Hüquqşünas ATV-yə hiddətləndi: “Bu, nə biabrçılıqdır?!”


17:27     21 Aprel 2017 sahib%20m%20esas%20(1).jpg

“Mən inana bilmirəm ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutan layihədə bu cür biabrçı hala yol verilib. Həmin proqramda komissiya üzvlərinin etikasına şübhə ilə yanaşıram. O gənc bəlkə də bundan sonrakı mərhələdə uğurlu layihələrə imza atardı. Lakin komissiya üzvlərinin etikaya sığmayan hərəkətləri həmin gəncin gələcək karyerasına ağır zərbə vurdu. Bir növ hələ erkən yaşda mənəvi travma aldı”


Bunu Femida.az-a açıqlamasında hüquqşünas Sahib Məmmədov deyib.

O bildirdi ki, efirdə gəncə qarşı sərgilənən bu davranış mülki məsuliyyətə səbəb ola bilər:

“Başa düşmürəm ki, onlara bu cür abırsız hərəkət etmək hüququnu kim verib axı?! Gənc ola bilsin, uğursuz terminlər seçib. Ola bilsin, bu sahədə təcrübəsi çox azdır. Ona təşəkkür edərək layihəsinin qəbul edilmədiyini bildirmək olardı. Bununla məsələ bitməliydi. Lakin təəssüf edirəm ki, həmin gəncə qarşı efirə yaraşmayan, insan ləyaqətini alçaldan davranış sərgiləndi. Gəncin şərəf və ləyaqəti alçaldıldı və onun işgüzar nüfuzuna zərər vuruldu. Bu həm də mülki məsuliyyətə səbəb ola bilər”.

Sahib Məmmədov sonda həmin gəncə öz dəstəyini ifadə edib.

Qeyd edək ki, sözügedən proqram ATV-nin efirində bir neçə il bundan əvvəl yayımlanıb. Məsələyə lazımi hüquqi qiymət verilmədiyini nəzərə alaraq problemin yenidən işıqlandırılmasını vacib saydıq.

Xatırladaq ki, Gənclər və İdman Nazirliyi, Paşa Bank ASC və Youth İNC proqramı tərəfindən dəstəklənən "İdeya Qazandı" layihəsinin məqsədi 16-35 yaş arası gənclərin ideyalarına dəstək olmaqdır.

Sözügedən videomaterialda kənd təsərrüfatı sahəsinə aid layihəsi ilə münsiflərin diqqətini cəlb etməyə çalışan gəncin ideyası münsiflərin gülüşünə səbəb olması əks olunub. Onlardan biri layihə haqqında məlumat yazılan vərəqi yerə atıb, digərləri isə özlərini gülməkdən saxlaya bilməyiblər.

Həmin görüntüləri oxuculara təqdim edirik:



Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 10946