Aprel şəhidlərinə həsr olunmuş kitabın təqdimatı olub


16:52     07 Aprel 2017 kitab%20teqd%202.jpg

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tanınmış jurnalist Aida Eyvazlının “Qalibiyyət – şahidlər və şəhidlər” kitabının I cildinin təqdimatını keçirib.


Femida.az xəbər verir ki, təqdimat mərasimində ötən il aprel döyüşlərində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, millət vəkilləri, ictimai xadimlər, jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Bilik Fondunun içraçı direktoru Oktay Səmədov açaraq, aprel şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yazılan “Qalibiyyət – şahidlər və şəhidlər” kitabının müəllifinə qalibiyyət soraqlı əsərə görə minnətdarlığını bildirib.
Oktay Səmədov qeyd edib ki, kitab Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Aprel döyüşləri göstərdi ki, bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda ölümə getməyə hazırdırlar. Aprel döyüşləri bizim şanlı qələbəmizdir!” – sözləri ilə başlayır.
Kitaba Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin ön söz yazdığını xatırladan icraçı direktor bu işdə əməyi keçən hər kəsin şərəf tariximizin əbədiləşdirilməsi baxımından mübarək missiya yerinə yetirdiyini söyləyib.
Oktay Səmədov kitabın məziyyətləri haqqında danışarkən bildirib ki, müəllifin bir il müddətində ərsəyə gətirdiyi “Qalibiyyət- şahidlər və şəhidlər” kitabının birinci cildində aprel döyüşlərində şəhid olmuş 45 qəhrəmanımızın həyat salnaməsi, əsgərlərimizin son döyüşdə dedikləri sözlər, cəbhədə göstərdikləri igidliklər, şəhid ailələrinə dövlət qayğısı, övladını vətənə qurban verən valideynlərin bayraq və vətən sevgisi, eləcə də müəllifin şəhidlərimizə, Vətənimizin qalibiyyətinə həsr etdiyi şerləri yer alıb.
Rəşad Məcid aprel döyüşləri zamanı Azərbaycan dövlətinin milli birliyinin nəticəsində ağır imtahandan uğurla, şərəflə çıxdığını deyib. Düşmənlə savaşda qəhrəmanlıq göstərən əsgərlərimizin tarixi şücaətlərinin xalqa daha dolğun və obyektiv çatdırılmasında jurnalistikanın böyük rol oynadığını xatırladan baş redaktor istedadlı yazar Aida Eyvazlının əməyini xüsusi qiymətləndirərək, “Qalibiyyət – şahidlər və şəhidlər” kitabınının yazarın dövlət, Vətən, xalq sevgisinin bariz nümunəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, şəhid qəhrəmanlarımız haqqında kitabda əksini tapan reportajlar öncə baş redaktoru olduğu "525-ci qəzet"də dərc olunub və yazılarda Aprel vuruşmalarının millətimizə yaşatdığı coşqu, qürur, zəfər ovqatı itkilərdən doğan hüznümüz eyni dərəcədə təsirli dillə ifadə olunub.
Millət vəkili Qənirə Paşayeva aprel şəhidlərinin bir ömür boyu qəhrəmanlıq yolu ilə getdiklərini, həyatlarını büsbütün Vətənə həsr etdiklərini, torpaq üçün daim narahat olduqlarını dilə gətirərək, onların əzəldən şəhidlik zirvəsinə doğru irəlilədiklərini bildirib: "Qəhrəman oğullarımız "biz burdayıq" deyərək, ömürlərini Vətənə həsr etdilər. Onlar rahat yaşaya bilməzdilər. Amalları, əqidələri işğalda olan torpaqların azadlığı idi. Qəhrəman oğullarımız şəhidlik yolunu şərəflə seçdilər, xalqa, Vətənə qələbə yaşadaraq, torpaqdan halallıq alıb, əbədiyyətə qovuşdular. Onlar düşmən barəsində yaradılan mifi dağıdaraq, Azərbaycan xalqına qürur yaşatdılar. Belə insanları olan məmləkət mütləq qalib gələcək. Aprel şəhidləri bizi qalibiyyətə aparan yolda əbədi məşələ çevrildilər. Onların xatirəsini tarixiləşdirən Aida xanıma böyük minnətdarlıq edirəm. Qoy şəhid valideynləri başlarını həmişə uca tutsun ki, övladları bütöv bir xalqın başını uca etməyi bacardılar. Bu xoşbəxtlik onların övladlarına qismət oldu".
Millət vəkili Sona Əliyeva Aprel döyüşləri zamanı əsgər valideynləri ilə eyni dərəcədə ağrı, acı yaşadıqlarını söylədi: "Sizin övladlarınız bizə illərdir gözlədiyimiz ən möhtəşəm qələbəni yaşatdılar. Qəhrəman qardaşlarımızın düşmənlə haqq savaşı bütün xalqı ayağa qaldırdı, mülki vətəndaşlar cəbhəyə getmək arzularını bildirir, hətta sərhədyanı bölgələrə gedib, savaşa qoşulmaq arzularını dilə gətirirdilər. Aprel döyüşləri xalqı o dərəcədə ruhlandırıb ki, bu ruh heç vaxt azalmayacaq və biz qəhrəman şəhidlərimizin yolu ilə gedib, hətta düşməndə qalan tarixi torpaqlarımızı da azadlığa çıxaracağıq".
Modern.az saytının baş redaktoru Elşad Eyvazlı kitabda əksini tapan yazıların hələ toplu halında hazırlanmamışdan öncə oxucusu olduğunu, həmin yazıları rəhbərlik etdiyi saytda yayımladıqlarını deyib: "Bu yazıları oxuduqca, əsgərlərimiz, şəhidlərimiz, onların valideynləri ilə bir daha qürur duydum".
Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev hər bir şəhid valideyni qarşısında baş əydiyini deyib: "Xalq şəhid övladlarımıza görə başını dik tuta bilər. Çünki tarixi qəhrəmanlığımız özümüzə qayıtdı, biz güclü, haqq uğurunda savaşmağı bacaran xalq olduğumuzu bir daha təsdiqlədik. Bu kitab tarixi mənbəyə çevrildi. Uzun illər keçəcək, yeni nəsil bu mənbə ilə tanış olanda təmsil etdiyi xalqın nə qədər ləyaqətli bir həyat yaşadığını öyrənəcək".

Kitabın müəllifi Aida Eyvazlı reportajları hazırlayarkən, şəhid ailələri ilə görüşərkən keçirdiyi hisslərdən danışıb: "Qəhrəmanlarımızdan yazanda da, kitabı hazırlayanda da, indi sizin qarşınızda dayananda da, heç vaxt izah edə bilməyəcəyim hisslər yaşadım və yaşayıram. Nə qədər yazsam, azdır. Bizim qəhrəmanlarımız, qalibiyyət cəngavərləri dünya durduqca tarixdə yaşayacaqlar. Onların həyatları bizim üçün əbədi örnək olacaq".

Təqdimat mərasimində iştirak edən şəhidlərimiz - Raquf Orucov, Mirzə Novruzov, Orxan Müstəcəbov, Əbdülməcid Axundov, Xalid Əzizzadə, Müşfiq Orucov, Şulan Bayramov, Elşən Səmədov, Nazim Zəkərəyev, Rəşad Niftalılı, Murad Məmmədovun ailə üzvləri çıxış edərək, “Qalibiyyət – şahidlər və şəhidlər” kitabının yazılmasının onların övladlarına verilən böyük qiymət olduğunu bildiriblər. Şəhid ailələri Vətən uğurunda canından keçən övladları ilə fəxr etdiklərini, tezliklə işğal altında olan bütün torpaqlarımızın azad olunacağına inandıqlarını dilə gətiriblər.
Sonda qonaqlara “Qalibiyyət – şahidlər və şəhidlər” kitabı hədiyyə olunub. Hazırda kitabın ikinci cildi üzərində iş gedir.







Femida.az

Açar sözlər:

Oxunub: 1525