“Deputatlardan və hakimlərdən də şikayət qəbul edirəm” – Eyub Hüseynov (MÜSAHİBƏ)


14:26     24 Aprel 2017 eyub%20bbb.jpg

“Yerli istehsalçılar xarici brendləri təşviq edirlər”


Femida.az-ın `Dey-yure` layihəsininin növbəti qonağı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovdur.

Müsahibəni oxuculara təqdim edirik:

- Necə oldu ki, istehlakçı hüquqlarını qorumaq yolunu seçdiniz?

- Uzun illər pedoqoji fəaliyyətlə məşğul olmuşam. İxtisasca riyaziyyatçıyam. Sonuncu iş yerim Bakı Kommersiya Texnikumu oldu. Orada müşahidə edirdim ki, tələbələrə ancaq satmaq, daha çox pul qazanmaq haqqında öyrədirlər. Alıcıların hüququ barədə heç nə öyrədilmirdi. Digər ali məktəblərlə də maraqlandım. Anladım ki, ölkəmizdə istehlakçıların hüquqları yaxşı qorunmur. 1995-ci ildə İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında Qanun qəbul olundu. Qərara gəldim ki, bir ictimai təşkilat yaradım. Əsas məqsədim alıcıların hüquqlarını qorumaq idi. Qanunun 27-ci maddəsində göstərilirdi ki, vətəndaşlar birləşərək öz hüquqlarını qorumaq üçün ictimai təşkilat yarada bilərlər. 1996-cı ildə təşkilatın qeydiyyatı üçün müraciət etdim. Təşkilatım 3 dəfə qeydiyyata alındı, lakin sonradan ləğv olundu və mənə də heç bir sənəd verilmədi. Səbəbini özüm də bilmədim. Nəhayət, uzun müzakirələrdən sonra təşkilat 1997-ci ilin yanvarın 31-də qeydiyyata alındı. Təşkilatımız 1998-ci ildə beynəlxalq istehlakçılar təşkilatının (Consumers İnternational) üzvü oldu.



Mərkəzi ofisi Londonda yerləşən həmin təşkilat vasitəsilə biz dünyanın 120 ölkəsi ilə əlaqə saxlayırıq. Elə həmin il məni ixtisasartırma kurslarında iştirak etmək üçün Belçikanın Tomas Mor Universitetinə göndərdilər. Nəticədə istehlakçı hüquqlarını qorunması ilə bağlı dünya təcrübəsini öyrəndim. Mənim biznesim də olub. Təşkilatı yaradandan sonra bütün biznes strukturlarımı bağladım. 20 ildir ki, heç bir biznes fəaliyyəti ilə məşğul deyiləm. Dünyada istehlakçı hüququnu qoruyan yeganə təşkilatıq ki, tamamilə təmənnasız fəaliyyət göstəririk. Yeganə təşkilatıq ki, istehlakçı hüquqlarını danışıq yolu ilə qoruyur. Hətta telefon vasitəsilə istehlakçı hüquqlarını qorumaq təcrübəsi də yeganə yolaraq bizdə tətbiq olunur. Azərbaycanı 120 ölkədə təbliğ və təmsil edirik. Dəfələrlə erməni diasporu ilə vuruşmuşuq. Təşkilatımız Azərbaycanda çox az qeyri-hökumət təşkilatlarından biridir ki, siyasiləşməyib. 21 mindən çox üzvümüz, 30 regionda nümayəndəliyimiz var.



- İşçi heyətiniz neçə nəfərdən ibarətdir və onlara daimi maaş ödəyirsinizmi?

- Baş ofisimizdə 9 nəfər çalışır. Qrantlar olsa, işçilərə pul ayrılır. Olmayanda isə könüllü fəaliyyət göstərirlər. Mühasibi və operatorun aylıq maaşını isə öz pensiyam və övladlarımn yardımı hesabına ödəyirəm.

- Qrantların məbləği kifayət edirmi?

- Yerli qrantların məbləği çox az olur. Rayondakı ofislərimizə demək olar, heç bir maaş verə bilmirik. Son 4 ildə beynəlxalq qrantların alınmasında da böyük çətinliklərlə üzləşirik.

- Avropa ölkələri ilə müqayisədə Azərbaycanda istehlakçı hüquqlarının qorunmasında çatışmayan cəhətlər nələrdir?

- İlk növbədə qanunvericilik bazasının zəif olmasını vurğulamalıyıq. 1995-ci ildə qəbul olunan İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında Qanuna indiyədək 6 dəfə dəyişiklik edilib. Hamısında istehlakçı hüquqlarını məhdudlaşdıran əlavələr edilib. Ombudsmanla bununla bağlı görüşlər keçirərək təkliflərimizi irəli sürmüşük. Bundan başqa, qanunları icra edən dövlət orqanlarının fəaliyyətsizliyi də qeyd olunmalıdır. 2009-cu ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yarananda çox sevindik və düşündük ki, işimiz bir az yüngülləşəcək. Lakin həmin qurum İqtisadiyyat Nazirliyinin tərkibində olduğu üçün maraqlar konflikti yaranır. İstehlakçı hüquqlarını qorumaq və biznes qurumlarını dəstəkləmək bir yerə sığmır. Ötən ildən sözügedən quruma 36 məktub göndərmişik. Bütün məktublarımıza “baxılacaq və tədbirlər görüləcək” cavabı verilib. Heç bir tədbir də görülməyib. Ümumiyyətlə son vaxtlar heç bir dövlət qurumu istehlakçı hüquqlarını qorumaq üçün iş aparmır. İstehlakçının ümidi isə məhkəmələrə qalır. Biznes etikasının olmaması da istehlakçı hüquqlarının pozulmasını şərtləndirən amillərdəndir.



- Məhkəmələrdən söz düşmüşkən, belə görünür ki, istehlakçı ilə istehsalçının məhkəmə çəkişməsi əksər hallarda birincinin məğlubiyyəti ilə başa çatır. Bunun səbəbini nə ilə əlaqələndirərdiniz?

- Məhkəmə orqanları çox vaxt bu cür hallarda birtərəfli mövqe tutur. Hamıya məlumdur, istehsalçının arxasında güclü maliyyə, peşəkar insanlar dayanan böyük bir qurumdur. İstehlakçı isə təkdir. Baxmayaraq ki, kifayət qədər işin udulmasına nail olmuşuq, amma məhkəmələrin işindən razı deyilik. Bizim tərəfimizdən istehlakçı hüquqlarının pozulmasına dair qaldırılan məhkəmə işlərinin təqribən 80 faizini udmuşuq. Hazırda da bir neçə məhkəmə işi davam etməkdədir. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları bir dəfə də olsun, məhkəmə proseslərində istehlakçıların hüquqlarını müdafiə etməyib. Biz istəyirik ki, bu qurum məhkəmələrdə istehlakçıların hüquqlarını qorumaq üçün çıxış etsin.

- İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında Qanuna hansı əlavə və dəyişikliklərin edilməsini zəruri hesab edirsiniz?

- Bu qanun mükəmməlliyinə görə hətta Belarusiya və Rusiyanın müvafiq qanunlarından da geriyə qalır. Məsələn, bizdə bu qanuna görə müstəqil ekspertiza hüquqi sənəf kimi tanınmır, ictimai təşkilatların müstəqil ekspertiza aparmaq hüququ yoxdur, uzaq məsafədən, internet üzərindən alınan mallarla bağlı problemlər yaşanır, xidmət sahələrində bağlanan müqavilələr birtərəfli qaydada tərtib olunur və s. Bütün bu əlavələrin edilməsinə ciddi ehtiyac var.



- Ən çox müraciət hansı sahədən daxil olur?

- Ən çox şikayətlər mürəkkəb texniki mallardan gəlir. Xüsusilə, kredit yolu ilə satılmış malların keyfiyyətsizliyindən. Sanki keyfiyyətsiz və standartlara uyğun olmayan məhsullar kredit yolu ilə vətəndaşlara sırınır. İkinci yerdə isə xidmət sahələri dayanır. Məsələn, istifadə etmədiyi elektrik enerjisinə görə borc yazılması istehlakçıların böyük narazılığına səbəb olur. Üçüncü yerdə ərzaq mallarından olan şikayətlər dayanır.

- Sizi ən çox təəccübləndirən şikayət hansı olub?

- Bir nəfər pişiyinə qızıl diş saldırmaq üçün həkimə müraciət edib. Həkim isə pişiyə başqa metaldan hazırlanmış diş qoyub. Bizə şikayət etdikdən sonra pişiyin dişinin dəyişdirilməsinə nail ola bildik. (gülür – red.)

- İstehlakçıya əsəbiləşdiyiniz hal olub?

- Çox nadir hallarda. Bəzən istehlakçı ekstermizmi ilə üzləşirik. İstehlakçı haqsız olduğu halda mübarizə aparmaq istəyir. Etiraf edirəm ki, bir çox hallarda istehlakçı ekstermizmini dəstəkləmişəm. Nazirlər Kabinetinin qərarında da göstərilir ki, bir sıra mallar dəyişdirilə, qaytarıla bilməz. Çox təəssüflə olsun ki, qızıl, qiymətli daş-qaşlar və parfumeriya malları da bu siyahıdadır. Nazirlər Kabinetinin qərarı olduğu halda istehlakçı zorla aldığı malı qaytarmaq istəyir.

- Bəzi kafelər var ki, içəri müştəri daxil olan kimi şərtlər qoyur. Məsələn, çay içmək üçün burada oturmaq olmaz, mütləq təklif olunan yeməklərdən yeyilməlidir və s. Sizcə, bu, nə dərəcədə düzgündür?

- Burada istehlakçı haqsızdır. Biznes qurumu işini istədiyi kimi qura bilər.

- Bir müdət əvvəl şəhərin mərkəzi küçələrində yeləşən çayxanalar üzərində nəzarət var idi. Məqsəd çayın vətəndaş baha qiymətə təklifinə qarşı mübarizə idi. Belə görünür ki, bu sahədə yenidən özbaşınalıqlar var. Vətəndaş bir stəkan çay içmək üçün 10-15 manat pul ödəməli olur...

- İstehlakçının seçim hüququ var. İstehlakçı çayı nə ilə içəcəyini özü bilər. Bu gün bulvar ərazisində həddindən artıq şişirdilmiş qiymətlər var. Düşünrəm ki, hökumət bolluq yaratmaqla, çayxanaların şəbəkəsini şişirtməklə bu problemi aradan qaldıra bilər.

- Xarici turistlərdən şikayət qəbul etmisiniz heç?

- Bir neçə dəfə olub. Turistlərdən biri aldığı çörəyin içərisində böyük bir bolt tapmışdı. Həmin çörək hazırda ofisimizdə saxlanılır. Turistlər yerimiz bilmədiyinə görə nadir hallarda bizə müraciət edir. Onu da qeyd edim ki, istehlakçı hüquqları dünyada ən çox pozulan insan hüquqlarıdır.


Xarici turistin aldığı çörəkdən çıxmış bolt

- Azərbaycanda istehlakçı hüquqlarının qorunmasına beynəlxalq səviyyədə necə qiymət verilir?

- Çox vaxt beynəlxalq təşkilatlar məndən Azərbaycandakı istehlakçıların hüquqlarının qorunmasına dair hesabatlar istəyirlər. Mən beynəlxalq qurumların kodeksini pozaraq heç bir hesabat təqdim etmirəm. Bunu Azərbaycanın adını ləkələməmək üçün etmişəm. İstehlakçılardan isə yüzlərlə şikayət almışıq. Hətta Milli Məclisin deputatlarından, Prezident Administrasiyasının əməkdaşlarından, səfirlərdən və digər yüksək vəzifəli şəxslərdən də dəfələrlə şikayət almışıq. Hamısının müraciətini qəbul edib problemi həll etmişik.

- Sizə istehlakçı hüquqları pozulduğuna görə müraciət ən yüksək vəzifəli şəxs kim olub?

- Konstitusiya Məhkəməsinin hakimlərindən biri.

- Vətəndaş yerli məhsullara niyə inanmır?

- Bu, çox təəssüfləndirici haldır. Hesab edirəm ki, əsas səbəb maariflənmə səviyyəsinin aşağı olmasıdır. İstehlakçılar bilməlidir ki, uzaq ölkələrdən gətirilən mallar isti, soyuq tempratur risqlərinə məruz qalırlar. Bu risqlərdən qorunmaq üçün məhsulun içərisinə müxtəlif kimyəvi maddələr vururlar. Bu maddələr isə insan orqanizminə mənfi təsir göstərə bilər. Məsələn, İrandan gətirilən qaymaqlar var, dadı, qoxusu çox əladır. Lakin 3 aydan çox yararlılıq müddəti var.

Digər tərəfdən, sanki istehsalçılar xarici brendləri təşviq etmək istəyirlər. Məsələn bir çox malların üzərinə Azərbaycanda istehsal olunduqlarına baxmayaraq xarici dillərdə sözlər yazılır. Yerli məhsulların 60-65 faizi xarici dillərdə markalanıb. Bu, Azərbaycanın mövcud qanunvericiliyinə də ziddir.

- Niyə tekstil sahəsində inkişafdan qalırıq?

- Bu, məni də daima düşündürən məsələlərdən biridir. “Sədərək”ə yolum düşəndə dünya başıma fırlanır. Öz-özümə deyirəm ki, gör Azərbaycanın nə qədər puluna xaricdən geyimlərin alınmasına xərclənir. Tekstil sahəsində təqribən 3-4 faiz yerli istehsal var ki, onların da xammalı, yəni parçası xaricdən gətirilir. Düşünürəm ki, pambıqçılığın inkişafına paralel olaraq əyricilik, toxuculuq da inkişaf etsə, bu sahədə hansısa irəliləyişə nail ola bilərik.

- Qarşıdan yay ayları gəlir. İstehlakçılara nəyi məsləhət görərdiniz?

- İlk olaraq, kənd təsərrüfatı məhsullarından ehtiyatlı olsunlar. Çünki zəhərlənmələr baş verə bilər. Vətəndaşlar bilsinlər ki, yay ylarında tempratur yüksəldiyinə görə kimyəvi reaksiyalar sürətlənə bilər və saxlanma müddəti başa çatmamış malların tez sıradan çıxması ehtimalı yüksəlir. Ona görə də malların saxlanma şəraitinə fikir versinlər. Xüsusən də mağazaların içərisində isti tempratur varsa, oradan uşaq qidaları almasınlar.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 9829


Oxşar xəbərlər