Banka borcu olan şəxs adını dəyişə bilərmi? – Hüquqi şərh


01:45     14 Fevral 2018 sened95.jpg

Traktor, Stəkan,Qutabə, İbniş, Variş, Səviyyə, Oktyabr, Nənəş, Zibil, Eşşək və s. bu adları eşitdikdə təəccüblənirik. Bu adlar Azərbaycanda şəxslərin daşıdıqları adlardır. Onların sırasında adlarının mənalarından utandıqları üçün sonradan adlarını dəyişənlərə də rast gəlinir. Bəs, vətəndaş adını dəyişmək üçün hansı addımı atmalıdır?


Femida.az -a məsələnin hüquqi tərəfindən danışan hüquqşünas Nicat Gözəlov qeyd edib ki, vətəndaş adını dəyişmək istəyirsə, ilk növbətə müvafiq qeydiyyat orqanına müraciət etməlidir. Hüquqşünas həmçinin qeyd edib ki, vətəndaş müraciətində adının hansı səbəbdən dəyişdirdiyini də əsaslandırmalıdır.

“ Adların dəyişdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı və Azərbaycan Respublikası Ailə Məcəlləsinin əsasında mümkündür. Həmin qanunda qeyd olunur ki, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir.”

Bir şəxs ad və soyadını neçə dəfə dəyişdirə bilər? Hüquqşünas Nicat Gözəlov qeyd edir ki, adın dəyişdiirlməsi ilə soyadın və soyad sonluğunun dəyişdirilməsində bir qədər fərq var.

“ Şəxs soyad sonluğunu yalnız bir dəfə dəyişə bilər. Misal üçün “ov” sonluğundan imtina edib, “zadə” və s. sonluğu qəbul edən vətəndaş onu növbəti dəfə dəyişmək üçün qeydiyyat orqanına müraciət etdikdə imtina cavabı alır. Soyad sonluğundan fərqli olaraq adın bir neçə dəfə dəyişdirilməsi hallarına rast gəlinir. Əgər, müvafiq qeydiyyat orqanı vətəndaşın adının dəyişdirmək istəyinə yox deyibsə, o zaman mübahisə məhkəmə müstəvisində həll olunmalıdır.”

Banka borcu olan vətəndaş ad və soyadını dəyişə bilərmi? Ümumiyyətlə qanunda hansı hallarda vətəndaşın ad və soyadını dəyişdirilməsinə qadağa qoyulub?





“ Banka borcu olan vətəndaşın ad və soyadını dəyişdirməsində qanunla heç bir məhdudiyyət qoyulmayıb. Amma ad və soyadını dəyişdirən şəxs bu haqda müqavilə bağladığı qarşı tərəfə məlumat verməlidir. Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir.”
Ad və soyadını dəyişmək istəyən vətəndaş hara və necə müraciət etməlidir?

Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir.

Ad və soyadın dəyişdirilməsi üçün lazım olan sənədlərin siyahısı:
1. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə;
2. Ərizə verən şəxsin doğumu haqqında şəhadətnamə;
3. Ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;
4. Ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;
5. Ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr;
6. Şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
7. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;
8. Ərizə verən şəxsin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili;
9. Dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Qeyd: Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir.
İştirak etməli olan şəxslərin siyahısı:
1. Uşaq 18 yaşına çatanadək onun valideynləri;
2. Ərizə verən şəxsin özü;
3. Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.

Dövlət rüsumunun məbləği:

Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması üçün 10 manat dövlət rüsumu ödənilir.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 8957