Arvadından xəbərsiz ev satanların NƏZƏRİNƏ


00:58     13 Mart 2018 sellingflat8.jpg

“Yaşayış evinin və ya mənzilin satılması zamanı hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə görə həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin, ev ümumi mülkiyyətdə olduqda hər bir mülkiyyətçinin, ər-arvadın ümumi (birgə) mülkiyyətində olduğu halda isə ər-arvadın digərinin harada daimi qeydiyyatda olmasından asılı olmayaraq notarial qaydada təsdiqlənmiş yazılı razılığı alınmalıdır”


Bunu Femida.az-a açıqlamasında vəkil Sadiq Əfəndiyev deyib.

Vəkil bildirdi ki, ev satılarkən həmin ünvanda qeydiyyatda olan bütün yetkinlik yaşına çatmış şəxslərin razılığının alınması mülkiyyət hüquqları ilə ziddiyyət təşkil edir:

“Yaşayış və ya digər bu kimi daşınmaz əmlakların özgəninkiləşdirilməsi, o cümlədən satılması zamanı həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış, mülkiyyətçi olmayan bütün ailə üzvlərinin razılığının tələb olunması notariat qanunvericiliyində nəzərdə tutulsa da, mülkiyyət hüquqlarının ümumi prinsiplərinə uyğun deyildir. Belə ki, bu qayda mülkiyyətçinin öz mülahizəsi ilə əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. Alqı-satqı zamanı razılığı tələb olunan şəxslərdən satılan evin yerləşdiyi ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin dairəsi müvafiq informasiya sistemləri vasitəsilə, ümumi mülkiyyətdə olan evin mülkiyyətçiləri isə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları əsasında müəyyən edilir”.



Sadiq Əfəndiyev onu da qeyd etdi ki, ər-arvadın razılığının tələb olunması üçün satılan evin ər-arvadın ümumi (birgə) mülkiyyətində olub olmaması müəyyən edilməlidir:

“Bunun üçün ilk növbədə satılan ev üzərində mülkiyyət hüququnun nə vaxt yaranmasının yoxlanılması zəruridir. Əgər evin mülkiyyətçisi bu evi nikaha daxil olmamışdan əvvəl, habelə nikah müddətində hədiyyə şəklində və ya vərəsəlik qaydasında, eləcə də digər əvəzsiz əqdlər üzrə əldə etmişsə, yaxud ev nikah müdətində əldə edilsə də, həmin evin ər-arvadın ümumi (birgə) mülkiyyəti sayılmaması barədə nikah müqaviləsində ayrı qayda nəzərdə tutulmuşsa, ərin (arvadın) razılığı tələb olunmur”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 10152