Göygölə artıq hamı gedə bilər


01:51     11 Avqust 2015 goygol.jpg

Bakı üçün Qız qalası hansı statusu daşıyırsa, Göygöl də Gəncəbasar zonası üçün tarixi simvoldur. Göygöl Milli Parkını artıq hər bir azərbaycanlı ziyarət edə bilər.


Femida.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə modern.az-a açıqlamasında bildirib ki, 1990-cı illər, eyni zamanda 2000-ci illərin əvvəllərində Göygöl ətrafında xaos hökm sürüb və bu təbiət obyekti pis şəkildə istismar olunub. Onun sözlərinə görə, bura tənzim olunmayan qaydada insanlar gəlib, göl ətrafında kef məclisləri qurub, ətrafı zibilləyib, tonqal qalayıb, meşələri qırıb, suyu çirkləndiriblər.

H.Əlizadə park ərazisində tursitlər üçün bələdçilərin, xüsusi marşrutların olduğunu da qeyd edib:

“Göygöl Milli Park statusuna malik olan ərazidir. İnsanlarımız üçün maarifləndirici xüsusiyyət daşıyır. Bələdçilərimiz var, turistlərin şüurlu sürətdə müəyyən edilmiş marşrutlarla gəzintisinə icazə verilir. Yoxsa turistin özbaşına harada istədi gəzməsi, ocaq qalaması yolverilməzdir. Göygöl gözəl təbiət abidəsindən əlavə, Gəncə şəhərinin su mənbəyidir. Oranın mühafizəsi strateji əhəmiyyətli məsələdir. Bələdçilərimiz, insanlar arasında maarifləndirici vərəqələr paylayacaq və təbliğat işləri aparacaqlar”.

ETSN nümayəndəsinin sözlərinə görə, Göygöl Milli Parkına Nazirlər Kabinetinin 21 aprel 2015-ci aprel qərarına əsasən 2 manat ödəniş etməklə daxil olmaq mümkündür.

Hikmət Əlizadə Azərbaycan vətəndaşlarına müraciət də edib: “Ora gedən insanlar diqqətli olsunlar. Biz əgər Göygölü Azərbaycanın simvolu hesab ediriksə orada artıq hərəkətlərə yol verməməliyik. Və birinci növbədə oranın mühafizəsini düşünməliyik”.

“Bu səbəbdən 2008-ci ildə Göygöl Milli Parkı yarandı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas funksiyası Göygölü mühafizə etmək olub və bu gün də o funksiyanı daşıyır. Mühafizə, təbiəti bərpa etmək, göldə, meşələrdə bərpa prosesinin getməsi üçün bir müddət parka giriş məhdudlaşdırıldı. Bu müddət ərzində Göygöldə elmi-tədqiqat işləri də aparıldı, eyni zamanda təbii bərpa prosesi də getdi”.

H.Əlizadə vurğulayıb ki, artıq dünəndən etibarən ziyarətçilər məhdud tənzimləmə yolu ilə Göygöl Milli parkına daxil olurlar:

“Göygöl Milli Parkı birdən-birə kütləvi sürətdə ziyarətçiləri qəbul etmək iqtidarında deyil. Əgər belə kütləviliyə yol verilsə əvvəlki proseslərə qayıtmış olacağıq və nəticədə Milli Parkın ərazisi, Göygölün füsunkar mənzərəsi yenidən tapdaq altında qala bilər. Ona görə Milli Parkın mühafizə rejiminə uyğun olaraq müəyyən məhdudiyyətlər və tənzimləmə həyata keçirilməsi zəruriləşib. Bu o deməkdir ki, əvvəllər olduğu kimi ziyarətçilər özbaşına və heç bir nəzarət olmadan ərazidə tonqal qalayıb kabab çəkə bilməzlər. Meşəni tullantılarla çirkləndirə bilməzlər. Bunlar nəzərə alınaraq ziyarətçilərin bütün təbəqələri üçün müvafiq ifrastruktur və şərait yaradılıb. Orada özəl təşkilatlar müxtəlif təbəqəli insanlar üçün, onların maddi vəziyyətlərinə uyğun restoranlar, otellər açıblar. Artıq insanlarımız, həm təbiətdən zövq ala biləcək, həm də ictimai-iaşə məqsədilə istifadə edə biləcək”.

Açar sözlər:

Oxunub: 986


Oxşar xəbərlər