Ermənistan müharibəyə hazırlaşır? – Dünənki toplantının gizlinləri


16:36     25 May 2017 18685451_2294273457465476_563817266_n_1495646165_1495693940.jpg

Xəbər verdiyimiz kimi, dünən Ermənistan prezidenti Serj Sarkisyan Müdafiə Nazirliyinin rəhbər heyəti ilə görüş keçirib.


Hələlik rəsmi açıqlama verilməsə də, ehtimal olunur ki, ordu rəhbərliyinin iştirakı ilə baş tutan görüşdə Qarabağ münaqişəsi ətrafında gedən proseslər müzakirə olunub.

Ermənistan mətbuatının yaydığı məlumata görə, iclasdan sonra kadr dəyişikliyi həyata keçirilib. Mənbə bildirir ki, hərbi polisin rəisi Samvel Qukasyan vəzifəsindən azad edilib. Onun yerinə Sarkisyanın mühafizə xidmətinin rəis müavini Artur Bağdasaryanın təyin edildiyi deyilir.

Politoloqlar ötən gün baş tutan və nəticələri gizlin saxlanılan həmin görüşü Femida.az-a şərh edib.

Siyasi İnnovasiya və texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu hesab edir ki, dünənki toplantıda Emrənistan ordusundakı dərəbəylik, getdikcə artan qeyri-nizamnamə münasibətləri müzakirə olunub:

“Əslində Ermənistan ordusunun daxilindəki vəziyyət çox bərbad vəziyyətdədir. Ermənistan cəmiyyəti o qədər kriminallaşıb ki, orada prezident, parlament seçkilərini də kriminal qruplaşmalar təşkil edir. Eynilə ordu da bu qayda ilə kriminal avtoritetlər üçün bir məktəbə çevrilib. Son dövrlərdə düşmən ölkədə qeyri-hərbi itkilərin sayı hədsiz dərəcədə artıb. Ermənistan ordusunda ilin əvvəlindən bu günə qədər itkilərin sayı təqribən 50 civarındadır ki, bunların da yarıdan çoxunu qeyri-döyüş şəraitində həyatını itirənlər təşkil edir. Bütün bunlara görə Sarkisyan təcili müşavirə keçirdi. Qeyri-döyüş şəraitində baş verən itkilərə görə hərbi polis vəzifəsindən azad ediləcəyi gözlənilirdi”.

Mübariz Əhmədoğlu vurğuladı ki, düşmən ordusu kriminalların yuvasına çevrildiyi üçün başı pozuq bir dəstədir, buna görə də onlardan hər an bir təxribat gözləmək mümkündür.

Politoloq Qabil Hüseynlinin fikrincə, Ermənistan mətbuatı dünənki toplantını şişirdərək xof yaratmağa çalışır:

“Sözsüz ki, Ermənistan son vaxtlar Rusiyanın dəstəyi ilə cəbhədə fəallığını artırıb və daha tez-tez təxribata əl atır. Ermənistan faktiki olaraq müharibəyə hazırlaşdığını nümayiş etdirir. Rusiya onlara bu dəstəyi verməsəydi, Ermənistan çətin ki, danışıqlardan imtina edib təxribatlara əl atardı. Dünənki toplantının gizli keçirilməsi gözlənilən idi. Çünki söhbət hərbi müşavirədən gedir. Bu cür görüşlərdə jurnalistlər iştirak etmir. Bir az da ermənilər bundan istifadə edərək əhvali-ruhiyyəni qızışdıraraq xof yaratmaq istəyirlər. Ola bilsin ki, cəbhə bölgəsində hərbi təlimlərin keçirilməsi, yaxud da yeni silahların cəbhə xəttinə gətirilməsi ilə bağlı qərarlar qəbul olunsun.

Qabil Hüseynli onu da əlavə etdi ki, Azərbaycan xalqının əndişələnməsinə qətiyyən ehtiyac yoxdur və təmas xətti ordumuzun nəzarəti altındadır.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 11692