejimdir. Əsgər səhər yuxudan durduqdan axşam yatana qədər nəzarətdə olur”.

Hərbi psixoloq Azad İsazadə hesab edir ki, fərarilik hallarının qarşısının alınmasında vətəndaş cəmiyyəti institutlarının və mətbuatın da üzərinə böyük yük düşür:



“Əvvəlcə qeyd edim ki, fərarilik halları əvvəlki illərlə müqayisədə xeyli azalıb. Bu da yəqin ki, aparılan uğurlu islahatlardan qaynaqlanır. Problemi tam aradan qaldırmaq üçün hərbi xidmətlə bağlı təbliğatı ən yüksək səviyyədə aparılmalıdır. Belə olduğu təqdirdə çağırışçılar heç nədən qorxmayacaqlar. Valideyn hərbi hissəyə gəlməli, övladının gündəlik həyatından xəbər tutmalıdır. Mətbuatda elə məqamlar işıqlandırılmalıdır ki, əhali arasında hərbi xidmətlə bağlı ancaq xoş fikirlər səslənsin. İnkişaf etmiş demokratik ölkələrdə ordu üzərində vətəndaş cəmiyyətinin nəzarəti mövcud olur. Bu, çox uğurlu metoddur. Yəni əsgərlərin gündəlik məişət və social həyatı vətəndaş cəmiyyəti institutlarının daimi nəzarətində olur”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 4705