Həbsxanalarda “obşak” varmı ? - ARAŞDIRMA


16:01     05 Aprel 2017 hebsxana58.jpg


“Dedovşina” ifadəsi danışıq dilində tez-tez rast gəlinməsə də, eşitdiyimiz kəlmədir. Bu ifadə ordu ilə bağlı daha çox işlədilir. Rəsmi tərifi isə “nizamnamədən kənar münasibət” deməkdir. Həbsxana həyatında da “dedovşina” halına bənzər “idarə üsulları” mövcud olub.


Azərbaycan həbsxanalarında belə hallar bu gün də varmı ?

Mövzu ilə bağlı Femida.az - ın suallarını cavablandıran vəkil Adəm Məmmədov bildirib ki, “obşak” halları ötən illərə nisbətən xeyli azalıb.





“ Belə hallara görə məsuliyyət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317.1 maddəsi ilə tənzimlənir. Həmin maddənin birinci bəndində qeyd olunur ki, cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşını, habelə məhkumu onun islah olunmasına mane olmaq və ya ictimai vəzifələrini yerinə yetirməsinə görə ondan intiqam almaq məqsədi ilə zor tətbiq etməklə hədələməyə görə beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


Belə hallar baş verdikdə ərazi üzrə rayon prokurorluğu cinayət işi başlaya və materialları məhkəməyə verə bilər. Praktikada belə hallara rast gəlinir. Daha çox dini zəmində, məzhəb ayrı-seçkiliyi fonunda qarşıdurmalara rast gəlmişəm.”

Əvvəlki illərlə müqayisədə belə hallar artıb, ya azalıb?

Vəkil Adəm Məmmədov hesab edir ki, həbsxanalarda əvvəlki illərlə müqayisədə “obşak” hallarına az rast gəlinir. Vəkil bunu aparılan islahatlar və həbsxanalara nəzarətin gücləndirilməsi ilə izah edib.

Bu gün Azərbaycan həbsxanalarında maddəyə görə münasibət qalmaqdadırmı, sualına vəkil Adəm Məmmədov belə cavab verir:

“Maddəyə görə münasibət bu gün də qalmaqdadır. Şəxsiyyət əleyhinə törədilən cinayətlərdə həbsxanalarda münasibət də eynidir. O cür şəxslərdən uzaq olmağa çalışırlar. Normal cəmiyyətdə necədirsə, həbsxanada da o cürdür. Misal üçün zorlama maddəsi ilə həbs olunan şəxsə cəmiyyətdə həqarət olduğu kimi, həbsxanada da bu münasibət var.”


Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, İnsan hüquqları məsələləri üzrə Birgə İşçi Qrupun katibi, hüquq müdafiəçisi Sahib Məmmədov hesab edir ki, Azərbaycan həbsxanalarında bu cür hallar tamamilə aradan qaldırılıb.






“Cəzaçəkmə müəssisələrində əvvəllər ənənəvi “obşak”lar var idi. Bu məhkumların özlərinin yaratdığı formal “qurum” idi. Amma bu gün həmin “qurum” yoxdur. Amma bu gün o tip qruplara oxşar dini qruplaşmalar var. Din təmsilçiləri bir-biri ilə həmrəy olub, dəstək verirlər. Həbsxanalarda kilsə və məscidlər var. Onlar orada ibadətlərini edirlər. Misal üçün 10 saylı cəzaçəkmə müəssisəsində kilsə və məscid var. Amma bu gün qeyri-ənənəvi dinlərin nümayəndələri də həbsxanalarda cəza çəkir. Onlar çalışırlar ki, öz ətraflarına daha çox adam olsun. Hətta əvvəllər dinlə məşğul olmayanları da ətraflarına çağırırlar. Belə hallar bu gün həbsxanalarda var.

Sahib Məmmədov həmçinin maddəyə görə məhbusa münasibətin dəyişmədiyini də qeyd edib.

“İnsan Hüquqları üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri İradə Cavadova hesab edir ki, həbsxanalar da məhbusların bir-birinə qarşı nizamnamədən kənar hərəkətlər əvvəlki illərə nisbətən xeyli azalıb.






“ Bir neçə il bundan əvvəl belə hallar var idi. Bu da kriminal avtoritetlərin qaldığı cəzaçəkmə müəssislərində daha çox idi. Bu gün həmin kriminal avtoritetlər də yoxdur. Bildiyimə görə, bircə Lotu Quli həbsxanada yatır. Bəlkə də, onun olduğu həbsxanada belə hallar ola bilər. Məsələyə ümumilikdə yanaşsaq, o cür hallar əvvəlki illərlə nisbətdə xeyli azalıb. Yadıma gəlir ki, bir neçə il əvvəl həbsxanada şəkər xəstəsinin şpritsini narkomanlar almışdılar. O da bundan şikayət edirdi. Bu isə infeksiya mənbəyidir. Mən demirəm ki, həbsxanalarda vəziyyət tam idealdır. Amma əvvəlki illərlə müqayisədə xeyli irəliləyiş var.”

Femida.az mövzu ilə bağlı keçmiş məhbusdan da münasibət öyrənib. Keçmiş məhbus Sirac Kərimli deyir ki, həbsxanada olduğu müddətdə belə hallara rast gəlməyib.
“ 20 ay həbsxanada olmuşam. Cəza çəkdiyim 10 saylı cəzaçəkmə müəssisəsində məhbuslar arasında nizamnamədən kənar hərəkətlər görməmişəm.”


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 11960