Siyavuş Novruzovdan öldürülən jurnalistlə bağlı AÇIQLAMA


02:52     11 Avqust 2015 Siyav.jpg

"Azərbaycanda bəzi müxalif qüvvələr hər məsələdən öz mənafeləri üçün istifadə etməyə cəhd göstərir. Jurnalist Rasim Əliyevin ölümündən də bu cür istifadə etməyə çalışırlar. Göydə şimşək çaxanda da müxalifət deyir ki, bunu iqtidar edir. Bu insanların xisləti budur. Həmin şəxslər öz siyasətlərini başqalarının faciəsi üzərində qururlar".


Bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

O qeyd edib ki, jurnalist Rasim Əliyevin ölümünün səbəbləri araşdırılacaq və nəticəsi barədə ictimaiyyətə geniş məlumat veriləcək: "Bununla bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluq məlumat yayıb. Hazırda istintaq gedir. Bilirsiz ki, jurnalistin ölümü cənab Prezident İlham Əliyevin şəxsi nəzarətindədir".

S.Novruzov İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı sabiq səfiri Arif Məmmədovun bu məsələ ilə bağlı mitinq çağırışına da münasibət bildirib: "Arif Məmmədov lüzumsuz bir insandır. Onun dedikləri Azərbaycan vətəndaşlarını maraqlandırmır. O istəyir ki, gündəmdə qalsın. Ölülərlə danışmağa ehtiyac yoxdur. Buna görə də onun dediklərinə münasibət bildirməyə ehtiyac duymuram. Bəzi müxalif qüvvələr ona dəstək verirlər, çünki həmin partiyalar önə çıxarmaq üçün adam axtarırlar. Korrupsiya ilə bağlı həbs edilən, dövlət əmlakını mənimsəyən kim olursa, həmin qüvvələr onlara dəstək verirlər. Yəni kimliyindən asılı olmayaraq, iqtidarın əleyhinə olan hər kəsi müxalifət özünə dost hesab edir"

Qeyd edək ki, avqustun 8-də saat 18 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən "Bayıl market" mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və aldığı xəsarətlərdən avqustun 9-da saat 05 radələrində orada vəfat edib.

Faktla bağlı Bakı şəhər prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Jurnalist Rasim Əliyev xəstəxanada verdiyi sonuncu müsahibədə "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü bildirib.

Açar sözlər:

Oxunub: 1361