İlham Əliyev bir sıra açılışlar etdi


20:35     11 Avqust 2015 1413796804_ilham-aliyev166.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Cəlilabad rayonuna səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.


Femida.az- ın məlumatına görə, bu gün respublikamızın bütün bölgələrində ulu öndər Heydər Əliyevin zəngin irsini, xalqımız qarşısındakı tarixi xidmətlərini daha dərindən öyrənmək məqsədilə Ümummilli Liderin adını daşıyan muzeylər və mərkəzlər istifadəyə verilir. Bu baxımdan Cəlilabadda yaradılan Heydər Əliyev Mərkəzinin də xüsusi əhəmiyyəti var. Orijinal üslubda inşa edilən Mərkəz həm də rayonun görkəminə əlavə çalarlar qatır. Bu Mərkəz ilk növbədə, rayon sakinlərinin Ulu Öndərin xatirəsinə dərin ehtiramını nümayiş etdirir. Mərkəzin yaradılması həm də dahi şəxsiyyətin zəngin və çoxşaxəli irsinin təbliğində və öyrənilməsində mühüm rol oynayır, xalqımızın böyük oğlunun Azərbaycan naminə gördüyü işləri gələcək nəsillərə çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Buradakı fotolar və digər eksponatlar bir daha sübut edir ki, Azərbaycanın tənəzzül dövründən inkişaf mərhələsinə qədəm qoyması və hazırkı hərtərəfli yüksəlişi, beynəlxalq nüfuzunun artması, respublikamızda demokratik, hüquqi dövlət quruculuğu prosesi, vətəndaş cəmiyyətinin formalaşması, əsaslı siyasi və iqtisadi islahatların həyata keçirilməsi, ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanınması və təbliği məhz ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri ilə bağlıdır. Müasir dövlətin möhkəm təməl və milli dəyərlər üzərində qurulması, xalqımızın milli ideya ətrafında birləşməsi, azərbaycançılıq ideologiyası Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən idi. Bu cür çoxfunksiyalı mərkəzlər Azərbaycanın Heydər Əliyev irsinə əsaslanan davamlı inkişaf konsepsiyasının mahiyyətinin aydın şəkildə öyrənilməsinə real zəmin yaradır.

Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, inşasına 2014-cü ildə başlanılan Mərkəzin ümumi sahəsi 8800 kvadratmetrdir. Burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən muzey yaradılıb. Muzeydə dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotolar, fəxri diplomlar və digər sənədlər sərgilənir. Fotolarda Ulu Öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik illəri, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrlər və Cəlilabada səfərləri əks olunub. Dahi şəxsiyyətin müxtəlif dövrlərdə Cəlilabad rayonuna etdiyi səfərlər zamanı çəkilən fotolar da böyük maraqla qarşılanır. Bu fotolar bir daha onu göstərir ki, müasir Azərbaycan tarixinin çox mühüm və taleyüklü səhifəsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin dövlətçilik fəlsəfəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, bütün sahələrin inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsini öyrənmək baxımından bu Mərkəzin çox böyük əhəmiyyəti var.

Mərkəzdə, həmçinin 110 kvadratmetr sahəsi olan sərgi salonu, qrim otağı, 700 yerlik böyük və kiçik konfrans zalları, amfiteatr, yeni ailə quranlara psixoloji məsləhət, ana və uşaq, geyim, milli rəqs, mərkəzi idarəetmə otaqları var. Burada məntiqi təfəkkür kursu, şən və hazırcavablar klubu, kompyuter kursu-virtual sinif, xarici dil kursları, rəsm studiyası-heykəltəraşlıq, gimnastika və aerobika otaqları, müasir formatlı 3D kinozal, fotostudiya, nikah salonu, gənclər klubu, adi və elektron kitabxanalar, xalça və tikiş otaqları, internet kafe də fəaliyyət göstərəcək.

Bu Mərkəzin istifadəyə verilməsi ilk növbədə, Ulu Öndərin zəngin irsini, onun dərin dövlətçilik ənənələrini öyrənməyə imkan verəcək. Bundan başqa, Cəlilabaddakı Heydər Əliyev Mərkəzi həm də rayon sakinlərinə asudə vaxtlarını səmərəli keçirmək üçün hərtərəfli imkanlar verir. Mərkəzin ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb, dekorativ gül və bəzək kolları, ağaclar əkilib.

Sonra Prezident İlham Əliyev burada istirahət edən rayon sakinləri ilə görüşdü. Sakinlər göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabadda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

Uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili və gələcəkdə intellektual qüvvə kimi yetişmələri üçün bu gün dövlətimiz tərəfindən mühüm tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən layihələrin sırasında yeni körpələr evi-uşaq bağçalarının inşası, mövcudlarının isə ən müasir səviyyədə yenidən qurulması xüsusi əhəmiyyətə malikdir. Bu işlərdə Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondu da böyük xidmətlər göstərir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond indiyədək bu sahədə çoxlu sayda layihə reallaşdırıb.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Cəlilabadda inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası bu işlərin ardıcıl xarakter aldığını açıq şəkildə nümayiş etdirir. Görülən bütün bu işlər bir daha təsdiqləyir ki, dünyada xoş məramı, xeyirxah işləri ilə seçilən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva gələcəyimiz olan uşaqlara xüsusi diqqətlə yanaşır, onların sağlam, bilikli, savadlı və intellektli olmaları üçün səylə çalışır.

Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu.

Körpələr evi-uşaq bağçasının ərazisində dekorativ hasar çəkilib, yaşıllıq zolağı salınıb. Uşaqların əyləncəsi üçün müasir tipli əyləncə attraksionları quraşdırılıb, oyun meydançası yaradılıb. Binanın inşasına 2014-cü ilin sonunda başlanılıb. Təmir-tikinti işləri yüksək səviyyədə həyata keçirilib.

Foyedə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini, uşaqlara diqqətini əks etdirən fotoguşələr var. Ümumi sahəsi 1500 kvadratmetr olan məktəbəqədər müəssisə müasir mebel dəstləri ilə təchiz edilib. Buradakı qrup otaqları balacaların zövqünə uyğun yaradılıb. Yeməkxanada uşaqların normal qidalanmaları üçün bütün imkanlar var. Binadakı yataq və oyun otaqları da balacaların böyük marağına səbəb olacaq. Bir sözlə, burada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri üçün hər cür şərait yaradılıb.

Məktəbəqədər təhsil müəssisəsində uşaqların təlim-tərbiyəsinin keyfiyyəti vacib amillər kimi əsas götürülüb. Onların intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması burada diqqət mərkəzində saxlanılır.

Görülən işlər göstərir ki, son illərdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə paytaxtla yanaşı, bölgələrimizdə də bir çox uşaq tərbiyə və təhsil müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılıb, yeni uşaq bağçaları tikilib. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı da xüsusi əhəmiyyət daşıyır. Bütün bu addımlar isə Azərbaycanın uğurlu gələcəyinə hesablanıb.

Daha sonra İlham Əliyev “Avanqard” MMC-nin Cəlilabad rayonundakı taxılçılıq təsərrüfatı ilə tanış olub.

Dövlətimizin başçısına iri fermer təsərrüfatları barədə məlumat verildi. Bildirildi ki, ölkədə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Dövlət Torpaq Fondu hesabına iri fermer təsərrüfatlarının yaradılması prosesi davam etdirilir. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq hazırda Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı, Şamaxı rayonlarında 30 min hektardan artıq sahədə 15 sahibkarlıq subyekti tərəfindən 19 iri fermer təsərrüfatı yaradılır. Ümumi dəyəri 123,7 milyon manat olan bu təsərrüfatların yaradılmasına 54,8 milyon manat məbləğində dövlətin güzəştli kreditləri verilib.

Azərbaycan Prezidentinə Cəlilabadın da daxil olduğu Lənkəran iqtisadi rayonu üzrə verilmiş güzəştli kreditlər barədə məlumat verildi. Qeyd olundu ki, indiyədək Lənkəran iqtisadi rayonu üzrə 2528 sahibkara 102,6 milyon manat güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 11 mindən çox yeni iş yeri yaradılıb. Eyni zamanda, 2250 sahibkara 19 milyon manatadək kiçik həcmli güzəştli kredit verilib və bu kreditlər hesabına 4580-ə yaxın yeni iş yeri yaradılıb. Cəlilabad rayonunda isə 530-dan çox sahibkara 21,7 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 2900-dən çox yeni iş yeri açılıb.

Sonra Prezident İlham Əliyev keçmiş dövlət kənd təsərrüfatı istehsalı müəssisəsinin bazasında 1300 hektar torpaq sahəsi üzrə müsabiqənin qalibi olmuş “Avanqard” MMC tərəfindən yaradılmış iri fermer təsərrüfatının sahələrinə baxdı. Təsərrüfatın investisiya layihəsinin ümumi dəyəri 5,9 milyon manat təşkil edir ki, bunun da 1,9 milyon manatı sahibkarın şəxsi vəsaiti, 4 milyon manatı isə güzəştli kredit vəsaiti hesabına həyata keçirilir. Təsərrüfat əsasən toxumçuluq istiqamətində fəaliyyət göstərəcək və yüksək reproduksiyalı buğda toxumuna olan tələbatın yerli istehsal hesabına ödənilməsində əhəmiyyətli rol oynayacaq. Bu il təsərrüfatda yazlıq qarğıdalı əkilib və hər hektardan orta məhsuldarlığın 10 tondan artıq olacağı gözlənilir. Təsərrüfat üçün ofis binası, nasosxanalar və texnikaların saxlanılması məqsədilə avtopark tikilib. “Aqrolizinq” ASC vasitəsilə Almaniyanın “Claas” şirkətinin istehsalı olan texnika və aqreqatlar gətirilib. Layihənin icrası nəticəsində 50-dək yeni iş yeri yaradılıb.

Dövlətimizin başçısı yaradılmış imkanlardan səmərəli istifadə edilməsi ilə bağlı tapşırıqlarını verdi.

Açar sözlər:

Oxunub: 1038