“Hər ərəbi qəbul etmirik” – Hostel sahibləri danışır

“Hər ərəbi qəbul etmirik” – Hostel sahibləri danışır

13:33     12 Aprel 2017 hostel-europe-5.jpg

“Azərbaycanlı cütlüklərdən nikah müqaviləsi tələb edirik”


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovun “hostellər xalqımızın mentalitetinə yaddır” açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Artıq iki gündür ki, sözügedən mövzu sosial şəbəkələrdə ciddi şəkildə müzakirə olunmaqdadır. Əksəriyyət bu düşüncədədir ki, hostellər şərq mədəniyyətinin nümunəsi olan karvansarayların müasir formasıdır və qonaqları yerləşdirmək üçün istifadə olunur. Buna görə də mental dəyərlərimizlə heç bir ziddiyyət təşkil etmədiyi qənaətindədirlər.

Femida.az mövzunun aktuallığını nəzərə alaraq hostel sahibləri ilə əlaqə saxlayıb.

“Baku Butique Hostel”in Hikmət Yaqubov sahibi bildirdi ki, hostellər və əxlaqsızlıq yuvaları bir-biri ilə ziddiyyət təşkil edən məqamlardır:

“Bu mövzunun qoyulmasını başa düşə bilmirəm. Azərbaycana gələn xarici qonaqlar harada yerləşdirilməlidir ki?! Ölkəyə turist gəlir və günlük 20-30 manata haradasa qalmaq istəyir. Nəzərə alaq ki, otellərin qiyməti çox bahadır. Turistlərin elə təbəqəsi var ki, maddi imkanları aşağıdır. Bəzi turistlər hətta maşın və digər ucuz nəqliyyat vasitəsilə ölkəmizə gəlirlər. Onlar çox ucuz yerlərdə qalıb istirahət etməyi üstün tuturlar. Bizim hosteldə otaqlar iki nəfərlikdir. Xarici turistlərin gəlib hostellərdə qalmasının mental düşüncələrlə ziddiyyət təşkil etməsini anlamaqda çətinlik çəkirəm. Bizim hosteldə azərbaycanlı turistlərə üstünlük verilmir. Gənc qadın və kişi bizə müraciət etsə, mütləq kəbin kağızının əslini tələb edirik. Surətini təqdim etdikdə qəbul etmirik, çünki fotoşop proqramı vasitəsilə dəyişdirilə bilər. Xarici turistlərdən isə yalnız pasport tələb edirik. Ümumiyyətlə insanlar da şəhərin hansı yerlərində əxlaqsızlıq yuvalarının fəaliyyət göstərdiyini yaxşı bilir. Hostelimizə qonaq olub turistlər üçün yaratdığımız şəraitlə tanış ola bilərsiniz. Hostelsiz turizmi təsəvvür etmək mümkün deyil. İnternet vaxitəsilə maraqlana bilərsiniz, Tbilisidə 2500-dən artıq hostel Booking.com saytında qeydiyyatdan keçib. Azərbaycanda isə bu rəqəm 23-dür”.



“Baku Old City Hostel”in sahibi Mikayıl Əliyev də hostellərin mental dəyərlərimizə zidd olması fikri ilə qətiyyən razılaşmadığını bildirdi:

“Turistlər pula qənaət etmək istəyəndə hostellərdə qalmağı üstün tuturlar. Buna görə də turizmin inkişafı üçün hostellərin olması şərtdir. Bizim hosteldə həm xaricilər, həm də yerli vətəndaşların qalması üçün şərait var. Təəssüflə qeyd etməliyəm ki, bizim vətəndaşlar hostellərdə qalmaq mədəniyyəti o qədər də yüksək deyil. Hostelimizdə bir neçə dəfə xoşagəlməz hallar olub və araşdırandan sonra məlum oldu ki, günahkar yerli vətəndaşlardır. Azərbaycan vətəndaşları olduğu təqdirdə qız-oğlan cütlüklərini eyni otaqda yerləşdirmirik. Əgər buna şərait yaratsaq, bizə müraciət edənlərin də sayı çox olar”.

“Baku Home Hostel”in sahibi Fuad Müseyibov bildirdi ki, hostellərə qarşı yox, Bakı şəhərində xeyli sayda əxlaqsızlıq yuvası mövcuddur, onlara qarşı mübarizə aparılmalıdır:

“Şəhərimizdə əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən 15-20 manata nə qədər istəsəz, otel var. Bu cür otelləri gündəmə gətirmək lazımdır. Bizim hostel həm təmizliyinə, həm də xidmətinə görə sayılıb-seçilən hostellərdəndir. Adətən xarici vətəndaşlar bizə müraciət edir. Bəzən rayonlarımızdan yerli vətəndaşları da qəbul edirik. Müştərilərimiz qiymətlərdən razıdır. Ən çox turisti Rusiyadan qəbul edirik”.

“Caspian Hostel”in sahibəsi Azadə Tağıyeva turizmin inkişafı üçün hostellərin sayının artırılmasının zəruriliyini vurğuladı:

“İndiyə kimi bizim hosteldə heç bir xoşagəlməz hal yaşanmayıb. Hostellər niyə mental dəyərlərimizə zidd olmalıdır ki?! Xarici turistlər çox mədəni olurlar. Əslində hostellərin sayı çox olmalıdır ki, ölkəmizə gələn və maddi imkanı zəif olan turistlər razı qalsınlar. Adətən turistlər Azərbaycandakı hostellərin sayının az olmasından şikayətləniblər. Bizə adətən xarici ölkə vətəndaşları olan kasıb tələbələr müraciət edirlər. Qiymətlərimiz də çox münasibdir”.



“Baku Yard Hostel”in sahibi Cavid Zeynalov bildirdi ki, bəzi ərəb turistlər hostellərdən əxlaqsızlıq yuvası kimi istifadə etmək istəyirlər:

“Hostellərin xüsusi qaydaları olmalıdır. Yəni otel şəraiti burada mümkün deyil. Gecə müəyyən vaxta qədər hər kəs yerləşdiyi otağa, evə qayıtmalıdır. Turistlərə xəbərdarlıq edilməlidir ki, gec gəlsələr, bir daha həmin hosteldə qala bilməyəcəklər. Bizim hosteldə əxlaqsız davranışlara qətiyyən yol verilmir. Buna mən şəxsən özüm nəzarət edirəm. Məsələn, ərəb turistlərin bəzilərini qəbul etmirdik. Çünki onların məqsədi bəlli idi. Hosteldən əxlaqsızlıq yuvası kimi istifadə etməyə çalışırdılar”.

Şəkidə yerləşən “Canal Hostel”in həmtəsisçisi Asim Kazımlı hostellərin mental dəyərlərimizə zidd olması fikrinin çox iddialı olduğunu və bu fikirlə razılaşmadığını bildirdi:

“Nəzərə alaq ki, ta qədimlərdən istər karvansaraylar mövcud olub. Bu gün bizim vətəndaşlar xaricə getdikdə hostellərdə qalırsa, xarici turistlər üçün niyə bizdə hostellər olmasın. Bizim hosteldə milli-mənəvi dəyərlərimiz nəzərə alınıb. Qadınlar və kişilər üçün ayrı otaqlar mövcuddur. Həyat yoldaşı ilə gələnlər üçün başqa otaqlarımız var. Hostelimizdə spirtli içki qadağan olunub. Ümumiyyətlə içkili vəziyyətdə birinin hostelimizə daxil olmasına icazə verilmir”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 7755