Hesablama Palatası İTV-də yoxlama apardı - Büdcədən ayrılan pullara görə


15:58     12 Aprel 2017 ictimaitv_150715.jpg

Hesablama Palatasının Kollegiya iclası keçirilib.


Femida.az -ın məlumatına görə, Kollegiya iclasında 2017-ci ilin İş planı üzrə həyata keçirilmiş dövlət büdcəsindən Sumqayıt Dövlət Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına, İctimai Televiziya və Radio Yayımları Şirkətinə dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsinə, dövlət büdcəsindən Gəncə şəhər Səhiyyə İdarəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair nəzarət tədbirlərinə dair hesabatlar müzakirə olunub.

Kollegiyaya dəvət olunmuş Sumqayıt Dövlət Universitetinin İqtisadi məsələlər üzrə prorektoru Nahid Hacıyev, baş mühasib Şahmar Abdullayev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun müavini Nazim Mürsəlov, Maliyyə və mühasibat Departamentinin direktoru Zaur Məmmədov, Gəncə şəhər Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyev və baş mühasibin müavini Gülnar Bağırova müzakirələrdə iştirak edib, Kollegiya üzvlərinin suallarını cavablandırıblar. Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Aparılmış nəzarət tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1127