Kriminal xəbərləri yaymaq təbliğat hesab oluna bilərmi? – ARAŞDIRMA


19:00     06 Aprel 2017 17814150_982934791842718_1200425515_n.jpg

Hüquqşünas: “Təkcə cinayət yox, cinayət törədən şəxsin hansı cəza ilə məhkum olunması da işıqlandırılmalıdır”


Bəzən elə olur ki, hansısa kriminal xəbərin, yaxud da mental dəyərlərimizə zidd olan davranışların kütləvi informasiya vasitələrində işıqlandırılması cəmiyyətdə birmənalı qarşılanmır. Bir çoxları tərəfindən irad tutulur ki, bu cür informasiyaların yayılması əslində həmin davranış və cinayətkarlıq əməlinin təbliğatına səbəb ola bilər.

Görəsən, doğrudanmı kriminal xəbərlərin yayılması cəmiyyətin yanlış istiqamətə yönləndirilməsinə səbəb olur?

Femida.az məsələ ilə bağlı araşdırma aparıb.

Tanınmış jurnalist Qulu Məhərrəmli hesab edir ki, Azərbaycan mediasında peşəkarlıq, məsuliyyət hissi xeyli dərəcədə aşağı düşüb və jurnalistlər öz missiyalarını dəqiq anlaya bilmirlər. Onun fikrincə, hətta rəsmi olsa belə, bütün kriminal xəbərlərin işıqlandırılmasına ehtiyac yoxdur:

“Çox qəribə cəmiyyətdə yaşayırıq. Yaşadığımız mühitdə təəssüf ki, heç bir norma, ölçü yoxdur. Əgər işıqlandırılan kriminal xəbər baş verən hadisəyə qarşı bir etiraz yaradırsa, media öz funksiyasını yerinə yetirir. Məsələ burasındadır ki, bizim cəmiyyətdə kriminal xəbərlərə əyləncə xəbəri kimi yanaşırlar. Azərbaycan mətbuatında kriminal xəbərlər gündəlik adi hadisələrin xronikası kimi təqdim olunur. Cəmiyyətdə də elə təsəvvür yaranır ki, bütün ölkədə baş verən hadisələrin böyük hissəsi kriminal xəbərlərdən ibarətdir. Fikrimcə, kriminal xəbərlərin hamısının mətbuatda işıqlandırılmasına ehtiyac yoxdur. Tutaq ki, bir nəfər qonşusundan oğurluq edirsə, bunun mətbuata çıxarılmasında zərurət görmürəm. Yaxud da dünən ölkə gündəmini zəbt edən əminin qardaşı qızı ilə evlənməsi xəbəri də mətbuatda işıqlandırılmamalı idi. Əvvəla, ona görə ki, həmin hadisənin doğru, yaxud yalan olduğunu bilmirik. Çünki ortada heç bir sənəd-sübut, ittiham olunan adam yoxdur. Bir qadın keçmiş ərindən şikayət edir, mətbuat isə onun əsasında ictimai rəyə materiallar ötürür. Sual olunmalıdır ki, bu cür material mediada işıqlandırılmalıdır, ya yox? Jurnalist məlumatı dəqiqləşdirməli, ətraflı araşdırma aparmalı, ittiham olunan şəxsi ortaya çıxarmalıdır. Ən aşağısı bir neçə mənbədən məlumatın səhihliyini yoxlamalıdır. Xəbərin parametrləri var. Dəqiqləşdirilməlidir ki, bu xəbərin ictimai önəmi var, ya yox? Bütün bunlar onu göstərir ki, bizim mediada peşəkarlıq, məsuliyyət hissi xeyli dərəcədə aşağı düşüb. Jurnalistlər medianın missiyasını dəqiq, dürüst anlamırlar. Söhbət keyfiyyətsiz və əsası olmayan xəbərlərin yayılmasından gedir. Bir jurnalist kimi bütün bunlar məni çox məyus edir”.



Qulu Məhərrəmli bildirdi ki, media qurumları polis idarə və şöbələrindən gələn xəbərləri də ciddi şəkildə süzgəcdən keçirməlidir:

“Polis maraqlıdır ki, üstünü açdığı cinayət işləri mətbuatda işıqlandırılsın. Jurnalist özü götür-qoy etməlidir ki, bu xəbər işıqlandırıla bilər, ya yox? Bütün qurumlar özlərinin işi ilə bağlı yalan, ya doğru hesabat verirlər. Media qurumuna gün ərzində yüzlərlə material gələ blər. Jurnalistin peşəkarlığı ondadır ki, bunların içərisindən ən lazım olanı seçə bilsin. Saytlar yazmağa material tapmayanda lazımsız xəbərləri tirajlayırlar. Cəmiyyətə xeyir vermək istəyiriksə, xəbərin kökü, səbəbi ilə məşğul olmalıyıq. Jurnalist öz işini bu istiqamətdə aparmalıdır. Polisin verdyi ilkin məlumat doğru olmaya da bilər. Məsələn, əvvəlcə polis şöbəsinə istinadən “bacı qardaşını zorladı” xəbəri yayılır, sonra məlum olur ki, onlar doğma bacı-qardaş deyilmişlər, yaxud da hansınınsa psixi pozğunluğu var imiş. Ona görə də hesab edirəm, jurnalist xəbəri yaymamışdan əvvəl xeyli götür-qoy etməlidir”.

Azərbaycanda kriminallardan bəhs eləyən bir çox verilişlərin müəllifi kimi tanınan jurnalist Pərviz Əbubəkirovun fikrincə, burada əsas məqam xəbərin hansı formada çatdırılmasından ibarətdir. O hesab edir ki, kriminal xəbər cəmiyyətə çatdırılarkən cinayət törətməyin çıxış yolu olmadığı cəmiyyətə aşılanmalıdır:

“Əgər xəbərlər düzgün qaydada cəmiyyətə çatdırılırsa, bu, cinayətin təbliğatı yox, sadəcə olaraq maarifləndirmə məqsədi daşıyır. Yəni hansısa bir şəxsin oğurluq edərək tutulmasını göstəririksə, biz mütləq materialın sonunda qeyd edirik ki, filan maddə ilə cinayət işi açılır və bu maddə ilə ittiham olunan şəxsləri filan müddət azadlıqdan məhrumetmə cəzası gözləyir. Yəni bizim kriminal xəbərləri işıqlandırmaqda mqəsədimiz odur ki, başqalarını bu cür əməlləri törətməkdən çəkindirməkdir. Əgər qısqanc ər həyat yoldaşını qətlə yetirirsə, jurnalist bunu elə işıqlandırmalıdır ki, qətlin heç bir ailə münaqişəsini həll etmədiyi üzə çıxsın. Biz cəmiyyəti o istiqamətə yönəltməliyik ki, kimsə arvadı ilə yola getmirsə, boşansınlar. Bir sözlə, cinayətin çıxış yolu olmadığı fikri cəmiyyətə aşılanmalıdır. Bəzən jurnalist həmkarlarımız azyaşlılar tərəfindən törədilən cinayətlərdə onların adlarını çəkir, fotolarını yayırlar. Bilmək lazımdır ki, qanunvericilik buna icazə vermir. Hətta uşağın oxuduğu məktəbin də adı qeyd olunmamalıdır. Əgər jurnalist cinayətin azyaşlı tərəfindən törədildiyini qeyd edərək insanları şoka salmaq istəyirsə, demək, o düzgün jurnalist deyil. Yox əgər məqsəd digər azyaşlıları bu əməldən çəkindirməkdirsə, bu zaman məqsəd düzgündür”.



Pərviz Əbubəkirov qeyd etdi ki, intihar xəbərlərinin işıqlandırılması başqalarının bu əmələ yönəlməsinə şərait yarada bilər:

“22 ildir ki, kriminal xəbərlərin cəmiyyətə çatdırılması ilə məşğulam. Bu illər ərzində bir dəfə də olsun intihar xəbəri hazırlamamışıq. Çünki intihar faktını çəkib göstərməklə bir növ psixikası zəif insanları bu əmələ yönləndirmiş olarıq. Bu barədə psixoloqlarla da söhbət etmişəm. Onlar da bildirdilər ki, intihar xəbərlərinin çatdırılmasının cəmiyyətə heç bir müsbət təsiri yoxdur”.

“Əmiqızı mahnısı amerikanların yox, bizim mahnıdır”

Psixoloq İbrahim İbrahimov hesab edir ki, kriminal xəbərlər bəzən elə təqdim olunur ki, bu, insanlarda psixoloji zərbəyə səbəb olur:



“Eynşteyn deyib ki, atomu parçalamaq asandır, nəinki insanların ilkin təəsüratını. Haradasa kimsə kimisə öldürdü, zorladı, qoşulub qaçdı və yaxud intihar etdi. Bu insanları hansısa bir məkanda görsək, qorxarıq, çünki bizə onları qorxulu məxluq kimi təqdim ediblər. Azərbaycan ətbuatında çox vaxt cinayəti törədənə qədər həmin insanı cinayətə sövq edən mühit haqqında məlumat verilmir. “Kimisə durduğu yerdə öldürüblər” deyilsə, əlbəttə ki, inanmarıq. Səbəbin nə olduğunu axtararıq və yaxud kimisə öz istəyi olmadan qaçırmaq inandırıcı gəlməz. Bu, cinayətə haqq qazandırmaq deyil. Sadəcə olaraq onu izah etməyə çalışırıq. Məgər Azərbaycanda əmisi yaşda qohumuyla evlən qız azdır? Yaxud qardaşı qızı yaşda qohum xanımla evlənən heçmi bir nəfər yoxdur? Adətən eyni yaşda qohumların bir-biriylə evləndiyini eşitmişik. Əmiqızı mahnısı amerikanların deyil, bizim mahnıdır. Psixoloq Freyd totem və tabu əsərində insestə toxunub və orda izah edib ki, bu, adətən insanların azad yaşamamasından irəli gəlir. Məsələn, təbiətdə insest ancaq insanlar tərəfindən yetişdirilən heyvanlarda olur, çünki həmin heyvanlar kənara çıxa bilmir. Təbii seçmədə isə insest olmur. Kriminal xəbərləri bu cür təqdim etmək insanlara yalnış ictimai qınağa məruz qoymaqdır. Şəxsi həyat adından da göründüyü kimi şəxsidir. Xəbərlərin bu cür təbliğatı həmin insanlara vurulan psixoloji zərbədir”.

Məsələnin hüquqi tərəfini araşdırmaq üçün hüquqşünas Əliməmməd Nuriyevlə əlaqə saxladıq. Əliməmməd Nuriyev bildirdi ki, bu cür xəbərlərlə bağlı qanunvericilikdə hansısa qadağanedici normaların tətbiq olunması mümkünsüzdür. Çünki bu, ifadə azadlığının məhdudlaşdırılmasına səbəb ola bilər:



“İlk öncə qeyd olunmalıdır ki, hər bir şəxsin ifadə azadlığı və informasiya əldə etmək hüququ vardır. Azərbaycan kütləvi informasiya vasitələrində qəddarlıqla törədilən cinayət xəbərlərinin yayılması intensivliyi dinamikdir və bu, vətəndaşların təhlükəsizliyinə də ciddi təhdid yarada bilər. Belə ki, kriminal xəbərlər başqalarının bu cinayəti törətmələri üçün stimul yarada bilər. Bir sözlə, cinayət törətmək adi hala çevrilə bilər. Təəssüf ki, bizdə ancaq cinayətlərin törədilməsi haqqında məlumatlar verilir. Belə bir təsəvvür yarana bilər ki, insanlar cinayət törədir, lakin adekvat tədbirlər görülmür. Buna görə də kütləvi informasiya vasitələri məsələni sona qədər izləməlidir və cinayəti törədən şəxsin hansı cəza ilə məhkum olunması cəmiyyətə çatdırılmalıdır. Görünür, burada ciddi bir disbalans var. Əgər media qurumu baş vermiş cinayət hadisəsi ilə bağlı cəmiyyətin məlumat almaq hüquqlarını təmin edirsə, eyni zamanda cinayət törətmiş şəxslərin hansı məsuliyyətə cəlb olunduqları, onların barəsində məhkəmənin hansı hökm çıxardığını da cəmiyyətə çatdırmalıdır. Belə olsa, gələcəkdə baş verəcək cinayətkarlıq hallarının da sayı ciddi şəkildə azalar. Cinayət xəbərlərinin işıqlandırılması ilə bağlı hansısa hüquqi mexanizmin yoxdur. Əgər bu cür xəbərlərlə bağlı qanunvericilikdə hansısa qadağanedici normalar tətbiq olunsa, ifadə azadlığı məhdudlaşdırıla bilər. İfadə azadlığının məhdudlaşdırılması isə yalnız ölkənin milli təhlükəsizliyi, iğtişaşların qarşısının alınması, ictiami əxlaqın qorunması və s. kimi hallarda mümkün ola bilər. Söhbət kriminal xəbərlərin yayımından gedirsə, bu məsələ yuxarıda sadaladığım hallara aid edilə bilməz. Bununlabağlı media qurumları özləri tənzimləmə formaları yaratmalıdırlar”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2949