Dövlət Xidməti: Onlar ölmüş heyvan ətlərini ört-basdır etmək istəyir

Dövlət Xidməti: Onlar ölmüş heyvan ətlərini ört-basdır etmək istəyir


22:18     12 May 2017 1494523275.jpg

Aprelin 28-də televiziya proqramlarının birində ictimaiyyətə təqdim edilmiş süjetdə fabrikin iş icraçısı kimi adı aktda qeyd edilən vergi ödəyicisi - fiziki şəxs İlham Qarayevlə “Elba” MMC-nin nümayəndəsi Səbuhi Cahangirovun fikirləri ziddiyyətli olub və biri digərini təkzib edib.



Həmin süjetdə İlham Qarayev orada onun yalnız 300 kq ətinin olmasını bildirib və qeyd edib ki, digər aşkarlanan ətlərin hamısı “Elba” MMC-yə məxsusdur.

Femida.az -a bu barədə Dövlət Baytarlıq Nəzarəti Xidmətindən bildirilib:

“Aşkarlanan ətlərdən müayinə üçün nümunələr götürülən zaman özlərini “Elba” MMC-nin nümayəndələri kimi təqdim edənlər müayinə üçün onlara da götürülən nümunənin verilməsi barədə Daşkəsən Rayon Polis Şöbəsinə müraciətləri olmamışdır. Bu barədə aktda heç bir əlavə qeyd edilməyib.

Qarayev İlham Teyyub oğlu və digərləri öz qanunsuz əməllərini, bakterioloji çirklənməyə məruz qalmış, ölmüş və ya aqoniya vəziyyətində kəsilmiş at və iribuynuzlu heyvan ətlərini ört-basdır etmək məqsədi ilə bu cür iyrənc, şər və böhtan xarakterli fikirləri mətbuat səhifələrinə çıxarmaqdan çəkinmir və insanları çaşdırmağa çalışırlar.

“Elba” MMC-yə məxsus kəsim və emalı fabrikinin soyuducu kameralarında aşkar olunan ətlərdən götürülən nümunələrin beşinin ölmüş və ya aqoniya vəziyyətində kəsilmiş at ətləri olması, digər nümunələrin isə aqoniya vəziyyətində kəsilmiş iribuynuzlu heyvan ətlərinin olması müəyyən edilib.

Həmçinin həm at ətinin, həm də iribuynuzlu heyvan ətlərinin insan sağlamlığına, səhhətinə zərər yetirən bakteriyalarla çirkləndiyi müəyyən olunub.

Laboratoriya ekspertizalarının nəticələri müvafiq araşdırmalar aparan Daşkəsən Rayon Polis Şöbəsinə göndərilib”.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, heç vaxt qərəzli mövqe tutmamış, bu günə qədər “Elba” MMC-lə və ya hər hansı qurumla heç bir qərəzli münasibətdə olmamışdır:

“Dövlət Baytarlıq Nəzarəti Xidməti haqqında yazılan bu məlumatların heç biri həqiqəti əks etdirmir, qərəzli və əsassızdır”, - deyə Xidmətin mətbuat xidmətindən qeyd edilib.

Qurum qeyd edir ki, hal-hazırda Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 548