12 avqust “Xəzər günü”dür


15:31     12 Avqust 2015 Caspian_Sea.jpg

12 avqust - Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günüdür.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası - beş Xəzəryanı dövlət arasında Xəzər dənizi regionunda təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir.

Konvensiyanın imzalanması üçün BMT-nin Ətraf Mühit Proqramının və digər beynəlxalq təşkilatların dəstəyi ilə 1995-ci ildən başlayaraq uzun illik hökumətlərarası danışıqlar aparılıb və nəhayət Tehran Konvensiyası beş Xəzəryanı dövlətin hökumətləri tərəfindən ratifikasiya olunduqdan sonra 12 avqust 2006-cı il tarixində qüvvəyə minib. Bundan sonra 12 avqust “Xəzər günü” kimi qeyd edilir.

Saziş Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, dəniz ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına, o cümlədən bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə yönəlib.

Bununla əlaqədar Azərbaycanda da hər il “Xəzər günü”nə xüsusi önəm verilir, Xəzərətrafı rayonların rəsmi dövlət qurumlarının, ictimai təşkilatların, ictimaiyyətin nümayəndələrinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumlarının iştirakı ilə maarifləndirici tədbirlər, o cümlədən təmizlik və abadlıq işləri həyata keçirilir.

Açar sözlər:

Oxunub: 760