`Şah İsmayıl anasını öldürməyib...` - Professorla müsahibə

`Şah İsmayıl anasını öldürməyib...` - Professorla müsahibə

15:58     26 Aprel 2017 tufan5.jpg

Professor Tufan Gündüz: “Türkiyədə Səfəviləri illərlə bir İran dövləti olaraq tədris elədilər”


Femida.az Azadinform.az -a istinadla professor Tufan Gündüzlə müsahibəni təqdim edir:

O yol ki, dosta gedir, həmişə açıqdır, önündə əngəl yoxdur. Qanadların götürür səni. Bu dəfə də yolum Hacəttəpə Universiteti, Bəytəpəyədir. Azadinformun müsahibi - professor Tufan Gündüzün sayəsində çoxdan unutduğum universitet havasını sinəmə çəkib bu elm ocağına daxil oluram. Ardımca gələn bir qrup tələbə Azərbaycan dilindən kəlmələr səsləndirir: “Hocaya söyledim, ben yahşıyem, spora gidirem, benim hayallerim var”. “Bəs müəllim demədimi, sənin yaxşı olmağının, idmanına, ya da xəyallarına nə dəxli var”, deyə onlara tərəf çevrilirəm. Gənclər elə bil axtardıqlarını tapırlar. Düz 30 dəqiqəlik söhbətdən sonra onların da köməkliyilə fakültəni tapıram və budur Tufan bəyin otağının qarşısındayam. İndi hamının yaxşı tanıdığı o Türkü mən də yaxından tanıyacağam və qürurla əlini sıxıb “vəfalı Türk gəldi” deyəcəyəm:

- Tufan bəy, xoş gördük Sizi.

- Çox sağ olun, xoş gəlmisiniz.

- Həqiqətləri demək bir də təqdim etmək məsələsi var. Biz bildiyimiz həqiqətləri Sizin təqdimatınızda daha çox sevirik...

- Mənim Bakıyla, Azərbaycanla tanışlığım qısa dalğalı radiolar vasitəsilə olub. 13 ya da 14 yaşım olardı, axşamlar radionu qurdalayıb Bakını tutar, nədənsə həmişə də hava haqqında məlumata rast gəlib, diqqət kəsilərdim, çünki türkcə danışırdılar. Hər gün o radionu gecə 11-12 arası filan tutardım, hava haqqında məlumatı dinlər, sonra da şeirə qulaq asardım. Bir qadın səsiydi, böyük ehtimalla Fizulidən oxuyurdu. Hətta bir azərbaycanlı dostum o qadının adını mənə yazmışdı. Çünki mən bu hekayəni qələmə almışdım, “yarın şıdırğı yağmur olacaq” deyə. Heç mənasını da bilmirdim. Və beləcə Bakı radiosu məndə başqa dünyalarda, başqa məmləkətlərdə, başqa dağların arxasında türklərin olduğu qənaətini qüvvətləndirdi. Sonra bir az tarix və ədəbiyyat oxumağa başlayanda Azərbaycan ləhcəsi məndə bir şeir dadı buraxdı. İnsan oğlu nəyisə sevməyə başlayanda onu istəməyə, o dünyaya girməyə çalışır. Beləliklə həm içində yaşadığımız, həm də tanımaq istədiyim torpaqların həm də problemli torpaqlar olduğunu görməyə başladım.

- Problem torpaqlardadırmı?

- Əslində torpağın özündə bir problem yoxdur, bizə, türklərə qarşı bir problem var, hücum var.

- Bu, həm də Türk milliyyətçiliyinin yaranma səbəbidir, elə deyilmi?

- Bəli, bu hücum sizin qanınıza toxunur və türklük dünyanız formalaşmağa başlayır. Türk millətçiliyi bir müdafiə mədəniyyətidir. Biz türk olmasaq bu qədər təzyiqə məruz qalmazdıq. Eləcə də başqa millətləri aşağılamaq üçün Türk millətçisi olmadıq, millətimizi müdafiə eləmək və inkişaf etdirmək üçün Türk millətçisi olduq. Bu düşüncə mənim ruh dünyamı da dəyişdi. Sonra universitetdə tarix təhsili aldım. Türkmənlər haqqında araşdırmalar apardım. Bir il İrana getdim, farsça öyrəndim bu dəfə də Səfəviləri araşdırmağa başladım. Fars dilini bilmədən Səfəvi tarixini öyrənmək olmaz. Orada da başqa bir dünya ilə qarşılaşdım. Səfəvilər bir az yetim qalan bir keçmişdir, İranda. Hərçənd, bu fikri bütün türk tarixinə şamil eləmək olar. Çünki Səlcuqlular, Səfəvilər, Ağqoyunlular, Qaraqoyunlular İranı idarə edib, qacarlar, avşarlar və digərləri, hamısı türkdü. Təəssüflə qeyd etməliyəm ki, İranda fars millətçiliyi irqçilik mərhələsinə çatıb. Qərəzli formada Səlçuqlu sultanlarını görməzdən gəlib vəzirlərin tarixlərini ön plana çıxarırlar. .

- Bunu bir az da Türklərin hökmdar olmağına bağlamaq olar...

- Əlbəttə. Qısqanclıqla Türk hökmdarlarını görmür, Tuğrul və Ğağrı bəyi, Alparslanı görmür? Amma Nizamülmülkü görür. Böyük vəzir Nizamülmülk, böyük vəzir filankəs deyə başlayıb sonra türklərdən bəhs edəndə “İrana gəlib bizə zülüm elədilər” deyirlər. Mən ordakı konfransların birində bu fikrə etirazımı bildirib “bəs sizin bu şairlər, sənət adamları, məşhur alimləriniz, filosoflarınız elə türk hökmdarların vaxtında yetişmədimi? Türklər onları rahat buraxdı ki, tarixdə qaldılar” demişdim. Yəni insanın istər-istəməz hər tərəfdən aldığı bu zərbələr qanına toxunur. Bəli, mən türklüyü xüsusi qeyd edirəm, amma bunu deyəndə almanı, rusu, ya qeyri millətləri pisləmirəm. Sadəcə türk yaxşıdır, deyirəm. Rus da özü haqqında yaxşı fikirdədirsə, bundan mənə nə.

- İrqçilik...

- Xeyr, bu adı türkləri təsirsizləşdirmək istəyənlər qoyur bizə. Türk milliyyətçiliyinin qarşısındakı ən böyük düşmən Türk milliyyətçiliyini sıfırlamaq istəyən, ya mikro millətçilərdir, ki, İslamı ön plana çıxarırlar, ya da türklük düşmənləridir. Mikro millətçilik edə bilmədikləri, ayıb gördükləri İslam dini qadağan olduğunu iddia edirlər. Halbuki İslam dininin qadağan elədiyi millətçilik Həzrət Məhəmməd (s) dövründəki qəbiləçilikdir. O, bir irqi həqiqətən çox üstün tutmuşdur. Amma biz Türk millətçiləri türk irqini sevirik, bizim bütün hekayəmiz budur. “Bu insanlar tarix boyunca köç elədilər, əziyyət çəkdilər, ölkələr fəth elədilər, hakim olduqları ərazilərdə insanlara firavanlıq gətirdilər, imkan verin indi də Azərbaycan türkləri, Türkmənistan, Qazaxıstan, Türkiyə türkləri xoşbəxt olsun, bizdən uzaq durun, biz sizdən başqa heç nə istəmirik” dediyimiz üçün hədəf oluruq. Siz heç Türk millətçilərindən İraqı ələ keçirək, Ermənistanı yox edək, Yunanıstanı ortadan qaldıraq, ruslara savaş açaq kimi fikirlər eşitdinizmi? Yox, çünki bizim millətçilik tamamilə öz mədəniyyətimizi yaşatmaq üçün qurulub.

- Tufan bəy, heç qarşınızı kəsmək istəyənlər olubmu?

- Xeyr. Mən buna imkan verməmişəm. Başarısızlığın bəhanəsi olmaz. Hər bir kəs öz sahəsində çox işləməlidir. Mən tarixçiyəm, sadəcə öz işimi görürəm. Heç bir siyasi partiya mənsubu deyiləm, bir kreslom yoxdur. Oturub kitablarımı yazıram, mübahisəli məsələlərə üstünlük verirəm. Türkiyədə Səfəviləri, Osmanlı tarixində türkmənləri araşdırdım, yaxşı işlər görməyə çalışdım kimsə də mənə sən türkçüsən, irqçisən demədi.

- Tarixin bilmədiyi, Sizi həyəcanlandıran detallardan danışaq bir az...

- Məsələn, mən türkmən “aşirət”i haqqında araşdırmalara başlayanda osmanlılarla türkmənlərin yaxşı yola getmədiyi qənaətindəydim. Müdafiəmi yekunlaşdıranda nəticə mənim fikrimin əksi oldu. Osmanlı dövründə türkmənlərdə dövlətə qarşı heç bir etiraz olmayıb. Mənim təəccübləndiyim məqam buydu. Şah İsmayıl məsələsi, qızılbaşlarla osmanlı müharibəsini işləyəndə mən osmanlıların 40 min qızılbaşı öldürməsi haqqında məlumat axtarırdım, amma osmanlı arxivlərində Şah İsmayılın məktublaşdığı “sipahi”ni tapdım. Araşdırma vaxtı belə kiçik, amma gözlədiyinizin əksinə nəticələr doğuran məqamlar ortaya çıxır. Bu, işin özüdür.

- Bəs, Şah İsmayılı anasını öldürübmü? Türkiyə türklərinin bu düşüncəsinin səbəbi nədir?

- Bu məsələyə ikitərəfli baxmaq lazımdır. Tarix mövzusunda Türkiyədə xüsusilə də son illərdə bir bilgi zəhərlənməsi var. İdeoloji baxımdan tarixi öyrənməyi çətinləşdirir. Birinci məsələ budur. İkincisi, türk tarixinə hansı yöndən baxmalıyıq? Bütünlükdə bir Türk tariximi, yoxsa hissələrə bölünmüş, məzhəb, savaşlar ya da mücadilələr tariximi? Şah İsmayıl anasını öldürməyib. Bu məlumat bir venediklinin eşitdiklərinə əsaslanır. Bu səyyah Təbrizə gəlib, Şah İsmayılın anasını öldürdüyü barədə dedi-qoduları dinləyib, qələmə alıb. Heç bir Səfəvi qaynaqlarında belə bir məlumat yoxdur. Həm də niyə öldürsün, anasıdır axı. İkincisi, bu rəvayət bir roman mövzusudur, insanlar da bədii ədəbiyyatdan tarix öyrənmək istəyəndə ortaya belə nəticələr çıxır. Türkiyədə Səfəviləri illərlə bir İran dövləti olaraq tədris elədilər. Halbuki 1040-cı ildən 1925-ci ilə qədər İrandakı bütün dövlətlər Türk dövlətləridir. İndi İran adlı bir coğrafi ərazinin tarixindən bəhs eləmək istəyəndə sanki orda başqa insanlar yaşayıb, heç türk hakimiyyəti olmayıb deyə bir nəticə ortaya çıxır. İranda bu gün 35 milyon Türk var. Bu türklərin böyük bir qismi Azərbaycanda yaşayır, qohumları Türkiyədədir. Məsələyə bu bütövlükdən yanaşmayanda həmin o kirli məlumatların içərisində itib-batacaqsınız. Səfəvi dövləti tamamilə Azərbaycan türklərinin, Ağqoyunlu, Qaraqoyunlu türkmənlərinin və bir az da Anadoludan gedən türklərin qurduğu bir dövlətdir. Bu dövlət İrana hökm etmişdir. Əlbəttə türklər hakim olduqları ərazilərdə yerli ünsürlərdən istifadə ediblər. Bütün İran qaynaqlarında da türklər xüsusi qeyd olunur. Türklər və taciklər yəni türklər və farslar. Bunu gözardı edib sadəcə Şah İsmayıl və ya Şah Abbasdan ibarət bir tarix yaradırsınızsa əlbəttə ortaya iki düşmən çıxacaq.
Şah İsmayıl ana tərəfindən Ağqoyunlu xanədanına mənsubdur, babası Uzun Həsənin bacısı Xədicə Begümlə evlənib, atası da Aləmşah bəyimlə evlənib. Özünün xanımı Taclı Begüm də Mosul türkmənlərindəndir. Ailədə ciddi formada türkmənlik var. Səfəvilərin soyu da türkdür. Şexy Səfiyəddindən “türk oğlu”, “gənc türk” deyə bəhs ediblər. Bütün bunları bir kənara atıb Şah İsmayılı fars, Səfəvi dövlətini də İran dövləti kimi təqdim edə bilməzsiniz. Bəli, Çaldıranda bir döyüş oldu, amma Otluqbelində də oldu, Yastıçəməndə, Ankarada da, Timurla Yıldırım Bəyazit, Fatihlə Uzun Hasan, Ağqoyunlularla Qaraqoyunlular, Səlçuqlularla Xarəzmşahlar arasında da... Niyə məhz Çaldıran?!

Bu, bir tarixdir. Bizim keçmişə qayıdıb 600-700 il əvvəlki bir tarixdən intiqam çıxarmağımıza ehtiyac yoxdur. Mirzə Ələkbər Sabir Fəxriyyəsində “Əhsən bizə, həm tirzəniz, həm hədəfiz” - deyir.
Afərin bizə, həm oxu atırıq həm də hədəfindəki bizik. Bu gün Şah İsmayıl, Təhmasib, Abbas mövzusu tədris olunanda Səfəvi tarixi, onu da keçdim, Nadir şah Əfşar tarixində belə həm hədəfik, həm də oxu atanıq. Tarixə türklərin bütün tarixi olaraq baxmalıyıq. Tarix intiqam sahəsi deyildir. Kimdən intiqam alacağıq?!


Açar sözlər:

Oxunub: 5899