Şengen vizasın necə almaq olar?


18:56     11 Avqust 2015 1423810027_schengen-vizesi.jpg

Femida.az vətəndaşlara hüquqi yardım və maarifləndirmə mövzusu ətrafında işini davam etdirir. Budəfəki mövzumuz Şengen ölkəsinə səyahət edən zaman yaradılan viza sistemi ilə bağlıdır.


Şengen vizasını almaq üçün hara müraciət etmək lazımdır?

Mövzu ilə bağlı suallara hüquqşünas Kamran Tağıyev aydınlıq gətirib:

“Əgər siz yalnız bir Şengen ölkəsinə səyahət etmək istəyirsinizsə, o zaman yalnız həmin ölkənin səfirliyinə müraciət etməlisiniz. Şengen zonasının müxtəlif ölkələrinə səyahət etməyi nəzərdə tutursunuzsa, o zaman əsas istiqamətiniz olan ölkənin səfirliyinə müraciət etməlisiniz. Əgər siz müxtəlif Şengen ölkələrinə səyahət etməyi nəzərdə tutursunuzsa və onlardan heç biri sizin əsas istiqamətiniz deyilsə, o zaman siz ərazisinə birinci daxil olacağınız ölkənin səfirliyinə müraciət edirsiniz.

Viza üçün müraciət edəndə şəxsən özünüz gəlməlisiniz, ərizə forması (şəxsən doldurmalı və imzalanmalıdır) və səyahətiniz üçün digər lazımi sənədləri təqdim etməlisiniz.

Viza rüsumunun məbləği 30 avrodur (hər bir səfirliyin tətbiq etdiyi qaydaya uyğun olaraq avro, manat və ya dollarla; Şengen səfirliklərinin viza şöbələrində ödənilməklə) və bu məbləğ səfirlik viza verməkdən imtinad etdikdə də geri qaytarılmır. Heç bir digər məbləğ ödəməyə ehtiyac yoxdur. Turizm agentlikləri vizanın verilməsi qərarında heç bir rol oynamır”.

Şengen vizası nədir?

Şengen sözü Lüksemburqda kiçik bir şəhərin adından gəlir və məhz bu şəhərdə 1985-ci ilin iyun ayında beş Avropa ölkəsi öz ölkələri arasında sərhəddə yoxlama və nəzarətə son qoyan bir saziş imzalayıblar. Sonrakı illərdə bir çox ölkə bu sazişə qoşulub.

Şengen ölkələrinin sayı 24-dür: Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, İslandiya, İspaniya, İsveç, İtaliya, Latvia, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanıstan.

İslandiya və Norveç istisna olmaqla bütün ölkələr Avropa Birliyinin üzvləridir. Beş Avropa Birliyi ölkəsi - Birləşmiş Krallıq, İrlandiya, Bolqarıstan, Kipr və Rumıniya Şengen zonasına daxil deyil.

Şengen qrupu Avropa Birliyinə üzv olmayan ölkələrlə nəzarətin uyğunlaşdırılması sahəsində proqressiv əməkdaşlığı inkişaf etdirir. Polis və hüquqi əməkdaşlıq Şengen sisteminin əsaslarından biridir.

Şengen vizasının mahiyyəti

Avropa Birliyinə üzv olmayan ölkələrin vətəndaşlarının Şengen zonasına səyahət etməsi Şengen vizasının tətbiq edilməsi nəticəsində asanlaşdırılıb. Şengen ölkəsinə səyahət edən zaman vahid viza sisteminin bir çox üstünlüyündən yararlanmaq olar. Şengen vizası ilə bir ölkəyə daxil olub bütün Şengen zonasında azad səyahət etmək mümkündür. Daxili sərhədlərin nəzarəti ləğv edilib. Lakin təhlükəsizliyi təmin etmək üçün Şengen zonasında bəzən nəzarətə də rast gəlinir. Daxili uçuşlar, yol və qatar səyahətləri də tədricən ölkədaxili səyahətlər kimi idarə olunur.

Şengen vizaları «qısamüddətli» vizalardır və onlar Şengen zonasında 1 il müddətində 90 gün qalmağa imkan verir. Uzunmüddətli səfərlər üçün isə milli vizalar tələb olunur və bu da hər ölkənin öz qanunvericiliyindən asılıdır.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 8844