Ölkəyə turist gətirmək əvəzinə turist qaçırdırıq


17:33     08 Avqust 2015 44-turist-havalimaninda-mahsur-kaldi-510897-664x354.jpg

Bu yazını yazmağa vətəndaşların Facebook-da paylaşdıqları fotolar vadar etdi. Bu fotolar Azərbaycan turizminin hələ də problemlər məngənəsində olduğunu göstərdi. İstifadəçilər Batumi, Tbilisi, Borjomi, Antalya, Bodrum və başqa xarici kurortlarda çəkdikləri fotoları paylaşırlar. Bu fotolar arasında Azərbaycan kurortlarını görmək çətin məsələdir.


Femida.az milli.az-a istinadən xəbər verir ki, bu gün Azərbaycanda əhalinin əksəriyyəti yay istirahətini xarici ölkələrdə keçirir. Maddi vəziyyətləri yaxşı olanlar Avropa və Uzaq Şərq ölkələrini, nisbətən zəif imkanlılar isə Türkiyə, Gürcüstan kimi yaxın qonşularımızı seçirlər.

Ölkəmizdə turizm obyektlərinin həddən artıq baha olmasından çox yazılıb. Ona görə də biz bu gün turizmimizin başqa bir probleminə toxunmaq istərdik.

Bu yaxınlarda istirahət üçün Qubanın istirahət mərkəzlərindən birini seçən tanışımız 6 gün ərzində istirahətə 1500 manat pul xərclədiyini deyir. Bu pul yalnız oteldə gecələmək və yalnız səhər yeməyi üçün ödənilib. Günorta və axşam yeməyi üçün isə oteldə fərqli ödəniş etməli olub. O deyir ki, çox nüfuzlu və ən çox reklam olunan obyektlərdən birinə istirahət üçün getmişdi, ancaq bütün istirahəti darıxdırıcı keçib. Yerli turizm obyektlərində ondan pulu alsalar da, maraqlı istirahəti üçün heç nə təşkil olunmayıb. Halbuki ötən il Türkiyədə istirahət edən həmin vətəndaş deyir ki, qardaş ölkənin kurortunda istirahət o qədər maraqlı keçirmiş ki, geri qayıtdıqda niyə az istirahət götürdüklərinə heyfsiləniblər.

Antalyadakı istirahət edən oxucu deyir ki, oteldə keçən hər gün bir-birindən rəngarəng olurdu. Otelin animasiyaçıları hər gün turistlər üçün maraqlı oyunlar, şou-proqramlar təşkil edirdilər. Hər axşam fərqli müğənnilər otelin qonağı olur, bir-birindən gözəl ifaları ilə turistlərin qəlblərini oxşayırdılar.

Ötən il istirahətini Türkiyədə keçirən vətəndaş bu il Azərbaycanda xərclədiyi pullara görə peşman olduğunu deyir.

Azərbaycan, sözsüz ki, Türkiyə kimi bir turizm ölkəsi deyil. Qardaş ölkədə turizmin dərin kökləri var. Bu işdə bizdən ən azı 50-60 il irəlidədirlər. Ona görə də orada turizm xidmətlərinin ölkəmizdən daha keyfiyyətli olması normaldır. Ancaq əsas problem o deyil. Kurort işlədən bizim sahibkarların heç irəliyə getmək istəməməsi təəssüf doğurur.

Artıq 20 ildən çoxdur ki, müstəqil Azərbaycanın turizm sektoru mövcuddur. Bu müddət ərzində yeni və möhtəşəm kurortlar tikilib. Dünyanın populyar brendləri ölkəmizdə otellərini açıb. Ancaq əsas problem obyektlərin görkəmində deyil, idarəetməsindədir.

Təəssüflər olsun ki, xarici görkəminə görə Avropa və dünya standartlarında cavab verən kurortların idarəetməsi hələ də geri təfəkkürlü insanların əlindədir. Onlar turizm obyektinə xalq arasında yayılmış "xozeyin obyekti" kimi yanaşırlar. Uzun müddətli inkişaf planları və hədəfləri yoxdur. Bu gün nə qazandımsa, Allah bərəkət versin deyərək, turizmimizi ətalət içində saxlayırlar. Ətalət ilə hərəkət edən qatar isə əvvəl-axır dayanacaq.

Ətalətdə olan turizmimizi irəli apara biləcək lokomotivlər lazımdır. İnkişaf etmiş turizm ölkələrində təhsil alan və təcrübə toplayan insanlar həmin lokomotivlər ola bilərlər. Bu gün ölkəmizin turizm obyektlərində Avropada və ya heç olmasa Türkiyədə təhsil almış menecerləri görmək çətin məsələdir. Türkiyə və Avropa məktəbi keçmiş menecerlər turizmimizə, sözsüz ki, yeni nəfəs gətirə bilərdilər. Təəssüf ki, bunu hələ də görmək mümkün deyil.

Bütün sahələrdə olduğu kimi, turizm sahəsində təhsilsizlik özünü göstərir və bizi qonşularımızdan xeyli geriyə salır.

Açar sözlər:

Oxunub: 895