Şuşa teatrının direktoru: “O aktyorları fərari adlandırıram” – MÜSAHİBƏ


18:12     08 May 2017 IMG_89736.JPG


Femida.az-ın növbəti müsahibi Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovdur.

Yadigar Muradov 1958-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1980-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla bir müddət Ağdam Dövlət Teatrında işlədikdən sonra, Şuşa Mədəni-Maarif Texnikumunda öz ixtisası üzrə dərs deməyə dəvət olunan Yadigar Muradov 1990-cı ilə qədər bu texnikumda aktyorluq ixtisasından və səhnə danışığından dərs verib. 1990-cı ildə Şuşa Dövlət Musiqili Dram Teatrı yaradılandan bu günə qədər teatrın direktorudur.

Müsahibəni oxuculara təqdim edirik:

- Şuşanı necə xatırlayırsınız?

- Şuşa yaddan çıxır ki, xatırlayaq da?! Şəxsən mən elə bilirəm ki, hazırda Şuşadayam, elə hiss edirəm, Şuşa mənim içimdədir.

- Şuşa teatrının tarixi haqqında qısa bir məlumat verərdiniz...

- Bizim yaratdığımız Şuşa teatrı 1980-ci ildən fəaliyyət göstərir. İlk dəfə Şuşa teatrının yaradılması isə 1848-ci ilə təsadüf edir. Baxmayaraq ki, rəsmi sənədlərdə Şuşa teatrının yaradılmasını 1874-cü ildən hesablayırlar. Tiflisdə çap olunan “Kafkaz” qəzetində qeyd olunur: “XIX əsrin ortalarmda Şuşanın mədəni həyatında bir canlanma duyulmaqda idi. Belə ki, 1848-ci ildə Şuşada teatr tamaşaları, sirk və müxtəlif səhnələr var idi”.

1949-cu ilə qədər Şuşada artıq Dövlət Teatrı fəaliyyət göstərirdi. Üzeyir Hacıbəyovun sağlığında teatr elə onun adını daşıyırdı. Üzeyir bəy dünyasını dəyişəndən bir neçə ay sonra, 1949-cu ildə Nazirlər Sovetinin sərəncamı ilə maliyyə problemlərinə görə Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyətinə xitam verilir. Elə həmin il Xankəndində Maksim Qorki adına Stepanakert Dövlət Dram Teatrı açıldı. Burada da erməni barmağının olduğu istisna deyil. Həmin hadisədən sonra düz 41 il Şuşada teatr olmadı. 1980-ci ildə Mədəniyyət və İncəsənət Universitetini bitirib təyinatla Ağdama göndərildim. Həftədə üç dəfə Şuşadakı Mədəni Maarif Texnikumunda aktyorluq, rejissorluq sənətindən, səhnə danışığından, rəqsdən, ritmikadan dərslər deyirdim. Müşahidə edirdim ki, Şuşada teatra ciddi maraq var. Həmin vaxt Şuşada teatr sahəsində savadlı kadrlar da var idi. Rejissor Rəbiyyə Zərdabi Altay Məmmədovun “Yadındamı” tamaşasını hazırlayırdı. Əslən Qubadlı rayonundan olan aktyor Nazim Mərdanov və Ağdam teatrından təyinatla gələn Naqil Pirimov tamaşalar hazırlayırdı. Mən özüm də tamaşalar hazırlayırdım. Adını çəkdiyim yoldaşlar və özümün ərsəyə gətirdiyim tamaşalar Şuşada teatr mühitinin canlanmasına səbəb oldu. Çox maraqlı faktdır ki, Azərbaycanın digər regionlarından fərqli olaraq Şuşada axşam tamaşalarına ailələr gəlib baxırdılar. Hətta rayonun birinci katibi də öz xanımı ilə gələr və bilet alaraq tamaşaları izləyərdi. Yay aylarında Şuşaya istirahətə gələnlər tamaşalara mütləq baxardılar. 1987-ci ildə Mədəniyyət Nazirliyindən gəlib tamaşalarımızı izlədilər. Bizim kollektivə “xalq kollektivi” adı verildi. İki dənə də ştat ayrıldı. Rejissor və rəssam ştatı. Həmin vaxta qədər təmənnasız iş görürdük. Maliyyə ayrılandan sonra isə daha çox işlədik, əlavə tamaşalar hazırladıq. Yerli idarə, müəssisə rəhbərləri bizə çox yardım edirdilər. Artıq 1990-cı ildə Nazirlər Sovetinin sədri Həsən Həsənov və Polad Bülbüloğlunun sayəsində Şuşa teatrı dövlət statusu aldı.

- Şuşada sonuncu tamaşanız hansı oldu?

- Şuşada tamaşa oldu ki?! 1990-cı ildə teatr bərpa olundu. Mədəniyyət Nazirliyi tamaşalar hazırlamaq üçün 6 ay məşq hazırlıq müddəti verdi. Bu tamaşalarla rəsmi açılış təşkil olunmalı idi. Biz 6 ay müddətində 3 tamaşa hazırladıq: Üzeyir Hacıbəyovun “Arşın mal alan”, Süleyman Əsgərovun “Özümüz bilərik” və Eldar Baxışın “Uzun Həsən” tarixi dramı. İlk iki tamaşanı mən, sonuncunu isə Eldar Mikayılov hazırlamışdı. Hər iki tamaşada baş rolu oynayırdım. Açılışı edə bilmədik. Çünki həmin vaxtlar demək olar, hər gün bir ölüm hadisəsi olurdu. Ermənilər gah maşın partladırdılar, gah da digər müxtəlif təxrtibatlara əl atırdılar. Meyitlər “Raykom”un binasının qarşısına gətirilirdi. “Raykom”un binası isə teatr binası ilə yan-yana idi. Buna görə də dövlət teatrı kimi orada bir dənə də tamaşa olmadı.

- Bəs, ilk tamaşa harada baş tutdu?

- İlk tamaşamızı köçkün düşəndən sonra, 1993-cü ilin 13 fevralında Gənc Tamaşaçılar Teatrının binasında etdik.

- Şuşanı nə vaxt tərk etdiniz?

- İşğal günü, yəni 1992-ci ilin may ayının 8-də Şuşadan çıxdıq.

- Sizinlə çiyin-çiyinə Şuşada çalışanlar Bakıya köçdükdən sonra sizinlə birlikdə çalışdılarmı?

- Bəli. Hazırda da bir çoxları ilə birlikdə işləyirik.

- Sizinlə davam etməyənlər oldumu?

- Bəli, oldu. Mən onları indi də fərari adlandırıram. Onlar döyüş bölgəsində silahı qoyub qaçan əsgərlər kimidir.

- Onlar teatrdan uzaqlaşdılar, yoxsa başqa teatrlarda fəaliyyətə başladılar?

- Hər iki yolu seçənlər oldu. Onların hamısını fərari adlandırıram.

- Şuşasız Şuşa teatrı sizin üçün nə anlam kəsb edir?

- Şuşa var, lakin müvəqqəti olaraq düşmənin nəzarətindədir. Bizim borcumuz isə Şuşasız qalsaq da, Şuşa teatrını yaşatmaq və Şuşaya teatrla qayıtmaqdır.

- Şuşadan teatra aid hansısa bir nümunə gətirə bildinizmi?

- Şuşa teatrının əməkdaşlarının böyük əksəriyyətinin şəxsi iş qovluğunu və Şuşa teatrının möhürünü gətirdik. Şuşadan bir avtobus da gətirmişdik. Sonradan həmin avtobus sıradan çıxdı və bizə yeni avtobus verildi.



- Ümumiyyətlə, Şuşa teatrının hansı özəllikləri var idi?

- Şuşa teatrının özünəməxsus cəhətləri o vaxt da var idi, indi də var, gələcəkdə də olacaq. Bizim çox mehriban kollektivimiz var. Mənim bir şüarım var: Şuşada doğulmamasına baxmayaraq, Şuşa teatrında çalışan hər bir işçini mən şuşalı hesab edirəm. Bizim əsas özəlliyimiz odur ki, bizdə musiqili teatrdır. Bizim işə götürdüyümüz adamlar mütləq musiqi alətlərində ifa etməyi bacarmalı, gözəl qiraətçi olmalıdır. Aktyorlarımızın hamısı say-seçmədir. Bizim teatrda tam demokratiya mühiti yaradılıb. Sıravi işçilərdən tutmuş rəhbərliyə qədər hamı tamaşalarla bağlı öz fikrini deyə bilir. Elə hallar olur ki, mən rejissora məsləhətlərimi verirəm. Rejissor isə lazım bilsə, mənim məsləhətlərimi nəzərə alaraq əlavələr, düzəlişlər edir. Tamaşanı hazırlayırıq, izləyici qarşısına çıxmazdan əvvəl sual veririk ki, kimin nə fikri varsa, bildirsin. Bu, ancaq bizim teatrda mövcuddur.

- Şuşadakı ənənə hazırda davam edirmi?

- Şuşa teatrının bildiyimiz ənənələri qorunub saxlanılır. Məsələn, bizim teatr nə qədər müasirləşsə də, həmişə klassik ənənələrə söykənmişik. Biz əndrabadi hərəkətlərlə, söyüşlə tamaşaçıları güldürüb-ağlatmırıq.

- Şuşa teatrı Azərbaycan incəsənətinə hansı sənətkarları bəxş edib?

- Biri mən, Yadigar Muradov. Rejissor Loğman Kərimov, hamının tanıdığı aktyor teymur Məmmədov, əməkdar artistimiz Şükufə Musayeva, teatrımızın aktyoru, musiqiçisi Azad Məmmədov və s.

- Bildiyimiz qədərilə, el şənliklərində iştirak edib əlavə qazanc əldə edirsiniz. Buradan qazandığınız məvacib sizi qane etmir, yoxsa?

- Aldığımız məvacib uzaqda parlayan bir ümid işığıdır. Ay tamam olan kimi bilirik ki, müəyyən məbləğ məvacib alacağıq. O bizim 100 faiz əminliyimizdir. Çox qazanmaq istəyən isə az yatıb əlavə işlər görə bilər. İşləmək istəyən üçün həmişə qazanc var. Mən özüm toylarda həm tamada, həm də müğənni kimi iştirak edirəm.

- Kollektiviniz neçə nəfərdən ibarətdir?

- 80 nəfərdən bir qədər çox.

- Hamısı maaş alırmı?

- Əlbəttə, bura dövlət teatrıdır, dövlət tərəfindən maliyyələşirik. Əmək haqqımız bir gün də olsun gecikmir.

- İndiki tamaşaçıların zövqünü oxşaya bilirsinizmi?

- Dünən Şuşanın işğalının 25 illiyi ilə əlaqədar “Həsrət” adlı tamaşanın premyerası idi. 5-6 dəqiqə ayaq üstə bizə əl çaldılar. Aktyor üçün bundan qürur verici məqam ola bilməzdi. Teatr həmişə zalı təəccübləndirməlidir. 40 il əvvəl oynanılan tamaşanı bugünkü tamaşaçı qəbul etmir.

2012-ci ildə TÜRKSOY çərçivəsində “Mirzə Fətəli Axundzadə ili” elan olunmuşdu. Həmin il Azərbaycanda 26 dövlət teatrı 40-dan artıq tamaşa təqdim etdilər. Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət Şöbəsi hər bir tamaşanı izlədi. Festivalın bağlanışına Şuşa teatrının hazırladığı Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” tamaşası təqdim olundu. Gənc Tamaşaçılar Teatrının binasında möhtəşəm bir bağlanış oldu. Şuşa teatrı festivalın bağlanışını etdi. Daha sonra nazir Əbülfəz Qarayev bu tamaşanı Tatarıstana, türkdilli xalqların festivalına göndərdi. Biz yollandıq Tatarıstana. Burada bütün dünyadan 68 tamaşa təqdim olundu. Münsiflər heyəti isə türkdilli xalqların tanınmış drammaturqları, dünya səviyyəli akademiklər və s. Tamaşanı mükəmməl təqdim etdik. Münsiflər hamısı bildirdi ki, bu tamaşa festivalın ən yaxşı tamaşasıdır. Yəni təəccübləndirə bildik. Deməli, teatr bütün zövqləri nəzərə almalı və tamaşalar indiki dövrün tələblərinə uyğun qurulmalıdır. Əvvəllər tamaşalar 3 saat müddətə davam edirdi. Bu gün sürət əsridir. Tamaşalar uzun müddət davam edə bilməz. Əgər tamaşaçı tamaşa gedə-gedə telefonla oynayırsa, deməli, bu, məğlubiyyətdir.

- Şuşa teatrının fəaliyyətinə mane olan problemlər, narazı qaldığınız məqamlar varmı?

- Narazı qala bilmərik. Dövlətimiz bizə hər bir şəraiti yaradıb. Prezidentin 2007-ci ildə verdiyi sərəncamla işğal olunmuş rayonlarımızın teatrları müasir standartlara uyğun olaraq təmir olunmağa başlandı. Bizim teatrın da təmiri hazırda davam etdirilir. Yəqin ki bu ilin içərisində oraya köçəcəyik. Əməyimiz dövlət tərəfindən ən yüksək səviyyədə qiymətləndirilir. Teatrımızda 3 nəfər prezident təqaüdçüsü var. 6 nəfərin fəxri adı var. Binanın təmirinə görə tamaşaları tez-tez təqdim edə bilmirik.

- Şuşaya qayıtsaz, hansı tamaşada hansı rolu oynamaq istəyərdiniz?

- Bir arzumuz var: “Arşın mal alan” tamaşası ilə Şuşa teatrı fəaliyyətə başlayıb, Şuşa azad olunan kimi yenə ilk olaraq həmin tamaşanı oynayacağıq.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3120