Bakının lift dərdi – Milyonlar hara gedir?

15:43     01 May 2017 ruka-v-lifte2.jpg

Demək olar ki, hər gün Bakının müxtəlif hissələrində kiminsə liftdə qalması, liftin trosunun qırılması və s. kimi xəbərlər eşidirik. Bəzən isə bu cür hadisələr faciəvi sonluqla yekunlaşır.


Cüzi bir araşdırma aparsaq, Bakıdakı köhnə binaların əksəriyyətində liftlərin istifadəyə yararsız halda olduğunu görərik. Nəinki köhnə binalar, hətta yeni tikililərdə də son vaxtlar lift problemləri ilə qarşılaşırıq. Dünən Nəsimi rayonu ərazisindəki yeni tikili binaların birində 11 nəfərin liftdə qalması da buna nümunədir.

Bəs, problemdən yaxa qurtarmaq üçün nələr edilməlidir? Çatışmazlıq maliyyədir, yoxsa bəzi dövlət qurumlarının səhlənkarlığı?

Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyev şəhər və rayon mərkəzlərində olan binalarda lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında 23 dekabr 2008-ci il tarixdə sərəncam imzalayib.

Sərəncamda şəhər və rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpa edilməsi üçün Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsait ayrılıb.

Eyni məqsədlə 2013 və 2015-ci illərdə Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat (ümumilikdə 20 milyon manat) məbləğində vəsait ayrılıb.

Bu məqamda xatırladaq ki, Bakıda liftlərin təmirindən məsul qurum Bakı Lift-Təmir İstehsalat Birliyi. Bu qurum isə Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərir. Suallarımıza cavab tapmaq tapmaq üçün bu idarə ilə əlaqə saxlasaq da, suallarımız cavabsız qaldı.



Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov hesab edir ki, bütün dünyada tədbiq olunan binaların özünüidarə mexanizmi Azərbaycanda da tətbiq olunmalıdır:

“Liftlər ölkədə ciddi problemə çevrilib. Son illər ərzində mənə liftdən yıxılıb ölmə və ağır yaralanmalarla bağlı bir neçə müraciət daxil olub. Problemdən yaxa qurtarmaq üçün binalar özünüidarəyə verilməlidir. Baxmayaraq ki, İqtisadiyyat Nazirliyində bu məsələyə baxan ayrıca qurum var, lakin nə yeni tikilən binalarda, nə də köhnə binalarda “jek”lər nəzarəti heç bir quruma vermək istəmir. Lift məsələsi binaların idarəsinə verildikdən sonra binalar öz talelərini özləri müəyyən edəcəklər. Nəzərə almaq lazımdır ki, ölkəmizdə insanların liftlə davranış formaları da ürəkaçan deyil. Dəfələrlə liftlərin içərisində düymələrin sındırılması, əxlaqsız sözlərin yazılması və s. xoşagəlməz hallarla qarşılaşmışıq. Bakı Lift-Təmir İstehsalat Birliyi effektiv fəaliyyət göstərə bilmir. Dünyanın digər ölkələrində binalar özünüidarədədir. Bu, Azərbaycanda da tətbiq olunmalıdır”.

Qeyd edək ki, 2001-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin mənzil təsərrüfatı təşkilatlarının balansında olan yaşayış binalarında 4130 ədəd lift mövcud idi. Bunlardan 3254 ədədi işlək vəziyyətdə olub, 876 ədədi isə uzun illər idi ki, istismar olunmurdu.

Mövcud şəraitdə dövlət yaşayış fonduna aid binalarda quraşdırılmış liftlərin texniki istismar vəziyyətinin qeyri-qənaətbəxş olduğunu nəzərə alaraq dövlət mənzil fonduna aid binalarda istismar müddətini bitirmiş lift təsərrüfatının sağlamlaşdırılması üçün Prezidentin şəxsi təşəbbüsü və göstərişi ilə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına 2012-2014-cü illərdə 1270 ədəd lift yenisi ilə əvəz edilib. Və onlar Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən qeydiyyata alınaraq istismarına icazə verilib. 1325 ədəd liftdə isə əsaslı təmir və bərpa işləri görülüb, bununla da yeni qəbul edilmiş mənzil fondu ilə birgə işləyən və texniki xidmət göstərilən 1246 binadakı liftlərin sayı 1 yanvar 2017-ci il tarıxinə 5291 ədədə çatdırılıb.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3324