Kimlər psixiatriya xəstəxanasına məcburi yerləşdirilə bilər?


15:33     11 May 2017 psix.jpg

“Psixi pozuntusu olan şəxsin psixiatriya stasionarına yerləşdirilməsinə yalnız ambulator (ev şəraitində) müalicənin məqsədəuyğun olmadığı və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün stasionardankənar yardımın səmərəsiz olduğu hallarda icazə verilir”


Bunu Femida.az-a açıqlamasında vəkil Asif Abdullayev deyib.

Asif Abdullayev bildirdi ki, xəstəxanada müalicənin iki əsası var, könüllü və məcburi:

“Psixiatriya yardımı haqqında qanunun 22.1.-ci maddəsinə əsasən, psixiatriya stasionarına yerləşdirmək üçün əsas şəxsdə psixi pozuntunun olması və stasionar şəraitində müayinə və müalicə aparılması haqqında həkim-psixiatrın (həkim-psixiatr komissiyasının) rəyi, qeyri-könüllü (məcburi) hospitallaşdırma zamanı isə məhkəmənin qətnaməsidir. Qanunvericiliyə əsasən, şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi, habelə psixiatriya müəssisəsinin rəhbəri tərəfindən şəxsin yaşadığı yer üzrə və ya müəssisənin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur”.

Vəkil vurğuladı ki, psixiatriya stasionarında qeyri-könüllü müalicə aşağıdakı əsaslar olduqda təyin edilir:

- Psixi pozuntusu olan şəxsin bilavasitə özü və (və ya) ətrafdakılar üçün təhlükəli olması;

- Şəxsin psixi pozuntu nəticəsində acizliyi, yəni əsas həyatı tələbatını müstəqil təmin etmək qabiliyyətinin olmaması;

- Ağır psixi pozuntusu olan şəxsə stasionar yardımın göstərilməməsinin onun sağlamlığına qarşısıalınmaz zərər yetirməsi və müalicəsini mümkünsüz etməsi.

Asif Abdullayev psixiatriya stasionarında müayinə və müalicə olunan pasiyentin aşağıdakı hüquqlara sahib olduğunu qeyd etdi:

- Müayinə, müalicə və stasionardan çıxarılma məsələləri barədə bilavasitə psixiatriya müəssisəsinin baş həkiminə müraciət etmək və onun bu Qanunla müəyyən edilmiş hüquqlarına əməl olunmasını tələb etmək;

- Ərazinin baş psixiatrına, müvafiq icra hakimiyyəti orqanlarına, prokurorluğa, məhkəməyə və vəkilə maneəsiz müraciət etmək;

- Qanuni nümayəndəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), vəkil və din xadimi ilə təklikdə görüşmək;

- Ümumtəhsil məktəbinin proqramı, yaxud sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqram üzrə təhsil almaq.



Asif Abdullayevin sözlərinə görə, pasiyentin, habelə başqa şəxslərin sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə həkim-psixiatrın tövsiyəsi əsasında psixiatriya müəssisəsinin müdiriyyəti tərəfindən pasiyentin aşağıdakı hüquqları məhdudlaşdırıla bilər:

- Nəzarətsiz məktublaşmaq;

- Bağlama, banderol və pul baratları almaq və göndərmək, pul və digər maddi vəsaitlərdən sərbəst istifadə etmək;

- Telefondan və digər rabitə vasitələrindən istifadə etmək;

- Yaxınları ilə görüşmək.

Vəkil sonda əlavə etdi ki, psixiatriya stasionarına yerləşdirmənin səbəbləri və məqsədi, stasionardakı qaydalar və pasiyentin hüquqları pasiyentə hospitallaşdırılmadan dərhal sonra və ya pasiyentin vəziyyəti buna imkan verən kimi izah edilməli, bu barədə tibbi sənədlərdə qeyd olunmalıdır.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2803