İstirahət mərkəzlərinin qiymət fırıldağı - ARAŞDIRMA


21:30     17 Avqust 2015 otell%20qebele.jpg

İstirahət mərkəzlərinin qiymət fırıldağı İstirahət mərkəzlərinin elan etdiyi ucuz qiymətləri görənlər dəqiqləşdirmək üçün dərhal həmin mərkəzə zəng edirlər, lakin, istirahət mərkəzinin nümayəndəsinin dediyi qiymətlər vətəndaşları məyus edir.


Belə ki, şirkət rəsmilərinin dediyi qiymətlər reklam olunan qiymətlərdən xeyli baha olur.

Femida.az-ın bugünkü araşdırmasının məqsədi ölkəmizdə olan istirahət mərkəzlərinin insanları aldatması ilə bağlıdır.

Gərgin keçən iş ilinin ardından çoxlarının beynində bir sual yaranıb: Görəsən, harada istirahət edim?

Xaricdə dincəlməyə imkanı olan şəxslər müvafiq istirahət mərkəzi ilə əlaqə saxlayaraq özlərinə kifayət edəcək qədər pul götürüb yollanırlar həmin ölkəyə. Lakin, təbii ki, hər kəsin xaricdə dincəlməyə imkanı çatmır.

Xaricdə dincəlmək imkanı olmayan ölkə vətəndaşlarının yay aylarında daha çox Qəbələ, İsmayıllı, Nabran, Qax zonasında istirahətə üstünlük verirlər. Yerli istirahət mərkəzlərində dincəlməyi qərara alan vətəndaşlarımız otellərin qiymət fırıldağı ilə qarşılaşırlar. İstirahət mərkəzlərinin internet portallarında yerləşdirdiyi qiymətlərlə otellərin faktiki qiyməti üst-üstə düşmür.

Bununla bağlı kifayət qədər fakt vardır. "Qəbələ Xanlar" istirahət kompleksi paylaşdığı reklamlarda 2 nəfərlik 1 otaqlı mənzildə bir günlük istirahətin qiyməti 50 manat, 2 otaqlı mənzillərdə isə 80 manat olduğu qeyd olunub. Faktı dəqiqləşdirmək üçün istirahət kompleksi ilə əlaqə saxladıq. Kompleksdən aldığımız məlumatlar elan olunan qiymətlərlə üst-üstə düşmürdü. Belə ki, bizə bir otaqlı mənzillərdə bir günlük istirahətin qiymətinin 60 manat olduğu bildirildi.



Digər bir reklama baxaq. Altıağac "Cənnət Bağı" istirahət mərkəzi 2 nəfər üçün bir günlük səhər yeməyi daxil istirahətin qiyməti 55-80 manat aralığında olduğu bildirilsə də, həmin mərkəzlə əlaqə saxladıqdan sonra məlum olur ki, həmin istirahət mərkəzində bir nəfərin bir günlük istirahəti ən ucuz halda 70 manata başa gəlir.



Qəbələ rayonunda yerləşən "Semerana" istirahət mərkəzinin Qəbələ RİH – nin rəsmi saytında koteclərinin qiyməti əks olunub. Həmin reklamda bir mənzilin bir günlük qiymətinin 60 manat olduğu göstərilib. İstirahət mərkəzi ilə əlaqə saxladıqdan sonra məlum oldu ki, bir mənzilin bir günlük qiyməti 60 yox, 70 manatdır.



İstirahət mərkəzlərinin rəsmilərinə faktiki qiymətlərin müxtəlif saytlarda yerləşdirilən qiymətlərlə üst-üstə düşmədiyi barədə məlumat verik. Onlar isə öz növbəsində internet portallarında yerləşdirilmiş qiymətlərdən ya xəbərsiz olduqlarını, ya da ki həmin qiymətlərin bir qədər əvvəlki dövrə aid olduğunu bildirdilər. Yəni müəyyən bəhanələr gətirdilər.

Lakin hansı bəhanənin gətirilməsindən asılı olmayaraq ortada bir problem var: Vətəndaşlar aldadılır...

Görəsən, vətəndaşları qiymət fırıldağı ilə aldadan həmin istirahət mərkəzləri qanunvericiliklə müəyyən olumuş qaydada məsuliyyətə cəlb olunurmu?

Femida.az sualı cavablandırmaq üçün hüquqşünasların mövqeyini öyrəndi. Hüquqşünas Cavid Rzazadə bildirir ki, bu halda müəssisə rəhbərliyi inzibati qaydada məsuliyyətə cəlb olunur:

"Belə hallar qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati məsuliyyətə səbəb olur. "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, reklamın yayımı anında əmtəənin dəyəri (qiyməti) barədə həqiqətəuyğun olmayan məlumatları əks etdirən reklam qeyri-dəqiq, istehlakçını qəsdən yanlış istiqamətləndirən reklam isə bilərəkdən yalan reklam hesab olunur. "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının Qanununa görə, əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçim sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması istehlakçıların çaşdırılmasına və nəticədə haqsız rəqabətə səbəb olur. Bu hərəkətlərə görə bazar subyektlərinə haqsız rəqabət fəaliyyəti göstərilən dövrdə əldə edilmiş ümumi gəlirin 10%-dək, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə isə 20% maliyyə sanksiyası tətbiq olunur”.

Unutmayaq ki, ölkəmizdə vətəndaşlarımızın hüquqları bütün hallarda qorunur. Vətəndaşları aldatmaq, onlara yalan vədlər vermək ciddi inzibati xətadır və bu xətanı törədənlər lazımi cəzalarını alırlar.

Ümid edirik ki, bu yazımızdan sonra istirahət mərkəzləri vətəndaşlarımızın hissləri ilə oynamaqdan, onları aldatmaqdan əl çəkərlər.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 6398