XİN-dən Xankəndində keçiriləcək konsertə münasibət


22:23     13 Avqust 2015 1428524739_hikmet-haciyev9.jpg

“Azərbaycana qarşı təcavüz və bir milyondan artıq azərbaycanlının qanlı etnik təmizləməsinə “Dağlıq Qarabağın müstəqilliyi” adı altında saxta don geyindirərək, konsert proqramının təşkil edilməsi Ermənistanın insanlıq əleyhinə cinayət və soyqırımı əməllərinə uğursuz bəraət qazandırmaq cəhdindən başqa bir şey deyil”.


Femida.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın işğal olunmuş ərazilərində “Dağlıq Qarabağın müstəqilliyi” ilə əlaqədar keçirilməsi nəzərdə tutulan konsert proqramına münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, Cuzeppe Verdinin “Messa da Requiem”-ni konsert proqramına daxil edən təşkilatçılar bilmirlər ki, bu əsərin fəlsəfəsini əslində insan faciəsi və insanlığa qarşı pis əməllər törədənlərin sonluğu təşkil edir: “1 sentyabr tarixində Xankəndində təşkil olunacaq Verdinin “Messa da Requiem”in premyerasını yalnız faşist Almaniyası tərəfindən 1943-1944-cü illərdə bu əsərin Terezin konsentrasiya düşərgəsində məhbuslar tərəfindən 16 dəfə məcburi ifası ilə müqayisə etmək olar. Lakin Terezin konsentrasiya düşərgəsindən fərqli olaraq, Xankəndində keçiriləcək konsertdə əsl incəsənət xadimi adına yaraşmayacaq formada ucuz qonorar arxasınca qaçan və maddiyyatı mənəvi-əxlaqi dəyərlərdən üstün tutan Lyubov Kazarnovskaya və adı hallanan Yana Safonova, Vişnia Radosav, Nikola Uliveri, digərləri ifaçı rolunda çıxış edəcəklər. Bu şəxslər təəssüf ki, Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmənin təşviqində alətə çevrilirlər. Onların bu cür qanunsuz davranışları Azərbaycan ictimaiyyəti və beynəlxalq səviyyədə qınaq obyektidir. Ermənistanın tam nəzarətində olan qondarma rejimdə işçilər altı aydan artıq dövrdə cüzi məbləğli əmək haqlarını belə ala bilmədikləri və Ermənistanın özünü ciddi sosial-iqtisadi problemlər bürüdüyü halda, konsert proqramının təşkil edilməsi yalnız özünü və beynəlxalq ictimaiyyəti aldatmaqdır. Bu kimi təxribatçı əməlləri ilə Ermənistan bir daha nümayiş etdirir ki, sivil qaydada münaqişənin həlli və regionda sülh və sabitliyin bərqərar olmasında maraqlı deyil”.

Qeyd edək ki, Xankəndində “Dağlıq Qarabağın müstəqilliyi”nə həsr olunmuş konsert proqramı təşkil olunacaq. Konsert proqramının layihə müəllifi rusiyalı opera müğənnisi Lyubov Kazarnovskayadır. Layihənin ideya müəllifi və himayədarı Ermənistanın birinci xanımı Rita Sarkisyandır.

Açar sözlər:

Oxunub: 833