Generalın 80 illik yubileyi qeyd olunub - FOTO


18:55     26 May 2017 Capture80.JPG

Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında general-mayor Abbasəli Novruzovun anadan olmasının 80 illik yubileyi münasibətilə tədbir keçirilib.


DSX-nin mətbuat mərkəzindən Femida.az -a bildiriblər ki, tədbirdə ömrünün 57 ilini Vətənimizin təhlükəsizliyinin təmin olunmasına, müqəddəs sərhədlərimizin mühafizəsinə sərf edən general-mayor Abbasəli Novruzovun mənalı ömür yaşadığı, SSRİ dövründə sıravi əsgərdən polkovnik rütbəsinə qədər yüksələrək, Göytəpə Sərhəd Dəstəsində zastava rəisinin müavini vəzifəsindən Zaqafqaziya Sərhəd Dairəsinin Kəşfiyyat İdarəsi rəisinin müavini vəzifəsinə qədər şərəfli xidmət yolu keçdiyi, Əfqanıstanda Sərhəd Qoşunları üzrə baş müşavir vəzifəsində göstərilən etimadı ləyaqətlə doğrultduğu qeyd olunub.

Diqqətə çatdırılıb ki, 1994-cü il aprelin 8-də ulu öndər Heydər Əliyev Abbasəli Novruzovu yenidən xidmətə qaytararaq müstəqil Azərbaycanın Sərhəd Qoşunlarının Komandanı vəzifəsinə təyin edib. Dahi öndərin Ali Baş Komandanlığı altında general-mayor Abbasəli Novruzov dövlət sərhədlərinin təhlükəsizliyinin təmin olunması sahəsində ciddi xidmətlər göstərib.

Abbasəli Novruzov Azərbaycanın “Əməkdar hüquqşünas”ı fəxri adına və SSRİ “Dövlət Təhlükəsizlik Komitəsinin fəxri əməkdaşı” adına layiq görülüb, dövlət çevrilişi cəhdlərinin, xarici dövlətlərin pozuculuq fəaliyyətlərinin qarşısının alınmasında və sərhədlərin mühafizəsində öz xidməti borcunu şərəflə yerinə yetirdiyinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Sərhədçi veteran general-leytenant İnayət Xəlilov mərasimdə çıxış edərək Abbasəli Novruzovun ömrünü dövlətimizin və xalqımızın təhlükəsizliyinin təminatına həsr etdiyini, sərhədlərimizin etibarlı mühafizəsinin təşkili sahəsində uğurla fəaliyyət göstərdiyini bildirərək yüksək mənəvi keyfiyyətləri özündə birləşdirən əsl vətənpərvər, böyük sərhədçi nəslinə örnək və nümunə olduğunu qeyd edib.



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2017-ci il 25 may tarixli Sərəncamı ilə general-mayor Abbasəli Novruzovun Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunması xəbərini tədbir iştirakçılarına çatdıran Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev bu münasibətlə general-mayor Abbasəli Novruzovu təbrik edib, “Şöhrət” ordenini və vəsiqəsini yubilyara təqdim edərək təbriklərini çatdırıb.

General-mayor Abbasəli Novruzov çıxış edərək xidmətinə verilən yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə öz minnətdarlığını bildirib, tədbirdə söylənilən xoş sözlərə görə təşəkkür edib.

Tədbirdən sonra general-mayor Abbasəli Novruzov ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, Azərbaycan Sərhəd Mühafizəsinin banisi olmuş Heydər Əliyev şəxsiyyətinin uca xatirəsinə öz dərin hörmət və ehtiramını bildirib.


Femida.az

Açar sözlər:

Oxunub: 4471