`Ana, uzağı səni şəhid anası edəcəm` – Məhəbbət Mirzəyevin həyat yolu (Sənədli film)


15:00     08 May 2017 esas49.jpg

Beyləqan rayonunun Dünyamalılar kəndi. Bu kənd ziyalıları, ictimai xadimləri ilə zaman-zaman məşhur olub. Dünyamalılar kəndinin nüfuzlu şəxslərinin adına daha biri əlavə olunub. Bu şəxs aprel döyüşlərində adını qanı ilə tarixə yazdıran şəhid Mirzəyev Məhəbbət Ədalət oğludur. Beyləqana səfərimizin də məqsədi xüsusi şücaət göstərib şəhid olmuş, Çində xüsusi təlim keçmiş bu şəhidin həyat yolunu işıqlandırmaqdır.



Femida.az şəhid Məhəbbət Mirzəyev haqqında sənədli filmi və yaşadığı kənddən hazırlanmış reportajı təqdim edir:






... Daşburun stansiyasında qatardan düşüb bizi qarşılayacaq şəxsi gözləyirik. Ətrafımda olan tanımadığım bir şəxslə qısa söhbət zamanı rayona səfərimizin məqsədinin bir şəhidin həyatından yazmaq olduğunu deyirəm. Sözüm bitməmiş həmin şəxs “ Yəqin, Məhəbbət Mirzəyevi çəkməyə gəlmisiniz. Onun adı Çinə qədər gedib çıxmışdı ” deyir. Qısa söhbət zamanı bizi qarşılamaq üçün şəhidin əmisi oğlu Firuz da gəlib çıxır...

... Daşlı - çınqıllı yollarla Dünyamalılar kəndinə yola düşürük. Məhəbbət Mirzəyevin yaşadığı evə hələ var. Fürsətdən istifadə edib yol uzunu əmisi oğlundan Məhəbbət haqqında soruşuram. O da böyük fəxrlə Məhəbbətin qəhrəmanlığından danışır. Deyir ki, Məhəbbət onların nəslinə baş ucalığı gətirən bir oğuldur. Onun xatirələri çox olsa da, danışmaqda çətinlik çəkir...






... Artıq Dünyamalılar kəndinə çatmışıq. Uzaqdan Azərbaycan bayrağının dalğalandığı bir küçə görsənir. Bu küçənin şəhid Məhəbbət Mirzəyevin yaşadığı ünvan olduğunu zənn edirəm. Zənnimdə yanılmamışam. Ara yoldan dönəndən sonra lap sonda dəmir darvazaların taybatay açıq olduğunu görəndə şəhid evinin məhz bura olduğu qənaətinə gəlirəm. Bizi qapıda şəhidin atası Ədalət dayı qarşılayır. “Xoş gəlmisiniz” dedikdən sonra qısa tanışlıq veririk. Qaşları düyünlənmiş, iti baxışlı şəhid atası nədənsə narahat görünür gözümə. Səbəbini soruşduqda deyir:





(Ədalət Mirzəyev - Şəhidin atası)


“ Məhəbbətin il mərasimi zamanı sizin kimi cavan uşaqlar da veriliş çəkdilər. Ancaq nədənsə onu yayımlamadılar. Buna görə çox narahatam. Deyirəm, birdən siz də, bunu çəkib, göstərməzsiniz...” Mənsə, cavabımda Bakıdan bura məhz onun şəhid oğlunu çəkmək üçün gəldiyimi dedikdən sonra narahat ata bir qədər özündə rahatlıq tapır.

Həyətdə bizim üçün ağacın altında açılan süfrədə davam edən tanışlıq zamanı daha bir şəxsin yaxınlaşdığını görürəm. Bu şəxs şəhidin əmisi Aydın dayıdır. Onun da bizim gəlişimizdən xoş hal olması gözlərindən duyulurdu. İlk andan Məhəbbətin necə vətənpərvər oğul olmasından fərəhlə danışır əmi.





( Aydın Mirzəyev - şəhidin əmisi)

“Məhəbbət nəslimiz fəxridir, baş ucalığıdır”, deyir... Həyətdə olan tut ağacının altında başlanan söhbətə daha bir nəfər qoşulur. Bu Məhəbbətin qardaşı Raufdur. O, mənimlə telefonda danışmışdı. Səsindən elə zənn etmişdim ki, böyük oğlandır. Qarşımda isə məktəbli bir oğlan dayanmışdı. Məni sosial şəbəkələrdən tanıdığını deyir və bizə çay gətirmək üçün evə tərəf yollanır. Bayaqdan gözüm şəhid anasını axtarırdı. O isə içəridə qonaqlar üçün hazırlıqlar görür. Açıq pəncərədən içəridə hərəkət edən qadını görəndə şəhid anası olduğunu düşünürəm. Nədənsə, bütün şəhid analarının simasında eyni ifadə var : məyusluq...

Şəhid anası Pərvanə xanım bizi hazırlanmış süfrəyə dəvət edir. Amma hələki danışmır. Susqun bir ananın gözlərində dərin bir kədər var. Susan adamdan heç nə soruşmazlar deyirlər. Mən ondan heç nə soruşmasam da, o baxışları ilə deyəcəyi çox sözü olduğunu ifadə edirdi...





(Ailəsi)

Çay süfrəsində Məhəbbətin oxuduğu orta məktəbə getmək istədiyimi deyirəm. Qardaşı Rauf deyir ki, tələsməliyik, məktəb bir azdan bağlanacaq. Özümüzü cəld məktəbə çatdırırıq.

… Əlibala Şirinov adına 1 saylı tam orta məktəbin direktoru Gülxarə müəllimə deyir ki, məktəblərinin binası köhnədir. Çəkiliş aparılmasını istəmir. Amma qəhrəman şagirdi haqqında danışmaq istədiyini də deyir. Gülxarə müəllimə Məhəbbət Mirzəyev haqqında danışarkən onun necə təşkilatçı və liderlik xüsusiyyətinə malik olduğunu da xüsusi ilə vurğulayır.




(Gülxarə Niftəliyeva -Məktəbin direktoru)


“ Məhəbbət elə uşaq idi ki, bir müəllim də olsun belə ondan narazı qalmamışdı. Çox cəld və mehriban uşaq idi” deyir müəllimi. Gülxarə müəllimə danışa-danışa gözlərini yaş tutur, qəhər bayaqdan uca səslə danışan müəllimənin səsini boğur. Araya sükut çökür... Bu sükutu o yenidən pozaraq davam edir:

“ Mən bilmirdim ki, Məhəbbət şəhid olub. Aprelin 4-də məktəbin həyətində aprel döyüşlərinə həsr olunmuş tədbir keçirirdik. Birdən gördüm ki, Məhəbbətin əmisi qızı Ayşən ağlayır. Soruşdum ki, qızım sənə nə olub? Niyə ağlayırsan? Cavabında Məhəbbətin də hərbidə olduğunu dedi. Elə bu vaxt müəllim yoldaşım da bizə yaxınlaşdı. O mənə asta səslə dedi ki, Məhəbbət artıq yoxdur...” Bu, məktəb direktorunun şəhid şagirdi haqqında son cümləsi oldu. Onun sonraki ifadəsini axıtdığı göz yaşları ifadə edirdi. Bu sadə bir müəllimənin şagirdi üçün axıtdığı göz yaşı yox, həm də bir gəncin yarımçıq bitən taleyinə acıyan bir ananın göz yaşları idi...





Direktorla söhbətimizdən sonra qəzalı vəziyyətdə olan məktəbin dəhlizinə çıxıram. Aləm bir-birinə qarışıb. Şagirdlər arasında “Məhəbbətə görə gəliblər”, pıçıltısı eşidilir. Onlar da bir vaxtlar bu məktəbin şagirdi olmuş Məhəbbətlə fəxr etdiklərini deyirlər. Bir vaxtlar Məhəbbət Mirzəyevin oturduğu sinfə baxmaq istəyirəm. Amma istəyim elə, istək olaraq da qalır. Müəllimlər həmin sinfin çox qəzalı şəkildə olduğunu deyir. Məktəbin dəhlizində gəzərkən divarda olan şəkillər diqqətimi çəkir. Şəhidlərin şəkli əks olunan lövhədə bir şəhid müəllimin də fotosu var. Uzun müddət bu məktəbdə şagirdlərə dərs deyən müəllim bu müharibənin şəhidi Zeynalov Vaqif idi. Onun şəklindən bir qədər aralıda isə Məhəbbət Mirzəyevin şəkli olan lövhə yerləşdirilmişdi. Özü də şagirdlər düzəltdiyi bir lövhə.

Bu lövhəyə tamaşa etdiyim vaxt qolumdan kiminsə yapışdığını hiss etdim. Tanışlıqdan sonra bildim ki, bu Məhəbbətə coğrafiyadan dərs demiş Vaqif müəllimdir. Onun da şagirdi haqqında deyiləsi sözləri var. Gözləri bir neçə dəfə dolub-boşalan qocaman müəllim asta səslə həmin günü xatırlayır. O günü ki, sevimli şagirdi ilə son dəfə görüşürdü.




(Vaqif müəllim)

“Martın 15 –i ömrümün sonuna kimi yadımdan çıxmayacaq. Parkda dayanmışdım. Gördüm ki, kimsə məni qucaqladı. Bu çox doğma bir insan idi... Məhəbbət idi. Mənimlə görüşməyə gəlmişdi. Çində xüsusi təlim keçdiyini və yenilməz bir hərbçi olduğunu danışırdı. Mənə deyirdi ki, elə bir kurs keçib ki, iki barmağı qalsa, belə düşmənə təslim olmaz...”

Müəllim sevimli şagirdindən danışarkən qəhər onu boğurdu. Bəlkə də ətrafdan şagirdləri onu müşahidə etməsəydi hönkürtü ilə ağlayardı.

... Vaqif müəllim indiyə kimi belə izdihamlı şəhid dəfni görmədiyini deyir. O Məhəbbət Mirzəyevin dəfni günü insan seli içərisində yaşlı bir müəllimin sözünü bu günə qədər unutmadığını söyləyir:

“ Məhəbbəti xalq çiynində, piyada aparırdı. Bizim yaşlı İslam müəllim var. Ona təklif etdim ki, piyada yox, maşınla getsin.O isə cavabında “ölsəm qoy elə şəhidin getdiyi bu yolda ölüm”, dedi”...

...Məktəblə sağollaşıb şəhidin məzarını ziyarətə gedirik. Yolüstü şəhidlər üçün ucaldılan daha bir abidəni ziyarət üçün dayanırıq. Kəndin mərkəzi olduğu üçün ətrafda olan insanlar da başımıza yığışır. Onlar da qəhrəman şəhid haqqında danışmaq istəyirlər. Yolla keçən bir məktəblidən Məhəbbət haqqında soruşuram. Cavabında deyir ki, Məhəbbət kimi şəhidlər Mübariz İbrahimovun davamçılarıdır.





“ Məhəbbəti bu kənddə kim tanımır ki? Onun qəhrəmanlığı Beyləqana baş ucalığı gətirib”, deyir məktəbli. Kənd sakinləri ilə söhbətimiz zamanı bahalı bir avtomobil dayanır. Qara eynəkdə hündür boylu bir şəxs maşından enib, topluya doğru hərəkət edir. Ancaq jurnalistlərin çəkiliş apardığını bildikdən sonra nədənsə, fikrindən daşınır. Bu şəxs Dünyamalılar kənd bələdiyyəsinin sədri Sahib Cəfərovdur. Onun narahatlığına səbəb nə olduğunu bilməsəm də, ətrafdakıların təkidindən sonra şəhid haqqında fikirlərini bildirdi.

Burada kənd sakinləri ilə qısa söhbətdən sonra şəhidin uyuduğu məzarlığa yollanırıq. Dünyamalılar kənd qəbiristanlığına çatanda şəhidlərin rəmzi olan üç rəngli bayraq şəhid məzarlarının harada olduğuna işarə edir. Məhəbbət Mirzəyevlə bərabər bu qəbiristanlıqda bir neçə şəhid uyuyub. Məzarı başında atası Ədalət dayı ilə söhbətləşirik. Onun danışmağa sözü yoxdur. Yaxud da nitqi qurumuşdu bu qəhrəman atanın. O sadəcə olaraq oğlunun yatdığı müqəddəs məzara həsrətlə baxırdı. Atasının susqunluğunu onun oğlu Rauf pozur. O Məhəbbətin keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqdan və Çində keçdiyi xüsusi kursdan danışdıqdan sonra son sözü bu olur: “Böyüyüb, qardaşımın qisasını alacam!” Bu məktəbli bir gəncin qətiyyətlə və gözünü qırpmadan dediyini bir cümlə idi. Biz də qisas hissi ilə şəhidlərin uyuduğu məzarlığı tərk edirik.






… Artıq günortadan xeyli keçib. Tələsirik. Axı, bizi evdə şəhidin anası gözləyir. Onun da deyəcəkləri var. Yol boyu şəhidin əmisi onun qəhrəmanlığından danışarkən bir qandonduran hadisəni ilk dəfə danışır. O şəhidin illər öncə özü haqqında dediyi bir məqamı belə xatırlayır:

“ Məhəbbətin şəhidlik arzusu uşaqlıqdan var idi. Hələ yeddinci sinifdə oxuyarkən bacısına demişdi ki,şəhid olacaq. Üzərinə bayraq sərəcəklər... Axır ki, arzusuna çatdı...”




... Yenidən üç rəngli bayrağın dalğalandığı küçədəyik. Uzaqdan şəhid anasının dayandığını görürüəm. Özü də əli qoynunda, sanki Məhəbbətin gəlişini gözləyirdi. Axı o bu günə kimi oğlunun yoxluğunu qəbul etmirdi. Mənimlə söhbəti zamanı Məhəbbət üçün “Allah rəhmət eləsin” kəlməsini deyən olanda əsəbləşdiyini deyir. Məğrur ana oğlunun ölməzliyi qəbul etmişdi. Gözündə kədər hökm sürən ana əslində haqlı idi. Onun oğlu da digər şəhidlər kimi ölməzlik zirvəsindədir. Pərvanə ana oğlu ilə son telefon danışığını xatırlayarkən özünü sanki günahkar bilirdi. Bunu özü birbaşa ifadə etməsə də, baxışlarından hiss etmək olurdu. Asta səslə şəhid anası Məhəbbətlə xatirələrini danışır:






“ Martın 27-də ad günüm idi. Danışmaq üçün Məhəbbətə zəng etdik. Hal-əhval tutduqdan sonra konturumuz bitdi. Aradan bir az keçmişdi ki, Məhəbbət özü bizə zəng etdi. Danışığımız yarımçıq qaldı. Atasına dedim ki, kredit götürüb ona zəng edək. Sonra fikirləşdim ki, yorğundur, birdən onu narahat edərik. Ona görə zəng etmədik. Sən demə bu bizim son danışığımız imiş...”

Göz yaşlarında boğulan ana oğlunun şəhid olma xəbərini gec bildiyini deyir. Həmin çətin günlərdə xəbərləri izləyən Pərvanə ana şəhidlər arasında Mirzəyev soyadını eşidəndə yerində donub, qalır. Amma bu onun oğlu yox, Məhəbbətin komandiri Murad Mirzəyev imiş. Ana bu xəbəri eşidəndə çox üzülür və həmin dəqiqələri belə nəql edir:

“ Mirzəyev soyadını görəndə boğazım qurudu. Elə bildim Məhəbbətdi. Sonra gördüm ki, yox, bu Murad Mirzəyevdir. Məhəbbət Murad Mirzəyevdən o qədər razılıq etmişdi ki... Onlara çox dəstək olmuşdu Murad...”





Qəhrəman ana nə biləydi ki, sonraki alacağı xəbər onun xoşbəxt dünyasını bir anlığın içərisndə zülmətə çevirəcək. Bu qara xəbəri alan ana ilk olaraq xəbərin doğruluğuna inanmır. Yəqin yuxu görür, düşünür ana...

Amma bu xəbər doğru idi. Bir neçə gün əvvəl boynunu qucaqlayıb yola saldığı oğlunu bayraqla qarşılamaq qisməti idi. Təsadüfi deyil ki, Məhəbbət Mirzəyev anası ilə son görüşü zamanı demişdi : “ Narahat olma, ana. Uzağı səni şəhid anası edəcəm.” Bir neçə gün əvvəl deyilən sözlər bu gün reallıq idi. Bu dəfə həmin sözü deyən Məhəbbət yox, hərbi komissar idi...

Cəmir bir neçə gün əvvəl oğlunun boynunu qucaqlayan ana, bu dəfə onun bayrağa bükülü tabutunu qucaqlayırdı. Aprelin 12-si səhər tezdən bayrağa bükülmüş tabut artıq həyətdə idi. İnsan seli şəhidlə vida üçün onun evinə axışırdı. Ana həyatında ilk dəfə idi ki, bu qədər insanı toplu halında görürdü. Bəli, şəhidləri müqəddəs edən bir məqam da elə budur. İnsanları birliyə çağırmaq...

Oğlu ilə son vida görüşündən danışan ana bu günə kimi onun yoxluğunu qəbul etmədiyini deyir:
“ Məhəbbəti bayrağa büküb, gətirəndə donub qalmışdım. Həyətimiz insanla dolmuşdu. Tanımadığım adamlar həyətdə dolu idi. Məhəbbət şəhid olmamışdan qabaq yuxuda gördüm ki, bir sürü it üstümə tökülüb, məni dişləyir. Bu 1 il mənim üçün sanki, bir ay kimi gəlib, keçdi. Hər gün onun gəlişini gözləyirəm. Arada çıxıb, küçə qapısına baxıram. Deyirəm, bəlkə gəlib orda dayanıb. Beləcə ümidlə günümü keçirirəm...”





Qəhrəman övlad dünyaya gətirən ana son zamanlar onunla yuxuda görüşdüyünü deyir. Son yuxusunda Məhəbbət Mirzəyev tezliklə hərbidən qayıdacağını və onlar üçün Bakıda ev alacağını deyib anasına. “Bakıda ev almaq onun ən böyük arzusu idi”, deyir, Pərvanə ana.
Onun oğlu ilə daha bir arzusu var idi. Məhəbbətə sevdiyi qız üçün elçi aparmaq. Bunun üçün artıq vaxt da seçilibmiş. Taleyin qismətindən nişana hazırlaşan ana, oğlunu izdihamla son mənzilə yola saldı.

Söhbətimizin ağır keçməsinə baxmayaraq şəhid anası sabaha çox ümidlidir. Axı onun Rauf adlı bir oğlu da var. O oğlu ki, böyüyüb qardaşının qisasını alacağını deyir.

Şəhid anası ilə söhbətimizi bitirməliyik. Artıq axşam düşür.Bakıya qayıtmaq vaxtıdır. Bütün günü bizim əziyyətimizi çəkən şəhidin əmisi oğlu Firuz da çox yorğundur. Amma o da işindən məmnundur. Şəhidin ailəsi ilə sağollaşdıqdan sonra yola düşdük. Bir də qələbə sevincini bölüşmək üçün şəhid ailəsini ziyarət etmək ümidi ilə...










Müəllif: Miri Məcidli
Operator: Əhməd Xəlilov
Montaj: Nicat Cəlilov
Səsləndirdi: Elvin Abdulqədirov

Femida.az

Açar sözlər: #Şəhid   #Məhəbbət   #Mirzəyev   #Aprel   #Döyüşlər   #Ordu   #Video    

Oxunub: 40009