Tapdığı əşyanı qaytarmayan şəxs cinayət məsuliyyəti daşımır – Hüquqi yardım

Tapdığı əşyanı qaytarmayan şəxs cinayət məsuliyyəti daşımır – Hüquqi yardım

15:42     12 Aprel 2017 iten%20esya%20femida.az.jpg

Bakı sakini Südabə Zalova şadlıq evində üst geyimini çıxaranda sırğasını itirib. Qadın bu barədə restoran rəhbərliyinə müraciət edib və müşahidə kameralarının görüntülərinə baxıb. Aydın olub ki, bir nəfər sırğanı tapıb. Südabə Zalova həmin şəxsin xalq artısti Ramiz Məmmədov olduğunu iddia edir.



Femida.az məsələnin hüquqi tərəfini araşdırıb. Vəkil Sadiq Əfəndiyev qeyd edir ki, itən əşyanı tapan şəxs heç bir məsuliyyət daşımır.


“ Xalq artisti Ramiz Məmmədov itmiş sırğanı tapmış olsa da, tapdıqdan sonra hətta qaytarmasa belə onun əməlində hər hansı bir cinayətin, eləcə də oğurluq cinayətinin tərkibi yaranmır. Burada söhbət ancaq tapıntıdan gedə bilər. Mülki qanunvericiliyin tələblərinə görə itirilmiş əşyanı tapan şəxs onun sahibinə və ya digər səlahiyyətli şəxsə, bunlar məlum olmadıqda isə polisə dərhal xəbər verməlidir. İtirilmiş əşyanın sahibi əşyanı tapan şəxsdən qəbul etdiyi halda, tapan şəxs əşyanın dəyərinin 5 faizinədək miqdarda bəxşiş tələb edə bilər. Lakin əşyanı tapan şəxs həmin əşyanı gizlətməyə cəhd göstərmişsə və ya tapıntı barədə məlumat verməmişsə, o, bəxşiş almaq hüququnu itirir. Bu halda əşyanın qanuni sahibi əşyasının qanunsuz sahiblikdən tələb edilməsi barədə məhkəmədə iddia qaldıra bilər. Təbii ki, əşyanın məhz kimin tərəfindən tapılmasını və qanunsuz sahiblikdə olmasını sübut etmək iddianı qaldıran əşya sahibinin vəzifəsidir.”


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 4357